Neft və qaz yataqlarının hidrodinamiki səraitinin təyini.Uzun müddətli neft, qaz, su hasilatının nəticəsində lay təzyiqi və temperaturu, laylarda sulaşma prosesi, qaz amilinin enməsi və digər proseslər gedir. İşlənilməni rasional başa çatdırmaq üçün belə dəyişmələri özündə əks etdirən yatağın cari hidrodinamiki vəziyyəti haqqında məlumatlar əldə edilməlidir. Bu məlumatlar isə həmin yatağın dəqiqləşdirilmiş geoloji quruluşu ilə uzlaşdırılmalıdır. Bu tələbatı yerinə yetirmək üçün aşağıdakı tədqiqatlar aparılmalıdır:
- işlənilmənin əvvəlindən cari dövrədək yataqdan hasil edilmiş neft, su və qaz hasilatlarının (illik və toplanmış) qiymətlərinin xüsusi xəritə, qrafik və cədvəllərində təsviri;
- yataqda suların hərəkət istiqamətlərini və intensivliyini göstərən xəritələrin tərtibi. Suların mənşəyinin (ətraf, daban, tektonik və sair) təyin edilməsi və bu prosesin ehtiyatların mənimsənilməsinə təsirinin tədqiqi.
Qeyd etmək lazımdır ki, bu məlumatlara istinadən quyularda təcrid (izolə) işləri, sürətli neftçıxarma üsulu və digər tədbirlərin həyata keçirilməsi haqqında qərarlar qəbul edilə bilər.
Neft yataqlarının işlənilməsinin son dövründə onlarda yaranmış hidrodinamiki durumu bəzən digər laylardan maye axını da mürəkkəbləşdirə bilər. Təcrübələr göstərir ki, işlənilmənin ilk dövrlərində ayrılmış və sərbəst istismar edilən qonşu laylar arasında sonralar hidrodinamiki əlaqə yarana bilər. Mədənin kəsilişində maye axını, aralıq gil laylarının təcrid qabiliyyətinin dəyişməsi ilə, tektonik qırılma və kəmər arxası yollarla baş verir. Bu proses isə yataqların hidrodinamiki inkişaf qanunauyğunluqlarını pozur. Odur ki, onun təzahürü və inkişaf xüsusiyyətləri tədqiq olunmalı və işlənilmənin gələcək dövrləri üçün müvafiq qərarlar qəbul edilməlidir.
Quyu fondundan istifadə üsulları. Neft yataqlarının işlənilmə təcrübəsindən məlumdur ki, neftçıxarma prosesinin son mərhələsi çox hallarda seyrək quyu şəbəkəsi ilə həyata keçirilir. Belə olduqda quyu fonduna diqqətlə yanaşmaq, işlək və vurucu quyuların öz funksiyalarını tam yerinə yetirməsinə nail olmaq lazımdır. Hər şeydən əvvəl işlək quyuların sayını və planda yerlərini nəzərə almaqla ehtiyatların mənimsənilməsində onların nə dərəcədə iştirak etməsi müəyyənləşdirilməlidir. Dərsliyin əvvəlki bölmələrində quyu şəbəkəsinin sıxlığının neftverməyə təsiri məsələsi ətraflı şərh edilmişdir. Odur ki, işlənilmənin son dövrlərində zəif lay təzyiqi və kəskin sulaşma şəraitində quyu şəbəkəsinin sıxlaşdırılması məsələsi aktualdır. Nəzərə almaq lazımdır ki, bu zaman yeni quyular qazılmır və ya az qazılır. Ona görə də mövcud quyu fondundan effektli istifadə edilməlidir. Bu məqsədlə aşağıdakı üsullardan istifadə edilə bilər:
- bir quyu ilə iki və ya daha çox layın eyni vaxtda birgə işlənilməsi;
- iki və ya daha çox layın birləşdirilərək bir istismar obyektinə çevrilməsi;
- yatağın neftlilik sahəsinin işlənilməyə aktiv cəlb edilməsinə imkan verən
- horizontal quyuların qazılması və istismarı;
- quyuların bir laydan digərinə qaytarılma əməliyyatı;
- işlək quyularda mövcud süzgəcin uzunluğunun artırılması və ya onun
təkrar perforasiyası;
- işlək quyularda axın məhdudluğunu aradan qaldırmaq üçün quyudibi
zonaya təsir üsullarının tətbiqi;
- mədənin fondunda olan quyuların funksiyalarının dəyişdirilməsi (işlək
fonddan vurucu fonda keçirilməsi və ya əksinə).
