2. İşıq şüalanması Nüvə partlayışının işıqlanma sahəsi – işıq şüasının mənbəyi adlanır. Onun əsasını közərmiş hava və müəyyən miqdarda közərmiş partlayış məhsulları təşkil edir. İşıqlanma sahəsində havanın işıqlanma müddəti əsasən nüvə partlayışının gücündən asılı olaraq bir saniyədən bir neçə on saniyəyə qədər davam edir.
İşıq şüasının əsas məhvedici təsiri ona əsaslanır ki, müxtəlif örtüklər və bədən quruluşları işıq enerjisini udmağa və qızmağa qadirdirlər. Buna görə işıq şüalarının təsiri nəticəsində müxtəlif sahələrin səthində alışma, yanma, kömürləşmə, ərimə və buxarlanma halları baş verir.
İşıq şüalanması - nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər kv. sm-nə, şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur və KC/m² ölçülür. İşıq şüalanması yaşayış məntəqələrində və meşələrdə kütləvi yanğınlar törədir, insan bədənində isə müxtəlif dərəcəli yanıqlar əmələ gətirir. İşıq impulsunun miqdarından asılı olaraq insanlar 4 növ yanıqlar ala bilər:
birinci dərəcəli yanıqlar işıq impulsu 80 – 160 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir;
ikinci dərəcəli yanıqlar işıq impulsu 160 – 400 KC\m² olarkən əmələ gəlir və bu zaman dəridə suluqların əmələ gəlməsi baş verir;
üçüncü dərəcəli yanıqlar işıq impulsu 400 – 600 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin ölməsi baş verir;
dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC\m² – dən yuxarı olarkən əmələ gəlir və bu zaman damarların və sümüklərin yanması baş verir.
İnsanların aldığı yanıqların dərəcələri işıq şüalanmasının miqdarından, paltarın növündən, kipliyindən və rəngindən də asılı olur. Açıq rəngli və gen paltar geyinmiş insanlar, qara və dar paltar geyinmiş insanlara nisbətən az yanıqlar alırlar.
Müxtəlif sahələrdə yaranan işıq impulsunun təsiri nüvə partlayışının növündən, gücündən, məsafədən və hava şəraitindən asılı olur. Yağmurlu və dumanlı havada işıq impulsunun təsiri qat – qat azalır.
Sığınacaqlar və radiasiya əleyhinə daldalanacaqlar işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir. Bütün kölgə salan əşyalar da insanları işıq şüalanmasından qoruya bilir.