M hazir nin plan Firmaya neoklassik yana ma Firman n institut
2. Firmanın institutsional nəzəriyyəsi və modelləri Firmanın institutsional nəzəriyyəsi. Neoklassik yanaşmadan fərqli olaraq, institutsional nəzəriyyə iqtisadi təşkilat olan firmanın daxilində baş verən prosesləri başlıca məsələ kimi diqqət mərkəzinə gətirdi. Bu yanaşmaya əsasən firma istehsal prosesinin iştirakçıları (firmanın sahibləri, idarə edənləri, işçiləri, tədarükçüləri və s.) arasında olan qarşılıqlı faydalı sazişlərin (müqavilələrin) məcmusudur (dəstidir). Sövdələşmələr uğurla baş tutduqda müqavilələr alınır. Müqavilələr hüquqların ötürülməsini nəzərdə tutur. Müqavilələrin olduğu hər yerdə münaqişələrin olması ehtimalı yaranır ki, bu da müqavilələrə əməl edilməsinin, yəni hüquqların qorunmasının təmin edilməsi zəruriliyini meydana gətirir. Hüquqların ötürülməsi və qorunması ilə bağlı yaranan xərclər isə transaksiya xərcləri adlanır. Firmanın institutsional nəzəriyyəsində iqtisadi təhlilin əsas aləti məhz transaksiya xərcləridir (transaksiya – latıncatransactio – saziş, sövdələşmədeməkdir). Bu, firmanın daxilində formalaşan qarşılıqlı münasibətləri və baş verən prosesləri müşahidə etməyə, yəni “qara qutu”nun daxilini nəzərdən keçirməklə firmanın əsil mahiyyətini ortaya qoymağa imkan verir. Bu nəzəriyyənin yaradıcıları R.Kouz və O. Vilyamson hesab olunurlar. Hal-hazırda bu yanaşma yeni institutsional nəzəriyyə çərçivəsində firmanın təbiətinin izah edilməsində həlledicidir.
Neoinstitutsional yanaşma daha çox firmanın kontrakt modeli ilə tanınır. Bu yanaşmaya əsasən cəmiyyətdəki institutlar firmanın fəaliyyətinə təsir göstərir, biznes üçün qaydalar və şərait yaradır və bununla da biznesin sabitliyi və təhlükəsizliyini təmin edir. Burada firma formal institut (təşkilat) kimi, bazar isə qeyri-formal institut kimi qəbul olunur. Firma - bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya qurluşlu təşkilatdır. Bazar iqtisadi sistemi sövdələşmə iştirakçıları arasında resursların (daha doğrusu, resurslar üzərində mülkiyyət hüquqlarının) könüllü qarşılıqlı faydalı mübadilə vasitısiylə bir-birlərinə ötürülməsinə əsaslanır. Resursların ötürülməsi müqavilələr əsasında baş verir, lakin bu müqavilələr natamam xarakter daşıdığından onların əməl edilməsini nəzarətdə saxlamaq lazım gəlir. Firma çətin əldə olunan və natamam informasiya mühitində fəaliyyət göstərir, informasiyanın natamamlığı firmanın bazar davranışlarına təsir göstərir. Potensial tərəfdaş haqqında informasiyanın axtarılması, toplanması və qiymətləndirilməsi, danışıqların aparılması və müqavilələrin bağlanması, habelə belə müqavilələrə əməl edilməsinə nəzarətin təmin edilməsi zəruriliyi transaksiya xərcləri doğurur. Məlum olduğu kimi, neoklassik nəzəriyyədə transaksiya xərcləri araşdırılmırdı, yəni 0-a (sıfıra) bərabər qəbul edilirdi. İnstitutsionalizm isə müqavilələrin yaranmasını və onların yerinə yetirilməsini firma üçün həlledici məsələ hesab edir. Belə xərclər firmanın həyatında getdikcə daha mühüm rola malik olduğundan, bu yanaşma transaksiya xərclərinə qənaəti firmanın məqsədi kimi görür. Bu nəzəriyyəyə görə, firma həm də cəlb edilmiş resurs sahibləri arasında olan münasibətlər məcmusunu əks etdirir.
