ÜRƏK ÇATIŞMAZLIQLARI ZAMANI KOMPENSASİYA
MEXANİZMLƏRİ
Ürək çatışmazlıqları zamanı fəaliyyətə qoşulan kompensasiya mexanizmlərinə aşağıdakılar aiddir:
Ürəyin həcmlə yüklənməsi zamanı ilkin olaraq heterometrik mexanizmlərfəaliyyətə qoşulur. Bu mexanizmlərin mahiyyəti ondan ibarətdir ki, ürəyə artıq miqdarda qan gələn zaman ürək yığılmalarının qüvvəsi də artır. Heterometrik mexanizmlər Frank-Starlinq qanunu ilə izah edilir. Bu qanun həm ayrı-ayrı əzələ lifləri, həm də bütövlükdə ürək üçün özünü doğruldur. Frank-Starlinq qanununa görə, diastola zamanı əzələ lifləri nə qədər çox dartılarsa (müəyyən hüdudda), onun yığılma qüvvəsi də bir o qədər artır, mədəciklərdə son diastolik həcm nə qədər çox artarsa, ürəyin yığılma qüvvəsi də bir o qədər güclü olur. Ürəyin həcmlə yüklənməsi zamanı ürək boşluqlarının genişlənməsi vurğu həcminin artması ilə müşayiət olunur və onun divarı tonusdan düşmür (tonogen dilatasiya), artıq miqdarda gələn qanı qəbul edib periferiyaya qova bilir.
Homeometrik mexanizm ürəyin işinin müqavimətin artması hesabına yüklənməsi zamanı fəaliyyətə qoşulur. Bu kompensasiya mexanizminin əsasını qanın qovulmasına maneə olduqda (məsələn, aorta dəliyinin stenozu) ürək yığılmalarının qüvvəsinin artması təşkil edir. Ürəyin işinin müqavimətin artması hesabına yüklənməsi zamanı əzələ liflərinin uzunluğu az dəyişir, yığılma zamanı isə daha çox gərginləşir. Bunun hesabına ürək boşluqları daxilində təzyiq yüksəlir. Bu zaman ürək əzələsi yığıldıqda nisbətən artıq qüvvə sərf etdiyindən onun oksigenə tələbatı daha çox olur. Bu baxımdan heterometrik mexanizmdən fərqli olaraq, homeometrik mexanizmdə enerji sərfi daha çox olur.
Dostları ilə paylaş: |