4) AXC-nin xarici siyasəti və beynəlxalq vəziyyəti: “İstiqlal bəyannaməsi”nin 3-cü bəndində AXC-nin xarici siyasətinin əsas prinsipi kimi beynəlxalq birliyin bütün üzvləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələrin qurulması, həmsərhəd dövlətlərlə qonşuluq münasibətlərinin yaradılması nəzərdə tutulmuşdu. AXC-nin qurulduğu ilk dövrlərdə xarici siyasətin qarşısında, ilk növbədə, dövlətin suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin olunması vəzifələri dururdu. Qonşu dövlətlər ilə münasibətlər: Türkiyə hökuməti 4 iyun 1918-ci ildə Batumda Gürcüstan və Ermənistanla da müqavilələr bağlayaraq onların da müstəqilliyini tanımışdı. 1918-ci ilin mayında Cənubi Qafqazda yeni yaranmış 3 milli dövlətin hüdudlarının dəqiqləşdirilməsinin mürəkkəbliyi səbəbindən onların arasında mübahisəli ərazilər problemi meydana çıxdı. AXC-nin Rusiya, Gürcüstan və Ermənistanla mübahisəli əraziləri var idi. Əksər hallarda bu problemin ikitərəfli danışıqlar yolu ilə həlli mümkün olmadığı üçün sərhəd toqquşmalarına səbəb olurdu. Bu isə milli dövlətlərin istiqlaliyyətinin möhkəmlənməsinə və iqtisadiyyatının sabit inkişafına ciddi maneçilik törədirdi. Gürcüstan Respublikası Almaniyanın himayəsinə keçmək haqqında saziş imzaladıqdan sonra Osmanlı dövləti Almaniyanın Cənubi Qafqazda təsirinin artmasının qarşısını almaq məqsədilə öz protektoratlığı altında Azərbaycan və Ermənistan respublikalarından ibarət federasiyanın yaradılmasına çalışırdı. Ermənistanın bir dövlət kimi təşəkkül tapması üçün siyasi-inzibati mərkəzə ehtiyacı var idi. Ermənilərin belə bir mərkəz kimi nəzərdə tutduğu Gümrü (Aleksandropol) şəhəri Osmanlı qoşunlarının nəzarəti altında idi və komandanlıq bunu hərbi zərurət kimi izah edirdi. Azərbaycan Milli Şurasının 1918-ci il 29 mayda keçirilən iclasında iştirak edənlərin əksəriyyəti İrəvan şəhərinin Ermənistana paytaxt qismində verilməsi haqqında qərarı “qaçılmaz acı bir həqiqət” və “tarixi zərurət” kimi qiymətləndirirdi. Milli Şuranın üzvləri Vətənin bir hissəsinin itirilməsi faktının ölkə əhalisində hakimiyyətə qarşı müəyyən inamsızlıq yarada biləcəyini dərk etsələr də, Osmanlı dövlətinin göstərdiyi yardımın AXC-nin təşəkkülü üçün həyati vacib məsələ olduğuna əmin idilər. Beləliklə, 29 may 1918-ci il Azərbaycan torpaqlarında qədim türk şəhəri İrəvan paytaxt olmaqla, Ermənistan respublikası yaradıldı. Onun ərazisi cəmi 10 min kv/km idi. Türkiyə hökuməti Cənubi Qafqazda kiçik və zəif Ermənistan dövləti yaratmaqla, "erməni məsələsini" birdəfəlik həll edəcəyinə və bununla da bölgədə daimi sülh yaranacağına ümid bəsləyirdi. Ermənilər isə onlara dövlət yaratmağa imkan verən Osmanlı və Azərbaycan türklərinə minnətdar olmaq əvəzinə, Ermənistan respublikasında yaşayan türk-müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcəyinə, onların öz ana dilində təhsil almasına, dini ibadətlərini sərbəst şəkildə yerinə yetirməsinə şərait yaradılacağına dair üzərlərinə götürdükləri öhdəliklərin heç birinə əməl etmədilər.Əsas hücum hədəfi kimi Azərbaycanın Zəngəzur, Göyçə, Naxçıvan və Qarabağ bölgələri seçilmişdi. 1918-ci ilin yayında və payızında Ermənistan hökumətinin göstərişi ilə Andranikin quldur dəstələri dövlət sərhədlərini pozdu. Zəngəzur, Naxçıvan və Qarabağ bölgələrində dinc əhaliyə qarşı kütləvi soyqırımı törətdi, 200 yaxın Azərbaycan kəndini məhv etdi. 100 mindən çox türk-müsəlman əhalisi öz doğma yurdlarından didərgin salındı. 1918-ci ildə Qarabağda qətliam törədən Andranikin qüvvələrinə qarşı hərbi həmlələrə hazırlıqlar 6 oktyabrda başa çatdı. 8-9 oktyabrda isə düşmən tamamilə məğlubiyyətə uğradıldı. Andranik qaçdı.
Qafqazda münaqişələri nizama salmaq və əməkdaşlığı inkişaf etdirmək məqsədilə 1918–1920-ci illərdə Azərbaycan, Gürcüstan, Ermənistan respublikaları arasında Qafqaz konfransları keçirildi. 1918-ci ilin noyabrındaTiflisdətoplanan ilk konfrans dekabrda Borçalı, Ahılkələk qəzaları və Lori rayonu barəsində mübahisələrin kəskinləşməsi ilə bağlı baş vermiş Ermənistan–Gürcüstan müharibəsi səbəbindən baş tutmadı. 1919-cu ilin aprel-iyun aylarında Tiflisdə keçirilən II konfransda F.Xoyskinin başçılıq etdiyi AXC nümayəndə heyəti Qafqaz xalqlarının sıx ittifaqının yaradılması təklifini irəli sürdü. 1919-cu il 16 iyununda Gürcüstan Respublikası ilə hərbi ittifaq bağlayan AXC 1919-cu ilin dekabrındaBakıda keçirilən Azərbaycan–Ermənistan konfransında Cənubi Qafqaz respublikalarının konfederasiyasının yaradılmasını təklif etdi. 1920-ci il aprelin əvvəllərində Tiflisdə toplanmış yeni konfransın müzakirəsinə çıxarılan bu məsələ barəsində müsbət qərarın qəbulu mümkün olmadı.
Erməni təcavüzünə qarşı 1919-cu il 15 yanvardaŞuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarındanibarətQarabağ general-qubernatorluğuyaratdı. Xosrov bəy Sultanov general-qubernator təyin edildi.