Qismən köçürülmə hallarında ilk növbədə, uşaq evlərindəki körpələr, internat və orta məktəblərin şagirdləri, ali məktəb tələbələri, – bu məktəblərin müəllim heyəti və onların ailə üzvləri, həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət, habelə istehsalat və xidmət sahələrində işləməyən əhali təhlükəli rayonlardan köçürülür.
Qismən köçürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən əhalinin bir qismi çıxarılıb təhlükəsiz rayonlarda yerləşdirilir, beləliklə şəhər əhalisinin sayı dəfələrlə azalır, şəhərlərdə qalan, yəni vacib obyektlərdə işləyən əhalinin mühafizə qurğularında yerləşdirilməsi işi yüngülləşir, beləliklə müasir qırğın vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimum dərəcədə azaltmaq imkanı yaranır.
Əhalisinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təşkilat və məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.
Şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları təhlükəsiz zonada elə məsafədə yerləşdirilməlidir ki, burada onların təhlükəsizliyi təmin edilsin, işə aparılması və dincəlməsi üçün yenidən təhlükəsiz zonaya gətirilməsinə minimal vaxt (ən çoxu 4 saat) sərf edilsin.
Təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir:
müasir qırğın silahlarının təsirindən, dağıntı və daşqınlardan əhalinin etibarlı mühafizəsini;
müəssisə işçilərinin minimal vaxt sərf etməklə təhlükəsiz zonadan obyektə gətirilməsini; • MM qüvvələrinin zədələnmə ocağına çatdırılması üçün əlverişli şəraitdə qruplaşdırılmasını;
lazımi gigiyena-sanitariya şəraitinin olmasını.
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə başlanılır və fövqəladə hallar təhlükəsi yaranan dövrdə tamamilə başa çatdırılır.
Bu məqsədlə:
Nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır;
Mənzil fondu, tibb xidmətləri, kommunal, mədəni-maarif, ticarət müəssisələri və digər sahələr köçürülən əhalinin yerləşdirilməsinə və ona xidmət göstərilməsinə hazırlanır;
əlavə su təchizatı məntəqələrinin yaradılması və digər mühəndis – texniki tədbirlərin yerinə yetirilməsi işləri təşkil edilir.
Əhalinin köçürülməsi istehsalat və ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat prinsipi, bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali məktəb və orta ixtisas məktəbləri tələbələrinin, texniki-peşə və orta məktəb şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. Bu halda təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin işçiləri, təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçürüldüyü rayona aparılır. Qalan əhali isə ərazi prinsipi üzrə yaşayış yerlərindən köçürülür. Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur. Bu zaman əhalinin bir qismi əldə olan bütün nəqliyyat vasitələrində, digər qismi isə piyada olaraq təhlükəli zonalardan çıxarılır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər, şəxsiyyəti təsdiq edən vəsiqə və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.
Yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:
müharibə dövründə – Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə – Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri;
sülh dövründə – ərazisində fövqəladə hadisə baş vermiş şəhərin (rayonun) icra hakimiyyəti başçısı, bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirə məlumat verməklə.
Köçürmə zamanı hər bir şəxs ən lazımlı şeyləri: maaş kartını və pulunu, paltar, ayaqqabı, yataq ləvazimatları, şəxsiyyət vəsiqəsi, hərbi bileti, əmək kitabçası, təhsili haqda diplom (attestat), nigah haqqında şəhadətnamə və uşaqların doğum haqqında şəhadətnamələrini özü ilə götürməlidir. Uşaqlar üçün geyim dəsti seçərkən, onların mühafizə xüsusiyyətlərini və ilin fəslini nəzərə almaq lazımdır. 3 yaşadək olan uşaqlar üçün uşaq yeməkləri, quru süd, peçenye, konservləşdirilmiş şirələr və s. ehtiyatları hazırlanmalıdır.
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış köçürmə məntəqələri (TKM) açılır. Bu məntəqələr adətən meydançaların və yolların yaxınlığındakı məktəb, klub və başqa ictimai binalarda açılır.
Toplanış-köçürmə məntəqəsinə gələn əhali burada qeydə alınır və qruplara ayrılır: nəqliyyat vasitələrində köçürüləcək əhali nəqliyyat vasitələrinin növləri üzrə, piyada çıxarılaraq əhali isə piyada dəstələri üzrə qruplaşdırılır.
Piyada yürüş edən əhalinin istirahəti üçün düşərgə müddətləri nəzərdə tutulur; qısa istirahət hər 1-2 saat yürüşdən sonra 10-15 dəqiqə və böyük istirahət ikinci 1-2 saatlıq yürüşdən sonra 40 dəqiqə, adətən ehtimal edilən güclü dağıntı zədələnmə zonasının hüdudlarından kənarda təyin edilir.
Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan rayonlar çox uzaqda olduqda, onlar üçün aralıq köçürmə məntəqələri təşkil edilə bilər.
Nəqliyyat vasitələrində köçürülən əhali təhlükəsiz zonada nəqliyyatdan düşürmə stansiyalarına və ya məntəqələrinə gətirilir. Köçürmə üzrə qəbul etmə məntəqələrinin işçiləri gətirilən əhalinin qarşılanmasını, qeydə alınmasını və yerləşdirilməsini təşkil edir.
Köçürülən əhalinin ərzaqla təminatı müvafiq strukturlar tərəfindən ictimai iaşə müəssisələrinin bazası əsasında təşkil edilir, lazımlı hallarda əlavə iaşə məntəqələri (yeməkxanalar) açılır.
Respublikada, şəhər və rayonlarda bütün köçürülmə tədbirləri üzrə ümumi hesablamalar aparılır. Hər bir konkret fövqəladə hadisə təhlükəsi yaranarkən və baş verərkən köçürmə işlərinin icrasına cəlb ediləcək qüvvə və vəsaitlər hesablanıb müəyyən edilir.
Köçürülmə zamanı əhali illərlə yaşadıqları yerlərini tərk etməyə, əmlaklarının bir hissəsini evlərində qoyub getməyə, vərdiş etmədikləri şəraitdə yerləşib yaşamağa məcbur olurlar. Hamı başa düşməlidir ki, insanların həyatını xilas etmək naminə bu çətinlik və məcburiyyətə tab gətirmək lazımdır. Buna görə də Mülki müdafiə qərargahının sərəncamlarını yerinə yetirmək, bu mürəkkəb tədbirlərin həyata keçirilməsində onlara kömək göstərmək hər bir vətəndaşın borcudur.
Təhlükəsiz rayonların əhalisi isə təhlükəli zonalardan köçürülərək gətirilmiş əhalinin həyat şəraitinin təmin olunmasında: daldalanacaqların düzəldilməsi, tənəffüs üzvlərini qoruyan sadə mühafizə vasitələrinin hazırlanması, ictimai binaların yaşayış yeri kimi uyğunlaşdırılması, əlaltı materiallardan məişət əşyalarının (oturacaq, çarpayı, yataq dəsti və s.) düzəldilməsi işlərində fəal iştirak etməlidir.
Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən eləcə də ərazidə radioaktiv çirklənmə olarkən, köçürmə işləri iki mərhələdə yerinə yetirilir. Bu zaman həmçinin radiasiya və kimyəvi zəhərlənmədən mühafizə tədbirləri də həyata keçirilir.
Fövqəladə hadisə baş vermiş rayonun ərazisi polis idarələrinin əməkdaşları tərəfindən ciddi nəzarətə alınır, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi müəyyən marşrut üzrə nizama salır.
Köçürmə işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi həmçinin əhalinin özünün mütəşəkkilliyindən və intizamından xeyli asılıdır.
İri şəhərlərdə istehsalat fəaliyyətini dayandıran və ya öz işini şəhərdən kənar zonaya keçirən obyektlərin fəhlə və qulluqçularının, habelə istehsalatda məşğul olmayan əhalinin köçürülməsi kombinasiyalı üsul ilə yerinə yetirilir, yəni onların həm piyada, həm də nəqliyyat vasitələrində, mütəşəkkil sürətdə şəhərdən kənar zonaya aparılması nəzərdə tutulur.
Köçürülən əhalinin uçotunu aparmaq üçün icra hakimiyyəti başçılarının qərarı ilə köçkünlərin (qaçqınların) qeydiyyat məntəqələri yaradılır.
Köçürmə üzrə daşımaların plan-cədvəli FHN-in regional şöbələri və icra hakimiyyətinin sifarişləri üzrə ictimai nəqliyyat vasitələrinin sahibkarları tərəfindən tərtib olunur.
Köçürmə tədbirlərinə cəlb olunan avtomobil nəqliyyatı vasitələrinə yanacaq doldurmaq üçün yanacaqdoldurma məntəqələri şəbəkəsindən istifadə olunur və bu zaman dərəcəli obyektlərdəki yanacaq-sürtgü materialları ehtiyatları ilk növbədə sərf edilir.
Köçürmə dövründə əhaliyə tibbi xidmət respublikanın səhiyyə orqanlarına həvalə olunur. Köçürülən əhalinin toplanma yerlərində stasionar tibb müəssisələri və piyada köçürmə marşrutlarında xüsusi maşınlarda səyyar tibb məntəqələri təşkil edilir.
Nəticə olaraq qeyd etmək lazımdır ki, sülh və müharibə dövrlərindəki fövqəladə hallarda köçürmə işlərinin müvəffəqiyyəti – köçürülən əhalinin fəaliyyətindən, mütəşəkkil, intizamlı və şüurlu davranışından xeyli dərəcədə asılı olacaqdır.