Birbaşa satışın formaları. Məhsulların birbaşa satışı, daha çox istehsal-texniki təyinatlı məhsulların (sənaye məhsulları) bazarında tətbiq edilir.
Birbaşa satışın ən geniş yayılmış formaları bunlardır: a) müəssisənin satış bölməsi və ya ticarət nümayəndələri, b) istehsalçının firma-mağazası vasitəsilə, c) kataloqlarla, d) poçtla, e) telemarketinqlə, f) internetlə satışdır.
Müəssisənin satış bölməsi və ya ticarət nümayəndələri vasitəsilə satışda məhsullar istehsalçının anbarından birbaşa istehlakçılara göndərilir. Birbaşa satışın bu formasında istehsalçı ilə istehlakçı arasında birbaşa ünsiyyət yaranır və onlar məhsulun spesifikasiyasını və göndərmə şərtlərini razılaşdıra, meydana çıxan problemləri operativ həll edə bilirlər.
Bir sıra müəssisələr məhsullarının satışını özlərinə məxsus olan firma mağazaları vasitəsilə həyata keçirirlər. Birbaşa satışın bu formasının tətbiqi istehsalçılara məhsulun əlyetərliliyini artırmaqla və satışla əlaqədar olan xərclərin səviyyəsini azaltmağa imkan verməklə yanaşı, həm də onlar üçün yüksək mənfəətlilik səviyyəsi təmin edir.
Birbaşa satışın geniş yayılmış formalarından biri də kataloqlarla satışdır. Satışın bu formasında istehsalçı müəssisələr istehsal etdikləri məhsulları tam təsvir edən, onların tətbiqi xüsusiyyətlərini, ilkin qiymətlərini, sifarişin verilməsi qaydasını və s. xarakterizə edən kataloqlar hazırlayır və onları potensial alıcılara göndərirlər. Bəzi hallarda isə bu kataloqlar müvafiq mağazalarda və ya qəzet köşkləri vasitəsilə satılır.
Kataloqlarla satış əyalətlərdə yaşayan alıcılar üçün daha münasibdir. Kataloqlarla satış alıcıya almaq istədiyi məhsulu birbaşa evindən sifariş etməyə imkan verdiyindən onu mağazaya getməkdən və bununla əlaqədar olan xərclərdən azad edir, həmçinin ona vaxtına qənaət eməyə imkan verir.
Məhsulların birbaşa satışının digər forması poçtla satışdır. Satışın bu formasında məhsulu xarakterizə edən informasiya materialları (broşuralar, bukletlər, reklam materialları və s.), hətta bəzi hallarda məhsulun nümunəsi qabaqcadan tərtib edilmiş göndəriş siyahılarına uyğun olaraq birbaşa alıcıların poçt və ya elektron ünvanına göndərilir. Digər satış formalarından fərqli olaraq poçtla satış ünvanlı xarakter daşıyır.
Son illərdə məhsulların birbaşa satışında telemarketinqdən geniş istifadə edilir. Telemarketinq marketinq tədbirlərinin və məhsulun satışının həyata keçirilməsində istifadə edilən müxtəlif telekommunikasiya və informasiya texnologiyalarının məcmusudur.
Marketinqə aid ədəbiyyatda telemarketinqin iki forması: giriş və çıxış telemarketinq forması göstərilir. Giriş telemarketinqi dedikdə, alıcının telefon vasitəsilə satıcıya, çıxış telemarketinqi dedikdə, isə satıcının müxtəlif telekommunikasiya vasitələrilə alıcıya müraciət etməsi başa düşülür.
Müəssisələr İnternetlə satışı həyata keçirmək məqsədilə özlərinin web-saytlarını (www - World Wide Vid Web) yaradır və həmin saytlarda özlərinin məhsullarına və istifadəçiləri maraqlandıra biləcək müxtəlif məsələlərə dair informasiya yerləşdirirlər. Yaradılan saytlar onlayn (online) rejimində işləyir, yəni sayt istənilən istifadəçinin istənilən vaxt ona müraciət edə bilməsi üçün daima əlyetərlidir. Buna görə də, internetlə satışı bəzən onlayn-ticarəti də adlandırırlar.
İnternet həm satıcılar, həm də alıcılar üçün çox əlverişlidir. Onun həm satıcı, həm də alıcı üçün başlıca üstünlüyü web saytlarda yazılı mətnlərlə yanaşı qrafik təsvirlərin yerəlşdirilməsi imkanının mövcud olmasıdır. Bunun sayəsində satıcı öz məhsulunu alıcıya daha ətraflı təqdim edə bilir, alıcı isə məhsulun bütün tərəflərini vizual rejimdə nəzərdən keçirə bilir.