Burada firmanın böyüməsi də transaksiya xərclərinə qənaət cəhdləri ilə izah olunur. R.Kouz firmanın yaranmasının və böyüməsinin izahını belə verir: firmanın təşkilati formasının və ölçüsünün seçilməsi zamanı transaksiya xərclərinə qənaət düşüncəsi həlledici olur. Onun fikrincə, hər bir təsərrüfat subyekti istehsal prosesini təşkil etmək üçün bazardan mal və xidmətləri əldə edərkən belə bir sualla üzləşir: bu mal və xidmətləri onun özünün istehsal etməsi daha yaxşı və ucuz olar yoxsa onları hazır almaq üçün xərc çəkmək? Məlum olduğu kimi, bazarda resursların bölgüsü qiymət siqnalları əsasında baş verir, firmada isə resursların bölünməsi inzibati yolla baş tutur. Buna görə də firma çərçivəsində informasiya axtarışına çəkilən xərclərə qənaət olunur, hər dəfə yeni müqavilələr bağlamaq zərurəti aradan qalxır, işgüzar əlaqələr isə dayanıqlı xarakter alır – bununla da transaksiya xərclərinə qənaət olunur. R.Kouz bu yanaşmanı bazar mexanizminin (sərbəst qiymət mexanizminin) xərclərinin mövcudluğu ilə izah edir. Təşkilatın yaradılması və sahibkara resursları idarə etmək hüququnun (səlahiyyətinin) verilməsi bazar mexanizminin müəyyən xərclərinə qənaət etməyə imkan verir. Bu halda sahibkar istehsal resurslarını bazar sövdələşmələri ilə müqayisədə daha ucuz əldə etməklə istehsaldakı funksiyalarını daha az xərclərlə yerinə yetirir. R.Kouz firmanı bazarın alternativi kimi görür, çünki firma daxilində sərbəst qiymət mexanizmi sıradan çıxır, inzibati bölgü mexanizmi tətbiq olunur.
Firmanın neoinstitutsional yanaşmasının yeniliyi bundadır ki, firma daxilində əmək bölgüsünün üstünlükləri ilə yanaşı firmanın böyüməsi sərhədləri də dəqiq müəyyən edilir: firmada sahibkarın (habelə onu idarə edənlərin) hakimiyyətinin sərhədləri müqavilələrlə müəyyən edilir; müqavilədə mal və xidmətlərin tədarükçüsünün fəaliyyətini təyin edən sərhədlər də yazılır, amma detallı olaraq onun fəaliyyəti sonradan alıcının reaksiyası vasitəsilə müəyyən olunur. Buna görə də müqavilələr çərçivəsində resurslaırn yerləşdirilməsi alıcıdan asılı vəziyyətə düşür. Belə vəziyyətdə uzunmüddətli müqavilələrə üstünlük verilir.
Sonradan O.Vilyamson1 bu nəzəriyyəni daha da dərinləşdirdi. Onun “Kapitalizmin iqtisadi institutları” əsəri transaksiya yanaşmasının əsil ensiklopediyası hesab olunur. O.Vilyamson hesab edir ki, sahibkar bu və ya digər məhsulu özünün istehsal etməsi yaxud bazardan alması ilə bağlı qərar verərkən opportunist davranışlardan yaranan təhlükələr və bunların aradan qaldırılması zəruriliyindən yaranan xərcləri də nəzərə almalıdır.
R.Kouzla müqayisədə O.Vilyamson danışıqlaırn aparılması və sazişlərə yenidən baxılması ilə əlaqəli xərclərin daha detallı müəyyənliyini verdi. Onun yanaşmasının bünövrəsində duran ideya belədir: i) sazişlər natamamlığı, ii) iqtisadi agentlərin məhdud rasionallığı və iii) saziş tipinin və uyğun sövdələşmə üsulunun seçilməsi zamanı spesifik aktivlərin xüsusi rola malik olması.
