Respiratorlar. Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından) mühafizə üçün respiratorlardan istifadə olunur. ZM buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil.
Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2d növlü respiratorlar mövcuddur. R-2 respiratoru süzücü yarım maskadan ibarətdir, ondan dəfələrlə istifadə etmək və 12 saatdək mühafizə olunmaq mümkündür.
R-2d respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator növüdür, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafizəni təmin edir.
Respiratorlar nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan vasitədir. Məsələn, havasında çoxlu zəhərli toz olan zavodların işçiləri, eləcə də bitkilərin mühafizəsi üçün kimyəvi maddələr tətbiq edilən tarlalarda mexanizatorlar üzlərinə respirator taxırlar.
Respiratorlar süzücü yarımmaskadan və onu üzdə bərkitmək üçün qaytanlardan ibarətdir. Maskada 2 nəfəsalma klapanı, bir nəfəsvermə klapanı və burun sıxıcı var. Bərkidici qaytanlar maskanın kənarlarına bənd edilib. Respiratorun çəkisi 50-60 qram olur və polietilen kisədə saxlanılır.
Respirator iki qatdan ibarətdir. Xarici qat məsaməli sintetik materialdandır və bu material havanı yaxşı keçirir. İçəri qat isə hava keçirməyən nazik plyonkadandır. Bu iki qat arasında xüsusi süzücü material yerləşdirilib. Nəfəsalma klapanları respiratorun içəri qatına sağ və sol tərəflərdən bənd edilib. Nəfəsvermə klapanı isə orta hissədədir.
Respirator taxmış adam nəfəs alarkən hava maskanın üst qatından və süzücü materiallardan keçib təmizlənir, sonra da nəfəsalma klapanlarından keçərək tənəffüs orqanlarına daxil olur. Nəfəs verərkən isə hava maskanın nəfəsvermə klapanından keçib bayıra çıxır.
R-2d respiratoru dörd ölçüdə (0, 1, 2, 3) olur. Onun ölçüləri maskanın çənəaltı hissəsində rəqəmlərlə göstərilib. Respiratorun ölçüsünü elə seçmək lazımdır ki, o, üzə kip yatsın, yoxsa zəhərli hava maskanın altına keçib adamı zəhərləyə bilər.
Respiratorun lazımi ölçüsünü tapmaq üçün adamın üzünün uzunluğunu, yəni burunun yuxarı hissəsinin ən çökək yerindəki nöqtə ilə çənənin ən aşağı nöqtəsi arasındakı məsəfəni millimetr bölgülü xətkeşlə ölçürlər. Üzün uzunluğu 80-100 mm olduqda – birinci, 115-125 mm olduqda – ikinci, 125 mm-dən artıq olduqda – üçüncü ölçülü respirator lazımdır.
Respiratoru geyməyə hazırlamaq və geymək üçün onu paketdən çıxarmaq (paketin yuxarı tikişini kəsməli və onu səliqə ilə açmalı), sonra yarımmaskanı və baş qaytanlarını nəzərdən keçirib sahmana salmaq lazımdır. Əgər respiratordan bundan əvvəl istifadə edilmişsə, onu geyməzdən əvvəl dezinfeksiya etmək vacibdir. Bu məqsədlə onun daxili səthini əvvəlcə sabunlu suda isladılmış yaş tamponla, sonra isə quru tamponla (əski ilə) silmək lazımdır. Bu zaman yarımmaskanı tərsinə çevirmək olmaz.
Respiratoru geymək üçün onu paketdən çıxarmalı, qaytanları yuxarı tərəfdə saxlamaqla yarımmaskanı üzə keçirməli (çənə və burun bütünlüklə maskanın içərisində yerləşməlidir), sonra bərkidici qaytanların birini başın əmgək (təpə) hissəsində, o birisini isə peysər hissəsindən keçirib bərkidirlər. Yarımmaskanın üzə kip yatması üçün bərkidici hissənin qaytanlarının uzunluğunu toqqanın köməyi ilə tənzimləmək olar (bu zaman respiratoru çıxarmaq lazımdır). Yarımmaskanın üzə kip yatdığına əmin olduqdan sonra burun sıxıcının uclarını buruna sıxırlar.
R-2d respiratorunun düzgün geyildiyini və üzə kip yatdığını yoxlamaq üçün sol əlin ovucu ilə nəfəsvermə klapanını tutur və nəfəs verirlər. Əgər bu zaman hava yarımmaskanın üzə yatan kənarlarından çölə çətinliklə çıxarsa respirator düzgün seçilmiş və geyilmiş hesab edilir. Respiratoru onun nəfəsvermə klapanından tutub yarımmaskanı yavaşca aşağı və irəli çəkməklə çıxarırlar. Sonra onun daxili səthini silib qurulayır, təmizləyir və paketə yerləşdirib paketin ağzını xüsusi halqa ilə bağlayırlar.