Yataqların işlənilmə prosesinin tənzimlənməsi. İşlənilmənin son mərhələsində yataqların geoloji quruluşunun dəqiqləşdirilməsi, ehtiyatlarının həcminin və paylanılma areallarının müəyyən edilməsi bu ehtiyatların maksimum realizəsini təmin etmək üçün müvafiq tədbirlərin əsaslandırılmasına imkan verir. Təklif olunmuş tədbirlərin həyata keçirilməsi son nəticədə qalıq ehtiyatların rasional realizəsini təmin etməlidir. Burada ilk növbədə tətbiq olunan işlənilmə sistemlərinin aktiv tənzimlənməsi nəzərdə tutulmalıdır. Cari dövrdə qalıq neft ehtiyatlarının həcmini, layın sulaşma dərəcəsini, lay təzyiqini və sair nəzərə almaqla hər bir işlək quyu üçün istismar rejimi təyin olunmalıdır. Suvurma prosesinin cari işlənilmə prosesinə göstərdiyi təsir öyrənilməlidir. Lazımi hallarda vurucu quyularda suyun həcminin dəyişdirilməsi və ya digər quyuların (o cümlədən, işlək fonddan) vurucu quyu fonduna keçirilməsi nəzərdə tutulmalıdır. Su-neft konturunun hərəkət intensivliyinə müvafiq olaraq, işlək quyularda gündəlik neft və su hasilatlarının tənzimlənməsi həyata keçirilməlidir. Burada hər hansı bir sulaşmış quyunun dayandırılması, digər quyularda isə hasilatın artırılması nəzərdə tutula bilər. Bütün hallarda istismar quyularında qum tıxacı və duzəmələgəlmə təzahürləri nəzərdə tutulmalıdır. Belə ki, onların intensivliyi quyularda istismar prosesini çətinləşdirə bilər.
İşlənilmənin son mərhələsində laya təsir üsulları, o cümlədən, layların neftverimini artıran üsulların tətbiqi onların müvafiq geoloji şəraitlərində tətbiq olunmalıdır.
Neft yataqlarının işlənilməsini aktiv tənzimləmək üçün üç ölçülü geoloji-dinamik modellər yaradılmalı və bu sistemdə gedən dəyişmələr həmin modeldə öz əksini tapmalıdır.
Yataqların işlənilməsinin son mərhələsində tətbiq olunan kompleks tədbirlər onların işlənilmə dinamikasında öz əksini tapır. Hər bir yataqda ehtiyatın həcmindən, quyuların sayından, suvurmanın intensivliyindən və sair asılı olaraq neft, su, qaz hasilatının dinamikası müəyyən bir səviyyədə aparılmalıdır. Bu səviyyə isə optimal olmalıdır: yatağın imkanları və iqtisadi göstəriciləri əsasında optimal gündəlik, aylıq və illik neft, qaz və su hasilatlarının norması əsaslandırılmalıdır. Onların vaxt etibarı ilə dəyişmə dərəcələrini qiymətləndirmək üçün Şuxartın nəzarət xəritələrindən istifadə edilərsə, birmənalı cavablar alınar. Bu üsulun neftçıxarma dinamikasının bilavasitə gedişində tətbiq imkanları, konkret olaraq aşağıdakı suallara cavab verməyə imkan verir: neft və su hasilatının dinamikasının tənzimlənmə zonalarında yerləşməsi (yəni neftçıxarma prosesinin optimal aparılması), bu göstəricilərin verilmiş sərhədlərdən çıxma halları və onların səbəbləri.
Qaz yataqlarının işlənilməsinin son mərhələsində bir sıra xüsusiyyətləri nəzərə almaqla tədqiqat istiqamətləri neft yatağında olduğu kimidir.
Neft və qaz yataqlarının işlənilməsinin son mərhələsində qalıq ehtiyatların maksimum mənimsənilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərinin müvəffəqiyyətini yataqların işlənilməsindən əldə edilən kompleks məlumatların dolğunluğu və keyfiyyəti əsaslı surətdə müəyyənləşdirir. Odur ki, işlək, vurucu və yeni qazılan quyulardan geoloji-geofiziki məlumatların alınma tarixləri müəyyən olunmalı, nümunələr xüsusi laboratoriyalarda tədqiq olunmalıdır. Alınan nəticələr hərtərəfli araşdırılmalıdır ki, bu da konkret yatağın işlənilməsinin cari vəziyyətinin qiymətləndirilməsində və proqnoz məsələlərinin həllində istifadə edilə bilər.