Sığınacaqda praktiki yoxlanış zamanı xüsusi diqqət yetirmək lazımdır:
qoruyucu konstruksiyaların vəziyyətinə;
qurğunun hermetikliyinə və oradakı tərtibatların işlək vəziyyətdə olmasına;
texniki-istismar sənədlərinin mövcudluğuna;
elektrik təchizatı, su təchizatı və kanalizasiya sisteminin vəziyyətinə.
Radiasiya əleyhinə daldalanacaqlar da, adətən, sığınacaqda olduğu kimi adamlar yerləşən əsas otaqlardan və yardımçı otaqlardan ibarət olur.
Əsas otaqda havanın təmizlənməsi üçün süzücü-ventilyasiya aqreqatı quraşdırılır. Burada da adamların oturması və dincəlməsi üçün oturacaqlar və taxtlar yerləşdirirlər.
Radiasiya əleyhinə daldalanacaqlar – ərazinin radioaktiv maddələrlə zəhərlənməsi zamanı ionlaşdırıcı şüalanmadan, habelə işıq şüalanmasından, qismən də zərbə dalğasından, həmçinin zəhərləyici və bakterial vasitələrin aerozollarından qorunmaq üçündür. Radiasiya əleyhinə daldalanacaqlar binaların zirzəmilərində, yeraltı binalarda, həmçinin bina və qurğuların yerüstü mərtəbələrində düzəldilir.
Ağac evlərin xüsusi uyğunlaşdırılmış zirzəmiləri radiasiyanı 350-400 dəfə, daş binaların uyğunlaşdırılmış zirzəmiləri isə 800-1000 dəfə zəiflədir. Bəzi hallarda binalardan kənarda da radiasiya əleyhinə daldalanacaqlar tikilir.
Düşmənin qəfil basqını zamanı əhalinin xeyli hissəsini mühafizə qurğuları ilə təmin etmək mümkün olmayan hallarda, onların mühafizəsini qısa müddətdə təmin etmək üçün sadə daldalanacaqlar böyük əhəmiyyət kəsb edir.
Sadə daldalanacaqlar üstü açıq xəndəklərdən, üstü örtülü səngərlərdən, həmçinin müxtəlif sahələrdən (çökəklik, dərə, yarğan, kanal, meşə və s.) ibarətdir. Onlar ancaq mühafizə üçün yardımçı vasitə sayılır, çünki belə yerlər insanları zəhərləyici və radioaktiv maddələrdən mühafizə edə bilmir.
Səngərlər insanları işıq şüalanmasından tamamilə qoruryur, zərbə dalğasının təsirini 2,5-3 dəfə zəiflədir, nüfuzedici radiasiyanın və radioaktiv şüalanmanın təsirini (üst örtükdəki torpaq qatının qalınlığından asılı olaraq) 200-300 dəfə azaldır.
Səngərlər adamların paltarları və dərisinin səthinə ZM damcılarının, bakterial və yandırıcı maddələrin bilavasitə düşməsinin qarşısını alır.
Lakin nəzərə almaq lazımdır ki, hatta üstü örtülü səngər belə, ZM və bakterial vasitələrdən mühafizəni tamamilə təmin edə bilmir. Buna görə də belə halda fərdi mühafizə vasitələrindən istifadə etmək lazımdır. Çoxlu adam olan, yaxud onların yığışacağı ehtimal edilən hər yerdə: bütün müəssisələrin, təşkilatların, idarələrin, kommunal təsərrüfatı obyektlərinin ərazisində, yaşayış sahələrində, köçürmə üzrə toplanmış məntəqələrində, stansiyalarda, aeroportlarda, nəqliyyata minmə və düşmə məntəqələrində, aralıq köçürmə məntəqələrində və digər belə yerlərdə sadə daldalanacaqların tikilməsi nəzərdə tutulmalıdır. Sadə daldalanacaqların üstün cəhətləri bunlardır:
konstruksiyaları sadədir;
tikinti materialları (əlaltında olan yardımçı materialları) asan əldə edilir;
işlərin həcmi az olur;
sadə daldalanacağın mühafizə xassələrini radiasiya əleyhinə daldalanacağın xassələri səviyyəsinə çatdırmaq mümkündür.
Sadə daldalanacaqların tutumu 10-50 nəfər nəzərdə tutulur.
