Mədə və nazik bağırsağın rentgenoloji müayinəyə hazırlanması-müayinədən 2-3 gün əvvəl
xəstənin pəhrizindən qaz əmələ gətirən ərzaqlar çıxarılır (qara çörək, kartof, süd, kələm, turp, paxlalılar və
s. ) . müayinədən bir gün əvvəl xəstə axşam saat 18-də yüngül şam edir, bundan sonra ona yemək, içmək
və dərman qəbul etmək qadağa olunur. Saat 20-də xəstəyə 30 q gənəgərçək yağı içirdilir, 3 saat sonra isə
təmizləyici imalə qoyulur. Səhər müayinədən 2 saat əvvəl yenidən təmizləyici imalə qoyulur və xəstə
rentgenoloji müayinəyə göndərilir. Müayinədən əvvəl xəstəyə su içmək, siqaret çəkmək olmaz! Xəstənin
mədəsində acqarına maye toplanmış olarsa, zond vasitəsilə çıxardılmalıdır. Bağırsaqlarda qaz toplanması
halında isə müayinədən 30 dəq əvvəl yenidən imalə qoyulur.
Öd kisəsi və öd yollarının müayinəsinə hazırlıq-Xolesistoqrafiyadan əvvəl 2 gün ərzində xəstə
tərkibində kobud bitki lifləri olmayan, meteorizm əmələ gətirməyən yüngül qidalar qəbul edir. Bağırsaqlar
imalə ilə təmizlənir. Müayinədən əvvəlki gün xəstə saat 16-da yemək yeyir, axşam imalə olunur. Kontrast
maddə (1,5-3 q xolevid) xüsusi sxem üzrə rentgenoqrafiyadan 12-14 saat əvvəl yeridilir. Səhər
müayinədən 2-3 saat əvvəl yenidən imalə olunur, xəstə özü ilə rentgenoloji kabinetə 2 çiy yumurta gətirir.
Venadaxili xolesistoqrafiyada əvvəlcə xəstənin kontrast maddəyə həssaslığı yoxlanılır-v/d 1-2 ml
20%-li biliqnost məhlulu yeridilir. Dəridə səpgilər, qaşınma, temperaturun yüksəlməsi müşahidə olunarsa
müayinədən imtina edilir. Reaksiya olmazsa xəstəyə v/d isidilmiş, 30-40 ml 30%-li biliqnost məhlulu
yavaş-yavaş yeridilir. 10-15 dəq sonra rentgenoqrammada öd axarları görünməyə başlayır. 45 dəq sonra
isə öd kisəsi dolmağa başlayır.
Yoğun bağırsağın müayinəsi-yoğun bağırsağın rentgenoloji müayinəsi imalə ilə barium-sulfat
məhlulunun yeridilməsi ilə, və ya mədənin rentgenoloji müayinəsindən bir sutka sonra, barium-sulfat
məhlulu bağırsaqlara dolandan sonra aparılır. Ikinci halda xəstəyə tapşırırlar ki, müayinəyə bağırsaqların
boşaldılması hissi yaranan zaman gəlsin. Bu halda bağırsaqların peristaltikasını artırmaq məqsədilə
xəstəyə səhər yeməyi verilir, 2 saat sonra müayinə aparılır.
Kor bağırsağı müayinə etmək üçün xəstəyə gecə saat 3-də barium horrası (200 q barium-sulfat+ 1 st
su) içirdilir, 7-8 saat sonra xəstə müayinə olunur.