Atrioventrikulyar və ya köndələn blokadalar zamanı impulsların qulaqcıq-mədəcik düyünündən mədəciklərə verilməsi pozulur. Blokadaların bu forması da hissəvi və tam olur. Ürəkdə hissəvi blokadaların 3 dərəcəsi ayırd edilir.
I dərəcəliköndələn blokada impulsların atrioventrikulyar düyün üzrə ötürülməsinin ləngiməsi ilə əlaqədardır. Bu EKQ-də P-Q intervalının uzanması ilə özünü büruzə verir (normada 0,12-0,20 san). Bunun səbəbi miokarda azan sinirin təsirinin güclənməsi və ya ürək qlikozidləri ilə zəhərlənmələr ola bilər. I dərəcəli köndələn blokada nəzərəçarpan hemodinamiki pozulmalar törətmir.
II dərəcəli köndələn blokada EKQ-də P-Q intervalının proqressivləşən uzanması ilə xarakterizə olunur və bu uzanma o vaxta qədər davam edir ki, bir mədəcik kompleksi (QRS) itir (Mobits I), bundan sonra P-Q intervalının davam etmə müddəti normaya qayıdır və tədricən yenidən uzanmağa başlayır. Proses siklik xarakter daşıyır (Venkebax-Samoylov dövrləri). Samoylov-Venkebax dövrlərinin əmələ gəlməsi atrioventrikulyar düyünün əvvəlcə nisbi, sonra isə mütləq refrakterliyi ilə əlaqədardır, sonuncu halda atrioventrikulyar düyün impulsu ötürmək qabiliyyətinə malik olmur və mədəciklərin növbəti yığılması baş vermir. Adətən belə fasilə 5-7 ürək vurğusundan sonra təkrarlanır. Bu müddət ərzində atrioventrikulyar düyünün oyanması normaya qədər bərpa olunur və sikl yenidən təkrarlanır.
Bəzi hallarda II dərəcəli atrioventrikulyar blokada zamanı P-Q intervalının davametmə müddətində dəyişiklik baş vermədən (bu interval ya normal, ya da daim artmış vəziyyətdə olur) EKQ-də mədəcik komplekslərinin itməsi müşahidə olunur (Mobits II). Bu, keçiriciliyin pozulmasının daha ağır forması hesab olunur, transmural miokard infarktı və ya ürəyin keçirici sisteminin xronik degenerativ zədələnmələri zamanı müşahidə edilir.
I və II dərəcəli blokadalar hissəvi və ya natamam blokadalar adlanır. III dərəcəli tam köndələn ürək blokadaları zamanı qulaqcıqdan mədəciklərə impulsların ötürülməsi tamamilə kəsilir. Başqa sözlə, qulaqcıq və mədəcik yığılmalarında uyğunsuzluq yaranır. Qulaqcıqlar öz ritmi ilə (dəqiqədə 70 vurğu), mədəciklər isə 1 dəqiqədə 25-35 dəfə (idioventrikulyar ritm) yığılır. Tam blokada zamanı EKQ-də P dişlərinin sayı QRS kompleksinə nisbətən çox olur.
III dərəcəli tam köndələn ürək blokadası zamanı qulaqcıqlardan mədəciklərə impulsların ötürülməsinin tamamilə kəsilməsi nəticəsində müəyyən müddət mədəciklərin asistoliyası müşahidə edilir. Bu zaman beynə qan axınının dayanması hesabına xəstə huşunu itirir, epilepsiyayabənzər qıclıq tutmaları müşahidə olunur. Belə hal tam ürək blokadasının təhlükəli ağırlaşması sayılan “Morqani-Ödems-Stoks”sindromu adlanır. Bu sindrom özbaşına keçə də bilir, bəzən isə intensiv tədbirlər görülməsə, ölümlə nəticələnir.
Dostları ilə paylaş: |