Mitoxondridə enerji hasilatının pozulması vəATF-in tükənməsi zədələnmənin ən universal mexanizmidir. ATF sintezinin azalmasının əsas səbəbləri işemiya və hipoksiyadır. Bu zaman yaranan enerji defisiti nəticəsində hüceyrənin çox mühüm plastik və energetik funksiyaları – zülal, lipid və karbohidrat sintezi; enerjidən asılı aktiv nəqlolunmanı təmin edən ion nasoslarının (Na+/K+-ATF-aza, Na+/Ca2+-ATF-aza, Ca2+/Mg2+-ATF-aza) fəaliyyəti pozulur. Nəticədə hüceyrə daxilində natrium və kalsium ionlarının, xaricində isə kalium ionlarının qatılığı artır. Hüceyrədaxili mühitdə osmotik təzyiqin artması, su molekullarının hüceyrəyə keçməsi hüceyrənin, endoplazmatik retikulumun, mitoxondrilərin şişməsinə səbəb olur. Hüceyrəşişərək, öz təbii membran mikroxovlarını itirir və onun üzərində daha iri membran qovuqcuqlarıəmələ gəlir. Enerji defisitini kompensasiya etmək üçün anaerob qlikoliz sürətlənir ki, bu da öz növbəsində hüceyrənin qlikogen ehtiyatının azalması, mübadilənin turş xassəli aralıq məhsullarının artması, pH-ın azalması, nüvədə xromatinin sıxlaşması ilə nəticələnir. Ca2+-un sitozolda artması nəticəsində hüceyrənin və orqanellərin membranları zədələnir və hüceyrədə geridönməyən nekrobiotik proseslər başlayır.