1. Arşakilər sülaləsinin hakimiyyəti dövrü (I əsrin ortalarından 510-cu ilə qədər). Moisey Kalankatlının «Alban tarixi» əsərində Arşaki nəslindən olan 10 hökmdarın adı çəkilmişdir.
2. Sasani mərzbanlığı dövrü (510-629).
3. Mehranilər sülaləsinin hakimiyyəti dövrü (630-705).
Albaniyanın ilk arşaki hökmdarı I Qoçaq Vaçaqan ölkənin bütün vilayətlərini birləşdirdi və mərkəzləşmiş dövlət yaratdı. III−V əsrlərdə Albaniya artıq mərkəzləşmiş feodal dövlət oldu. Bu dövlətdə hökmdar ölkənin qanunvericisi, baş hakimi, hərbi qüvvələrin baş komandanı idi. III-V əsrlərdə Albaniyada da feodal münasibətləri bərqərar olmuşdu. Bu dövrdə alban hökmdarı I Vaçaqan (215-255) Albaniya vilayətlərini vahid mərkəzdə birləşdirdi. Lakin 260-cı ildə Sasani şahı I Şapurun (241-272) Roma ordusunu məğlub etdi. I Şapurun 262-ci ildə Nəqşi-Rüstəmdəki məbəd divarında həkk etdirdiyi yazıda Sasanilər dövlətinə daxil olan ölkələr arasında Atropatena ilə yanaşı, Albaniyavə onun vilayəti olan Balasakanın da adı çəkilir. O zamanlar Kür və Araz çaylarının qovuşduğu əraziləriBalasakan adlandırırdılar. Başqa mənbələrdə Balasakan ərazisi Paytakaran, yaxud Belaqan (Beylaqan) adlanırdı. Onun əsas əhalisi saklardan ibarət idi. Alban hökmdarı Urnayr (313-371) İran şahı II Şapurun müttəfiqi kimi Sasani-Roma müharibələrində iştirak etmiş, 359-cu ildə Amid və 371-ci ildəki Dzirav döyüşlərində Sasanilərin tərəfində döyüşmüşdü. 359-cu ildə Sasani və Roma arasında baş vermiş Amid döyüşündə Albaniyanın işğal olunmuş Arsak, Marlar ölkəsi (Naxçıvan) və Kaspiana vilayətləri geri alındı. Sasani qoşunları Ağrıdağ vilayətini tutdular. Amid döyüşü II Şapurun qələbəsi ilə başa çatdı. 371-ci ildə Roma-Sasanilər arasında baş verən Dzirav döyüşünündə albanlar Sasanilərlə müttəfiq kimi roma qoşunlarına məğlub oldu, nəticədə Albaniya Uti, Sakasen, Girdiman vadisi və Kolt vilayətlərini itirmişdi. 387-ci ildə Roma-Sasanilər arasında sülhünə görə, Albaniya Sasanilərin nüfuz dairəsinə aid edildi və onun itirilmiş torpaqları geri qaytarıldı (Albaniya, Uti, Sakasen, Girdiman vadisi və Kolt). Yesuagenin (424-444) dövründə Alban əlifbası yenidən işlənib hazırlanmış və məktəb şəbəkəsi genişlənmişdi. O, Sasani hökmdarı II Yezdəgirdin bacısı ilə evlənmişdi. 444-cu ildə atası Yesuageni əvəz etmiş II Vaçe (444-463) Bərdə (Partav) şəhərini saldırdı, paytaxtı Qəbələdən ora köçürdü. II Vaçenin dövründə Albaniyanın hərbi - siyasi və beynəlxalq vəziyyəti çox gərgin olmuşdur. Bu, Sasani hökmdarı II Yezdəgerdin (438 - 457) Cənubi Qafqazla bağlı siyasətini hədsiz dərəcədə sərtləşdirməsi ilə bağlı idi. Sasanilər Xəzər sahilləri boyunca bütöv bir müdafiə tikililəri silsiləsinin (Beşbarmaq, Gilgüçay və alınmaz Dərbənd) salınması işlərinə çoxlu Alban əhalisini cəlb edirdilər. Bu zaman əhali əsas məşğuliyyətindən ayrıldığından, ölkənin təsərrüfat həyatına ağır ziyan dəyirdi. Bu işlər üçün Alban əhalisindən çoxlu vergi də toplanırdı. Sasanilər ölkənin ən mühüm strateji bölgələrinə fars dilli əhali köçürüb yerləşdirirdilər və onlar yerli Alban əhalisinin hesabına ən yaxşı torpaqlarla təmin olunurdular. Bu yolla sasanilər etnik dayaq yaratmağa çalışırdılar. II Yezdəgir 450-ci ildə Alban, İber hökmdarlarını və digər hakimləri paytaxt şəhəri Ktesifona çağıraraq onlara zorla zərdüştlüyü qəbul etdirmişdi. Onların arasında Alban hökmdarı və Yezdəgirdin bacısı oğlu II Vaçe də var idi. Sasani hökmdarı zərdüştlüyü Cənubi Qafqazda yaymaq üçün 700 kahin göndərmişdi və onlardan 300-ü Albaniya üçün nəzərdə tutulmuşdu. Sasanilərin həyata keçirdiyi köçürmə, vergi və dini siyasət Azərbaycanda və ona qonşu olan ölkələrdə