Bundan əlavə internetin alıcı üçün aşağıdakı üstünlükləri vardır:
1. Alıcı istənilən günün istənilən vaxtı evindən və ya ofisdən kənara çıxmadan internetə daxil olub ona lazım olan məhsul və onun satıcısı haqqında ətraflı məlumat ala və onu sifariş edə bilər. Bununla internet alıcını satış məntəqəsinə getmək qayğısından və onunla əlaqədar olan xərclərdən, həmçinin əlavə vaxt itkisindən azad edir. Deməli, internet həm də alıcının asudə vaxtının artırılması funksiyasını yerinə yetirir.
2. Alıcı rəqib məhsulların texniki-istismar xüsusiyyətlərini və keyfiyyətini, qiymətini, ödəniş şərtlərini və s. xüsusiyyətlərini müqayisə edə bilir, həmin məhsulları yoxlaya bilir. Bundan başqa, internet səhifəsində məhsulun vizual təsviri verildiyindən alıcı məhsulların görünüşünü, dizaynını və s. əyani surətdə görə bilir və rəqib məhsulları bu göstəricilərə görə müqayisə edə bilir. Beləliklə, istehlakçı kataloqlar və telemarketinqlə satışa nisbətən daha əsaslandırılmış qərar qəbul etmək imkanı əldə edir.
3. Alıcı müxtəlif məhsulları müəyyən parametrlərinə görə uyğunlaşdırmaq imkanı əldə edir. Məsələn, mənzilin interyeri və ya mənzilin divarlarının rəngilə mebelin rəngini, bluzkanı yubka ilə uyğunlaşdırmağa və s. imkanı verir.
4. İnternet şəxsi görüşlər zamanı meydana çıxan psixoloji maneələri aradan qaldırır və satınalma prosesini asanlaşdırır.
İnternetlə satışın satıcı üçün üstünlüklərinə aşağıdakılar aiddir:
1. İnternetlə satış ticarət nümayəndələri vasitəsilə və kataloqla satışa nisbətən xeyli ucuz başa gəlir.
2. İnternet satıcıya alıcı ilə dialoqa girməyə, onlara müxtəlif məlumatlar verməyə və onunla əks əlaqə yaratmağa imkan yaradır. Bunun sayəsində isə satıcı ilə alıcı arasında qarşılıqlı xoş münasibət yaranır.
3. İnternet satıcıya onun web saytına və ya web səhifəsinə müraciət edən alıcıların qeydiyyatını və onların məhsul sifariş verib-verməməsini müəyyənləşdirməyə imkan verir. Deməli, satıcı onun təkliflərinə alıcının reaksiyasını ölçmək və fəaliyyətin effektliliyini qiymətləndirmək imkanı əldə edir.
4. Məhsulu xarakterizə edən informasiyanı tez və operativ surətdə yeniləşdirmək mümkündür. Bu halda kataloqlarla satışda olduğu kimi kataloqları yenidən çap etmək lazım gəlmir. Deməli, internetlə satışda alıcılara informasiyanın verilməsi kataloqlara satışa nisbətən ucuz başa gəlir.
5. Məhsul sifariş edən və yaxud satıcı ilə əlaqə yaradan alıcı haqqında informasiyanı eyni vaxtda istehlakçıların məlumat bazasına daxil etmək mümkün olduğundan onun yeniləşdirilməsi avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Bu, məlumatlar bazasını yeniləşdirməyə imkan verməklə yanaşı məlumatların işlənməsi xərclərini xeyli azaldır. Bu, həm də əmtəə-nəqliyyat qaimələrinin, ödəniş sənədlərinin və məhsulun yola salınması üçün zəruri olan digər sənədlərin hazırlanmasını da avtomatlaşdırmağa imkan verir.
İnternetlə satışın göstərilən üstünlükləri ilə yanaşı bir sıra çatışmazlıqları da vardır. Birincisi, kompyüterlə təmin olunma səviyyəsi aşağı olan ölkələrin istehlakçıları satışın bu formasının imkanlarından istifadə edə bilmir və deməli, onun potensial istehlakçıları əhatəetmə səviyyəsi kataloqlarla satışa nisbətən xeyli aşağıdır. İkincisi, alıcıları onların kredit kartlarına aid olan informasıyanın oğurlanması narahat edir.
Dostları ilə paylaş: |