Bildiyimiz kimi, ram rasionallıq prinsipi (neoklassik nəzəriyyə) bazar iştirakçılarının tam və doğru informasiyaya malik olmasına, onların işgüzar etika çərçivələrini gözləməsinə əsaslanır. Lakin real həyatda bazar iştirakçısı olan iqtisadi agentlər, bir qayda olaraq, məhdud rasionallıq və məhdud informasiya şəraitində fəaliyyət göstərir, onlar müntəzəm surətdə toqquşan qarşılıqlı maraqlara malik olurlar ki, bu da onları opportunist davranışlara təhrik edə bilir. Belə davranış zamanı iştirakçılar öz faydalarını işgüzar etikanın müəyyən qədər pozulması və tərəfdaşlarının haqqlarının sıxışdırılmasından çəkinməyərək artırmağa səy göstərirlər. Buna görə də tərəfdaşlarla müqavilələr bağlamaqla bu kimi hallardan sığortalanmaq lazım gəlir. Beləliklə, firma bazar iştirakçıları tərəfindən sərgilənə biləcək opportunist davranışa reaksiya kimi əmələ gəlir. Tərəfdaşların opportunist davranışları olmazsa, rasionallıq mülahizəsi baxımından bazar mübadiləsinə üstünlük veriləcək. Beləliklə, Vilyamson üçün firma – sövdələşmənin təşkili üsuludur: onun məqsədi isə, ilk növbədə, müqavilələrə əməl edilməsi üçün uyğun məcburiyyət mexanizminin təmin edilməsidir.
O.Vilyamsonun konsepsiyasının başqa bir elementi də spesifik aktivlərə münasibətlə bağlıdır: firma spesifik resursları “zorla əlindən alınma” təhlükısindən daha etibarlı qorunmanı təmin edir və onların sahiblərinə gözlənilməyən dəyişikliklərə cəld uyğunlaşmağa imkan yaradır; lakin daha yaxşı uyğunlaşma (adaptasiya) stimullaırn zəifləməsi hesabına əldə olunur. Buna görə də firmanın sərhədləri spesifik aktivlərin daha yaxşı qorunmasından və daha yaxşı uyğunlaşmadan əldə olunan faydaların stimullaırn zəifləməsindən baş verən itkilərə bərabərləşməsinədək davam edir. Burada spesifik aktivlər dedikdə firmanın hüdudlarından kənarda istifadəsi ilə müqayisədə firmanın daxilndə istifadəsi daha yüksək qiymətləndirilən resurslar başa düşülür. Başqa sözlə, müqavilə tərədaşları üçün belə resurslaırn dəyəri onların bazar dəyərini əhəmiyyətli dərəcədə üstələyir. Məsələn, məxsusi olaraq bir firma üçün yaradılmış proqram təminatı barədə hərtərəfli informasiyaya malik proqramçının bilik və bacarıqları, “nou-hau”lar və s.. Bundan fərqli olaraq, dəyəri həm bazar, həm də firmada istifadə baxımından bərabər qiymətləndirilən resurslar ümumi aktivlər hesab olunur. Başqa sözlə, ümumi aktivin alternativ dəyəri həm firmanın daxilində, həm də onun hüdudlarından kənarda eynidir. Misal üçün, neft emalı zavodu üçün adi markalı neft ümumi aktiv qismində çıxış edir.
O.Vilyamson iqtisadi agentlərin fəaliyyətinin əlaqələndirilməsinin bazar mexanizminin istifadəsinin xərclərinə daha böyük diqqət yetirir, lakin onun faydalarını izah etmir, bunun əvəzində firmanın ölçülərini məhdudlaşdıran amillərin – bürükratik xərclər və stimulların azalması - üzərində dayanır. Buna görə də O.Vilyamsonun nəzəriyyəsində bazar “qara qutu” kimi qalır (necə ki, neoklassik nəzəriyyədə firma “qara qutu” olur).