Taxıl və un məhsullarının gigiyenası Taxıl və un. Əhalinin qida rasionunun 50%-dən çoxu taxıl məhsullarının
payına düşür. Taxıl məhsulları karbohidratların (50%-ə qədər), bitki zülalının (30-
40%), həmçinin B qrup vitaminlərin və mineral duzların əsas mənbəyidir.
Taxılın və unun keyfiyyətinin aşağı düşməsi, onda mikroorqanizmlərin
(bakteriyaların, mikroskopik göbələklərin) inkişafı, alaq qatışıqlarının olması,
həmçinin anbar zərərvericiləri ilə əlaqədar ola bilər. Saxlanma şəraitinin pozulması
(saxlanma yerində havanın temperaturunun və nəmliyinin artması) taxılda və onun
emal məhsullarında (un, yarma, çörək-bulka məmulatlarında) mikroorqanizmlərin
və onların toksinlərinin intensiv inkişafı üçün əlverişli şərait yaradır.
Bu toksinlərlə yoluxmuş qidanı qəbul etdikdə, qida zəhərlənmələri –
mikotoksikozlar baş verə bilər. İnsan üçün ən çox patogen Fusarium göbələk
cinsinin törətdiyi çovdar mahmızı və sürmə xəstə-liyidir. Çovdar mahmızının
taxılda 0,5% qatışığına yol verilir. Unda sürmənin miqdarı 0,6%-dən yuxarı
olmamalıdır. Mikotoksikozlar Aspergillus, Penicillium mikroskopik göbələk
cinslərinin metabolitləri ilə yoluxmuş, aflatoksinlər və digər zəhərli maddələr
toplanmış taxılı və onun emal məhsullarını istifadə etdikdə də baş verə bilər.
Aflatoksinlərlə çirklənmiş müxtəlif dənli bitkilərin qatışığı olan yemlərlə
heyvanların (hinduşka, cücə, buzov) kütləvi zəhərlənmələri çox qorxuludur.
Qidanın aflatoksinlərlə çirklənməsi insanda müxtəlif formalı zəhərlənmələr
əmələ gətirə bilər.
Dənli bitkiləri sanitar cəhətdən qiymətləndirərkən, qida zəhərlənmələrinə
səbəb olan zəhərli alaq qatışıqlarının miqdarını nəzərə alırlar. Belə qatışıqlara
qaramuq, safoa, vyazel və başqaları aiddir (0,04%-dən çox olmayaraq).
Unda metal qatışıqlarının miqdarı 1kq-a 3mq, metal hissəciklərin ölçüsü
0,3mm, ayrı-ayrı hissəciklərin kütləsi isə 0,4mq-dan çox olmamalıdır. Əgər unda
qum qatışığı aşkar edilibsə, o satışa yaramır. Bütün növ unların nəmliyi 15%-dən
artıq olmamalıdır.