Dəmiryolu nəqliyyatı yükdaşımaların həcminə görə nəqliyyat növləri arasında ikinci yeri tutur.
Dəmiryolu nəqliyyatı uzaq məsafələrə iri partiyalarla yük daşımalarda daha effektlidir. Avtomobil nəqliyyatı ilə müqayisədə dəmiryolu nəqliyyatı ilə daşımaların maya dəyəri xeyli aşağıdır və ətraf mühitə daha az ziyan vurur. Bu nəqliyyat növündən əksər məhsulların, xüsusən də metal və metal məmulatlarının, meşə materiallarının, neft və neft məhsullarının, maşın və mexanizmlərinin daşınmasından istifadə edilir.
Lakin dəmiryolu nəqliyyatı ilə daşımanın orta sürəti və tezliyi, həmçinin daşımanın etibarlılığı avtomobil nəqliyyatına nisbətən xeyli aşağıdır. Çünki, bir istiqamətə bir qatar təşkil etmək üçün yüklər günlərlə yük həyətlərində gözləməli olur. Bu isə məhsulların təyinat məntəqəsinə çatdırılma vaxtının uzanmasına səbəb olur. Bundan başqa, məhsulgöndərən müəssisənin və (və ya) alıcının dalan dəmiryolu olmadıqda əlavə yükləmə-boşaltma əməliyyatlarına tələbat meydana çıxır və məhsul itkisi (məhsulların zədələnməsi, xarab və məhv olması) yaranır. Bu isə nəqliyyat xərclərinin səviyyəsini yüksəldir və daşımanın effektliliyini aşağı salır.
Su nəqliyyatı ən ucuz nəqliyyat növüdür. Bu nəqliyyat növü uzaq məsafələrə, ən böyük partiyalarla ucuz və tez xarab olmayan məhsulların daşınması üçün daha əlverişlidir. Su nəqliyyatından ən çox beynəlxalq, xüsusən də quru sərhədi olmayan ölkələrarası yükdaşımalarda istifadə edilir.
Su nəqliyyatının aşağıdakı çatışmazlıqları mövcuddur:
- yükdaşıma marşrutları həddən artıq məhduddur;
- yükdaşımalar hava şəraitindən asılıdır;
- daşıma sürəti çox aşağıdır;
- yüklərin təyinat limanına vaxtında çatdırılması etibarlılığı çox aşağıdır;
- yüklərin istehsalçıdan birbaşa istehlakçıya çatdırılması mümkün olmadığından ən azı iki dəfə əlavə yükləmə-boşaltma həyata keçirilir və bu səbəbdən həm nəqliyyat xərclərinin səviyyəsi, həm də məhsulların itkisinin həcmi artır.
Ölkəmizdə boru kəməri nəqliyyatı daşımaları xüsusi çəkisinə görə üçüncü yeri tutur. Boru kəməri nəqliyyatından əsasən maye və qaz halında olan yüklərin (neft və neft məhsullarının, maye qazın, bəzi kimyəvi maddələrin) daşınmasında istifadə edilir. Bu nəqliyyat növü ilə daşımalar avtomobil və dəmiryoluna nisbətən xeyli ucuz başa gəlir, onun etibarlılığı və sürəti yüksəkdir, həmçinin ətraf mühitə, demək olar ki, ziyan vurmur. Lakin, həm bu nəqliyyat növü ilə daşınan məhsulların çeşidi, həm də daşınma marşrutu məhduddur. Bundan başqa, boru kəmərinin çəkilişi çox böyük məbləğdə investisiya qoyuluşları və çox vaxt tələb edir. Məsələn, uzunluğu 1678 km. olan Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin tikintisi 4,5 ilə və 3,95 mlrd. $ başa gəlmişdir.
Hava nəqliyyatı ən sürətli nəqliyyat növüdür, məhsulların qısa vaxt ərzində göndəriş məntəqəsindən təyinat məntəqəsinə çatdırılmasını təmin edir. Məhsulların xarab olması riski xeyli aşağıdır. Buna görə də, əsasən, tez xarab olan məhsulların və təcili yüklərin daşınmasında geniş tətbiq edilir. Bu nəqliyyat növü yüklərin ən uzaq məsafələrə daşınmasına imkan verir.
Lakin, hava nəqliyyatı ilə daşıma tariflərinin həcmi bütün nəqliyyat növlərilə daşımalarla müqayisədə çox yüksəkdir. Belə ki, hava yolu ilə daşımalar avtomobil nəqliyyatına nisbətən 2 dəfə, dəmiryolu nəqliyyatına nisbətən 15 dəfə baha başa gəlir [1, s. 515]. Bundan başqa, su nəqliyyatında olduğu kimi, hava nəqliyyatı ilə daşımaların marşrutları məhduddur, hava şəraitindən asılıdır və məhsulların istehsalçıdan birbaşa istehlakçıya çatdırılması mümkün deyildir. Bütün bunlar isə daşıma xərclərinin səviyyəsinin yüksəlməsinə və məhsulların vaxtında çatdırılması etibarlılığının azalmasına gətirib çıxarır.
Satış kanalı iştirakçıları nəqliyyat növünün seçilməsi zamanı 1) yüklərin istehsal məntəqəsindən istehlak məntəqəsinə çatdırlması müddətini; 2) çatdırılma qrafikinə əməl edilməsini; 3) nəqliyyat vasitəsinin müxtəlif növ yükləri daşıma imkanını; 4) müxtəlif istiqamətlərə yük daşıma imkanını və 5) daşıma xərclərinin səviyyəsini nəzərə almalıdırlar.
Əksər hallarda məhsulların istehsalçıdan birbaşa istehlakçıya çatdırılması mümkün olmadığından yükdaşımalarda bir neçə nəqliyyat növündən (məsələn, dəmir yolu və avtomobil nəqliyyatı, yaxud su, dəmir yolu və avtomobil nəqliyyatı) eyni zamanda istifadə edilir. Bununla əlaqədar olaraq, nəqletmə üzrə qərarların qəbulu prosesində məhsulgöndərənlərin qarşısında duran vacib problemlərdən biri də yük daşımalarda iştirak edən müxtəlif nəqliyyat növlərinin işinin əlaqələndirilməsidir. Bu nəqliyyat növlərinin işi elə təşkil edilməlidir ki, nəqliyyat vasitələrinin yükləmə-boşaltma əməliyyatları zamanı boş dayanması, yükləmə-boşaltma xərclərinin səviyyəsi və məhsulların itkisi minimuma endirilsin. Yükdaşımalarda konteynerlərdən, yük paddonlarından və açılıb-yığılan yük paketlərindən istifadə edilməsi, həmçinin qatarların birbaşa gəmilərə yüklənməsi də müxtəlif nəqliyyat növlərinin işini yüksək səviyyədə əlaqələndirməyə imkan verir.
Satış prosesinin fasiləsizliyini və istehlakçıları zəruri çeşiddə və miqdarda məhsullarla təmin etmək üçün satış kanalının hər bir iştirakçısı müəyyən miqdar və çeşiddə məhsul ehtiyatına malik olmalı və onların saxlanmasını təşkil etməlidirlər. Bundan başqa, məhsulların daşınmasında bir neçə nəqliyyat növündən istifadə edildikdə aralıq məntəqələrdə onların müvəqqəti saxlanması təmin edilməlidir. Bununla əlaqədar olaraq satış kanalının hər bir iştirakçısı zəruri anbar sahələrinə tələbatlarını müəyyən etməli, onların harada yerləşdirilməsinə və məhsulların anbarlaşdırılmasına dair qərarlar qəbul etməlidir.
Dostları ilə paylaş: |