2. Temperatur amili - Bu müxtəlif ekstremal vəziyyətlər zamanı törənən amildir.
Temperatur çox kəskin surətdə qalxanda yanğınlar meydana gəlir, aşağı düşəndə istilik və su sistemləri
donur, nəqliyyat və bəzi müəssisələr öz işini dayandırmağa məcbur olurlar. Yüksək temperaturun təsiri
orqanizmin qızması (hipertermiya) ilə müşayiət olunur. Bundan başqa müxtəlif termiki zədələnmələr
də meydana gəlir. Aşağı temperatur insan orqanizminə təsiri nəticəsində hipotermiya və donmalar
əmələ gəlir.
3. İonlaşdırıcı şüalar -
Radiasiya təhlükəli obyektlərdə qəza yaxud dağıntılar nəticəsində
insanların, heyvanların və bitkilərin kütləvi radiasiya zədələnmələrinə və ərazinin RM-lə çirklənməsinə
səbəb ola bilən elmi, sənaye yaxud müdafiə obyektlərinə radiasiya təhlükəli obyektlər deyilir. Atom
elektrik stansiyaları (AES), uran mədənləri, nüvə silahı istehsalı, sınağı və tətbiqi sahələri radiasiya
təhlükəki obyektlər sırasına daxildir. Bu amil obyektlərdə qəzalar olduqda, nüvə döyüş sursatlarının
partlayışlarında, ionlaşdırıcı şüa mənbələri (ionlaşdırıcı şüaları buraxan, yaxud buraxmağa malik olan
qurğular, yaxud radioaktiv maddələr) ilə işləyən zaman texnoloji proseslərin pozulması və texniki
təhlükəsizlik qaydalarına riayət edilmədiyi hallarda meydana gəlir.
İnsanlar bilavasitə ionlaşdırıcı şüa mənbələrində işləyən zaman yaxud RM-lə çirklənmiş ərazidə
olduqda zədələnmələr baş verir. Birinci halda xarici şüalanmaya, ikinci halda isə həm xarici həm də
daxili şüalanmaya məruz qalırlar. Radioaktiv maddələr hava, su və qida ilə orqanizmə daxil olaraq
orada daha böyük təhlükə mənbəyinə çevrilirlər.
İonlaşdırıcı şüaların təsir dərəcəsi insan orqanizminin aldığı dozanın miqdarı ilə müəyyən
olunur. Onun ölçü vahidi radian və Qreydir. 1 qrey= 100 radiandır.
İonlaşdırıcı şüaların orqanizmə təsiri (hopmuş dozanın miqdarı 1 Qrey və ondan artıq olduğu
halda) nəticəsində kəskin şüa xəstəliyi meydana gəlir.