Ürəyin hansı şöbəsinin zədələnməsinə görə sol, sağ və total mədəcik çatışmazlıqları ayırd edilir.
Sol mədəcik çatışmazlıqlarına ürəyin sol kameralarının zədələnmələri (mitral qapaq qüsuru, kardioskleroz, sol mədəcik anevrizmi və s.), böyük qan dövranında qanın hərəkətinə müqavimətin kəskin artması (arterial hipertoniya) səbəb ola bilər. Bu zaman kiçik qan dövranında durğunluq əmələ gəlir. Kəskin sol mədəcik çatışmazlığı ürək astması və ağciyər ödemi şəklində təzahür edir. Xronik sol mədəcik çatışmazlığı olan xəstələrdə isə daimi təngnəfəslik və öskürək müşahidə olunur.
Sağ mədəcik çatışmazlıqlarına ağciyər arteriyasının emboliyası, emfizema, pnevmoskleroz, üçtaylı qapaq qüsurları, miokarditlər və miokardiodistrofiyalar səbəb ola bilər. Kəskin sağ mədəcik çatışmazlığı ağciyər arteriyasının emboliyası, mədəcikarası çəpərin cırılması və sol mədəciyin infarktı zamanı inkişaf edə bilər. Belə hallarda sağ mədəciyin işi birdən-birə artdığından, böyük qan dövranında venoz durğunluq əmələ gəlir, qaraciyərin həcmi böyüyür və orqanizmdə ödemlər müşahidə olunur. Xronik sağ mədəcik çatışmazlığı fonunda isə bu dəyişikliklər zəif sürətlə əmələ gəlir, dəri temperaturu azalır və sianoz müşahidə edilir. Sianoz qan cərəyanının zəifləməsi, qanda oksigenin azalması və karbon qazının artması ilə əlaqədardır. Sağ mədəcik çatışmazlığının yüngül hallarında xəstədə gizli ödemlər olur, ürək çatışmazlığı ağırlaşdıqca ödemlər daimi xarakter alır və bədənin yuxarı hissələrini də əhatə edir. Sidik ifrazı gündüz azalır, gecə isə artır (nikturiya). Qaraciyərdə venoz durğunluq onun böyüməsinə və ağrılı olmasına səbəb olur. Durğunluq uzun müddət davam etdikdə qaraciyərdə parenximatoz hüceyrələr birləşdirici toxuma elementləri ilə əvəz olunur və durğunluq (portal) sirrozu inkişaf edir.
Dostları ilə paylaş: |