Avtomobilin etibarlığı – istismar göstəricilərini verilən hədlərdə, tələb olunan vaxt intervalı və ya yürüş ərzində, verilmiş istismar şəraitində saxlayaraq öz funksiyasını yerinə yetirmə xüsusiyyətinə deyilir. Avtomobilin etibarlığı onun keyfiyyəti ilə sıx əlaqədardır.
Avtomobilin keyfiyyəti– onun təyinatı üzrə istifadə edilməsi üçün yararlığını təyin edən xüsusiyyətlər yığınına deyilir.
Avtomobilin keyfiyyətini xarakterizə edən istismar xüsusiyyətlərinə misal olaraq dinamikliyi, idarə olunma qabiliyyətini, yanacaq qənaətliyini, dəyanətliyi, manevr etmə qabiliyyətini və s. göstərmək olar.
Avtomobilin imtinasızlığı– avtomobilin müəyyən vaxt və ya yürüş ərzində iş qabiliyyətini fasiləsiz saxlama xüsusiyyətinə deyilir.
İmtinasızlığın əsas göstəricilərinə imtinasız işləmə ehtimalı, imtinaya qədər orta yürüş, bərpa olunmayan elementlər üçün imtinalar intensivliyi və bərpa olunan elementlər üçün imtinalar axının parametri və s. aid edilir.
Avtomobilin ömüruzunluğu – iş qabiliyyətinin texniki qulluq və təmir aparmaq üçün lazım olan fasilə ilə həddi vəziyyətinə qədər saxlama xüsusiyyətinə deyilir.
Avtomobilin həddi vəziyyəti onun baza detallarının yeyilmə dərəcəsi ilə, istismar xüsusiyyətlərinin və səmərəlilik göstəricilərinin azalması ilə təyin edilir.
Avtomobilin ömüruzunluq göstəricilərinə orta resurs, orta xidmət müddəti və qamma faizli resurs aid edilir.
Avtomobilin saxlanma qabiliyyəti – texniki sənədlərdə göstərilən istismar göstəricilərini nəql etmə və saxlanma müddətləri ərzində və sonra qoruyub saxlama xüsusiyyətinə deyilir.
Avtomobilin saxlanma qabiliyyəti imtinasızlıq göstəriciləri ilə xarakterizə edilir.
Avtomobilin təmirəyararlığı– imtina və nasazlıqların texniki qulluq və təmir aparmaqla baş vermə səbəblərini aşkar etməyə və aradan qaldırmağa imkan vermə xüsusiyyətinə deyilir.
İmtinaların aradan qaldırılması dedikdə, avtomobilin iş qabiliyyətinin bərpası nəzərdə tutulur.
Təmirəyararlığ göstəricilərinə aşağıdakılar aiddir: orta bərpa müddəti, bərpalar axınının parametri, verilən vaxt ərzində bərpa olunma ehtimalı, hazırlıq əmsalı, texniki istifadə əmsalı və imtinaların mürəkkəblik əmsalı.