tez-tez üsyanların baş verməsinə səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə birlikdə sasanilərə qarşı yönəlmiş 450-ci il üsyanına Alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal döyüşündə üsyançılar sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar. 457-ci ildə II Yezdəgirdin ölümü ilə II Vaçe zərdüştlükdən imtina edərək xristianlıq məzhəbinə qayıtmış və həmin il Vaçe İrana qarşı mübarizə ilə başlamışdı. O özü 457-463-cü illərdəki azadlıq hərəkatına başçılıq etdi. Bu hərəkatı yatıran Sasanilər Albaniyanı təxminən 30 il (463-493) ərzində hökmdara malik olmaq hüququndan məhrum etdilər. Həmin dövrdə ölkə Sasani canişini - mərzban tərəfindən idarə olunurdu. Lakin 481-484-cü illərdə Albaniya, İberiya və başqa bölgələrdə sasanilərə qarşı baş vermiş üsyan qələbə ilə başa çatdı. 485-ci ildə üsyançılarla Sasani hökmdarı Valaş arasında bağlanmış Nvarsak müqaviləsinə görə Albaniya daxili müstəqil idarəetmə hüququ qazanmışdı. 487-ci ildə alban taxtına alban Arşaki sülaləsinin son nümayəndəsiIII Mömin Vaçaqan (487-510-cu illər, 493-cü ildə bütün Albaniyaya hakim olur) çıxdı. Onun hakimiyyət dövrü Albaniyanın siyasi və mədəni-dini dirçəlişi kimi səciyyələndirilə bilər. O, əvvəlcə ölkədə dini birliyə nail olmağa çalışdı və 488-ci ildə Aquendə (indiki Ağdam) kilsə məclisi çağırdı. Həmin kilsə məclisində mühüm qərarlar qəbul edildi. Aquen məclisinin qərarları erkən orta əsrlər Albaniyası haqqında dövrümüzə gəlib çatmış yeganə tarixi-hüquqi sənəddir. Onun əsasında müxtəlif ictimai təbəqələrin sosial və hüquqi münasibətləri haqqında təsəvvür əldə etmək mümkündür. III Vaçaqan Aquen məclisini Albaniyanın müstəqilliyinin möhkəmləndirilməsi üçün müstəqil alban kilsəsinin dayaqlarını gücləndirmək məqsədi ilə çağırmışdı. III Vaçaqan əhaliyə zorla xristianlığı qəbul etdirirdi. Bütpərəstlər, atəşpərəstlər və başqa etiqad sahibləri təqib olunurdular. Xristianlığı təbliğ edən məktəblər açılır, məbədlər tikilirdi. III Vaçaqandan sonra 510-cu ildən etibarən Albaniya yenə Sasani mərzbanları tərəfindən idarə olundu. Alban Arşakiləri dövründə Albaniyanın siyasi quruluşunu mərkəzləşdirilmiş feodal dövləti kimi xarakterizə etmək olar. 510-628-ci illərdə Bütün Cənubi Qafqaz ölkələri kimi, Albaniya da Şimal canişinliyinin, Adurbadaqan – Azərbaycan da adlandırılan Qafqaz mərzbanlığının tərkibinə daxil edildi. Hələ eramızın ilk əsrlərində Albaniyada ilk xristian icmaları yaranmışdı. Bu zaman xristianlığı Qüdsdən, Suriyadan gələnlər yayırdı. Həvari (apostol) dövrü kimi tanınan bu dövr IV əsrə qədər davam etmişdir. İkinci (yunanpərəst) mərhələ 313-cü ildə Umayrın xristianlığı dövlət dini elan etməsi ilə başlayır. Umayr monoteist (təktanrılı) din olan xristianlığın köməyi ilə alban dövlətini daha da gücləndirməyə və zərdüştiliyin yayılmasının qarşısını almağa çalışırdı. Onun varisləri də həmin siyasəti davam etdirməyə çalışmışdılar. Bununla belə, Albaniya ərazisində xristianlıqla yanaşı, zərdüştiliyin, bütpərəstliyin və başqa dinlərin də ardıcılları var idi. III əsrdə Sasani dövlətində Mani adlı şəxsin əsasını qoyduğu təlim və hərəkat geniş yayılmışdı. Bütün dinləri vahid bir dinlə əvəz etmək istəyən Mani öz təlimində bəzi dinlərin elementlərini birləşdirməyə çalışmışdı. Mani təlimi bir çox dini cərəyanlara, həmçinin V-VI əsrlərdə yayılmış məzdəkilər hərəkatına güclü təsir etmişdi. V əsrin sonlarında Məzdək tərəfindən əsası qoyulmuş hərəkat hər hansı şəxsi mülkiyyətin inkar edilməsinə, bərabərliyin təbliğ edilməsinə yönəlmişdi. Məzdəkilər (481-529) maniçilərdən fərqli olaraq, xeyirin şər üzərində qələbəsinə inanırdılar.