Sadə daldalanacaqlar, adətən, uçqunlar altına düşməyəcək ərazidəki müxtəlif yerlərdə: şəhərlərin bağçalarında, stadionlarda, geniş həyətlərdə, kənd yerlərində isə bağlarda, bostan yerlərində və digər sahələrdə düzəldilə bilər. Belə sahələr elə seçilməlidir ki, oranı qar və yağış suları basa bilməsin.
Xəndəklər adamların bir və ya iki cərgədə yerləşdirilməsi üçün nəzərdə tutula bilər.Adamlar bir cərgədə yerləşdirilən xəndəyin dərinliyi 180-200 sm, eni xəndəyin yuxarı hissəsində 100-120 sm, aşağıda isə 30-90 sm olan xəndəkdən ibarət olur. Örtülü səngərin tikintisi iki mərhələdə yerinə yetirilir: birinci mərhələdə onun xəndək hissəsi qazılır və avadanlaşdırılır, ikinci mərhələdə üstü örtülür və torpaqla bərkidilir. Xəndəklər, hərəsinin uzunluğu 10-15 m olan və bir-birinə nisbətən bucaq altında yerləşən bir neçə düzxətli formasında düzəldilir. Tikintinin birinci mərhələsində ərazidə xəndəyin yeri müəyyən edilir və iplə nişanlanır. Sonra nişanlayıcı ip xətləri üzrə torpağı qazır və tədricən xəndək dərinləşdikcə onun nişanlanmış xəttədək genişləndirirlər. Xəndəyin bir və ya hər iki divarında torpaqdan oturacaq yeri düzəldirlər. Xəndəyin dibi boyu suaxıdan arx qazırlar ki, o da giriş yerinin qarşısında su yığılan çala ilə qurtarır.Divarlarda həmçinin ərzaq, su qabları, dərmanlar saxlamaq üçün rəflər düzəldirlər.
Divarlar taxta, çırpı, qamış və s. materiallar vasitəsilə bərkidilir. Xəndəyin üstünü atmalarla, yaxud kiçik ölçülü dəmir-beton dirəklərlə örtürlər.Üstdən hidroizolyasiya qatı – tol, ruberoid, xlorvinil plyonka döşəməklə və ya gildən suvaq çəkməklə bağlayır, sonra da onun üstünə 50-60 sm qalınlıqda torpaq tökürlər.
Giriş yeri tərəfdən xəndəyin bir hissəsini taxta qapı və ya qalın pərdə vasitəsilə əsas hissədən ayıraraq orada çıxarıla bilən qapaqlı ayaqyolu düzəldirlər.Giriş yeri düzxətli hissəyə nisbətən 90°-li bucaq altında qazılır, bu zaman tutumu 20 nəfərlik olan səngərdə bir, bundan artıq tutumlu səngərdə iki iri giriş yeri (xəndəyin hər iki tərəfində) nəzərdə tutulur.
Səngərə giriş yerini qapısı olan pilləli maili eniş formasında düzəldirlər.Onun uzunluğu 2-2,5 m götürülür və üstündə 70-80 sm enində sipər düzəldilir.
Səngərə giriş yerlərində qoruyucu qapılar qoyulur.Üst örtük və divarlar 70-80 sm qalınlıqda torpaq qatının ağırlığından yaranan yükə, torpağın yandan təzyiqinə və zərbə dalğasının torpağın səthinə göstərdiyi 0,5-1,0 kQ izafi təzyiqə davam gətirməlidir.
Ventilyasiya səngərin baş tərəflərində qoyulan havaverici və sorucu qutular vasitəsilə təmin edilir.Qutular taxtadan düzəldilir, onların en kəsiyi 20 20 sm olur. Havaverici qutunun aşağı ucunda siyirtmə qapaq və tozəleyhinə süzgəc quraşdırılır. Divarlarında örtüyü olan, üstü taxta və 70-80 sm torpaq qatı ilə örtülən, adamlar bir cərgədə yerləşdirilən 10 nəfərlik səngər tikmək üçün tələb olunan təqribi əmək sərfi və tikinti materialları norması belədir: əmək sərfi 80-10 adam-saat; meşə materialı (eyni diametrli atmalar şəklində) –2 kub m; taxta (çırpı) -1,3-1,5 kub m; lif (mamır) –3,4 kq; tol (ruberoid) -20 kv.m; müxtəlif ölçülü mismar -0,3-0,5 kq; məftil 2-3 kq.Texnikadan istifadə edilərkən: təxmini əmək sərfi 6-8 adam/saat, ekskavatorun işi -0,5-1 maş/saat; avtokranın işi 1maş/saat.
Sadə daldanacaqlarda da işıqlandırma vasitələri olmalıdır.