Kimya əleyhinə fərdi paket (İPP-8) – dəri səthinin ZM damcıları və ya dumanı ilə habelə radioaktiv maddə və bakterial vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini və bu sahələrə toxunan paltar hissələrini qismən sanitariya təmizlənməsindən keçirmək üçündür. Bu paket içərisində hər cür ZM-i zəhərsizləşdirmək üçün polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd pambıq-tənzif salfetdən ibarətdir.
Bir sıra ZM, xüsusən fosforlu-üzvi maddələr dəri örtüyündən bədənə sürətlə sorula bildiyi üçün deqazasiyanın səmərəliliyi, zəhərlənmədən sonra sanitariya təmizlənməsinə başlanması müddətindən bilavasitə asılı olur. Qismən sanitiriya təmizlənməsi ZM mühafizə edilməmiş dəri örtüyünə düşdüyü vaxtdan sonrakı 5 dəqiqə müddətində keçirilsə, onda təmizlənmə son dərəcə səmərəli olacaqdır.
Fərdi sarğı paketi (İPP) yaralara və yanıq yerlərinə sarğı qoymaq, turna isə qanaxmaları dayandırmaq üçün istifadə edilir.
Radiasiya, kimya kəşfiyyatı və dozimetrik nəzarət cihazları. Mülki Müdafiə sistemində dozimetriyanın əsas vəzifəsi – müxtəlif radiasiya şəraitində əhalinin və MM qoşunlarının fəaliyyətini təmin etmək məqsədilə ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.
Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir:
əhalinin həyat fəaliyyətini və zədələnmə ocaqlarında xilasetmə və təcili qəzabərpa işlərinin müvəffəqiyyətlə icra edilməsini təmin etmək üçün şüalanmaların aşkar edilməsi və ölçülməsi;
dezaktivasiya və sanitariya təmizlənməsinin keçirilməsi zərurətini, habelə zəhərlənmiş ərzaq məhsullarından istifadə etmək normalarını təyin etmək üçün müxtəlif obyektlərin zəhərlənmə dərəcələrinin ölçülməsi;
radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş və həyat qabiliyyətini təyin etmək məqsədilə şüalanma dozalarının ölçülməsi.
Dozimetriya cihazları – onların təyinatına, ölçülən şüalanmanın növünə və cihazın sxeminin çevirdiyi elektrik siqnallarının xarakterinə görə təsnif etmək olar.
Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır: