Uşaq hüquqlarına, uşağın həyatına, inkişafı, təhsili və tərbiyəsinə qayğı bu gün ümumbəşəri problemə çevrilmişdir. Son dövrlərdə uşaq hüquqlarına dair bir sıra beynəlxalq miqyaslı sənədlər qəbul edilmişdir:
Millətlər Liqası çərçivəsində uşaq hüquqlarına dair Cenevrə bəyənnaməsi – 1924.
1948-ci il – BMT Baş Assambleyası insan hüquqları barədə ümumi bəyənnamə təsdiq edir.
1959-cu il - Uşaq hüquqları BəyənnaməSi qəbul edilir.
1989-cu il - Uşaq hüquqları barədə BMT Konvensiyası qəbul edilir.
Bəyənnamə (lat. – declaration – elan, bildiriş) tövsiyyə xarakteri daşıyır, məcburi qüvvəyə malik deyildir. Burada əsas prinsiplər, proqram qaydalar verilir.
Konvensiya (lat. convetion – müqavilə) – hər hansı mühüm məsələ barədə ona qoşulan ölkələr üçün məcburi xarakter daşıyan beynəlxalq razılaşmadır.
BMT Konvensiyası uşaq hüquqları barədə Bəyənnamənin əsas müddəalarını konkretləşdirdi və bura qoşulan dövlətlər üçün uşaqlara münasibətdə məsuliyyətlər müəyyən etdi. Konvensiyanın uşaqların hüquqlarını təmin edəcək qaydaları bunlardır: yaşamaq, inkişaf, qorunmaq və ictimai həyatda fəal iştirak etmək. Konvensiya ən yüksək pedaqoji əhəmiyyətli sənəddir.
Maddə 8. İştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər.
Maddə 12. İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüquqları ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir.
Maddə 13. Uşağın öz fikrini sərbəst ifadə etmək hüququ vardır, bu hüquqa sərhədlərdən asılı olmayaraq, hər cür informasiyanı və ideyaları şifahi, yazılı və ya çap edilmiş formada, incəsənət əsərləri formasında və ya istədiyi digər vasitələrin köməyi ilə axtarmaq, almaq və ötürmək azadlığı daxildir.