Bərabərlik. Reallaşdırılması çətin olan ziddiyyətli prinsipdir. Burada tərəflərin müxtəlif xarakterlərə, qabiliyyətlərə, intellektə, psixi proseslərə, sosial şərtlərə malik olmaları da mühüm rol oynayır. Bütün bunlar həm şagirdlərin öz aralarında həm də onlarla müəllimlər arasında bərabərlik yaradılması işini çətinləşdirir. Bu ziddiyyətin də aradan qaldırılmasında ümumi maraqların tapılması, birgə yaradıcılıq mühüm rol oynaya bilər. Hər kəsin yaradıcı qabiliyyətindən düzgün istifadəni müəyyən etməklə, ümumi işdə hamının bərabər iştirakını təmin etmək çıxış yolu ola bilər.
Təlim – tərbiyə prosesinin humanistləşdirilməsinin ikinci tərkib hissəsi humanist tərbiyədir. Humanist tərbiyə təlim və təhsillə sıx əlaqədardır. Şəxsiyyətyönümlü humanist tərbiyə şəxsiyyətin mədəni müəyyənliyi, sosial adaptasiyası və yaradıcı özünütəqdimi birləşdirən, pedaqoji baxımdan idarəolunan bir prosesdir. Bu prosesin gedişi zamanı uşaqların cəmiyyət həyatına, mədəni aləmə daxil olması, onun bütün yaradıcı imkan və qabiliyyətlərinin inkişafı baş verir. Bu prosesin əsas mexanizmi şəxsiyyətin özünü fəallığıdır. Bu zaman müəllimlər, valideynlər, uşaqların tərbiyəsi, sağlamlığı ilə əlaqədar olan hər bir şəxs öz köməyini əsirgəmir.
Məktəbəqədər və kiçik məktəbyaşı dövründə humanist tərbiyə uşağın sağlamlığını qorumaq, onun təbii imkan və qabiliyyətlərini inkişaf etdirmək, insanlarla ilkin ünsiyyət vərdişlərinə yiyələndirmək xarakteri daşıyır.
Yeniyetməlik dövründə humanist tərbiyə şəxsiyyətin intensiv fiziki və sosial yetkinliyi şəklində, milli mədəniyyətə yiyələnmə prosesinin başlanğıcı xarakteri daşıyır.
Böyük məktəbyaşı dövründə tərbiyənin humanistləşdirilməsi şəxsiyyətin mənəvi-əxlaqi yetkinliyi, cəmiyyət həyatına şüurlu daxilolma, həyat yolunun müəyyənləşməsi xarakteri daşıyır.
Təhsilin humanistləşdirilməsi təlim-tərbiyənin məzmunu, formaları və metodlarının müəyyənləşdirilməsinə istiqamətləndirilir. Təhsilin humanistləşdirilməsinin reallaşdırılması üçün üç şərtə əməl olunmalıdır:
müəllim yüksək əxlaqi və intellektual keyfiyyətlərə malik olmalıdır;
şagirdləri maraqlandıracaq təlim materialının təqdimatını həyata keçirə biləcək yeni təlim texnologiyalarından istifadə edilməlidir;
şagirdləri özünütəhsilə, özünütərbiyəyə, özünüinkişafa stimullaşdıran yeni tərbiyə texnologiyalarından istifadə edilməlidir.