Fəsil-III. Mühafizə üsulları. § 14. Xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərin aparılması Xilasetmə və digər təxirəsalınmaz işlərin mahiyyəti Mülki müdafiənin ən mürəkkəb və məsul vəzifələrindən biri – dinc və müharibə dövrlərindəki fövqəladə halların nəticələri aradan qaldırılarkən xilasetmə tədbirlərinin təşkili və yerinə yetirilməsidir. Bu işlər düşmən basqını nəticəsində yaranan zədələnmə (zəhərlənmə) ocaqlarında, eləcə də təbii fəlakət və güclü qəza rayonlarında insanları xilas etmək, onlara yardım göstərmək və qəzaları məhdudlaşdırmaq məqsədilə görülür.
Xilasetmə işlərinə aiddir:
fəlakət yerlərində və oraya gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyatın aparılması;
fəlakət yerlərində işə başlamaq mümkün olsun deyə yanğınların söndürülməsi
(məhdudlaşdırılması);
zədələnmiş, yanan, qaz və tüstü bürümüş binalardan və uçqunlar altından insanların tapılıb çıxarılması;
üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularından insanların xilas edilməsi;
süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilməsi;
zədəlilərə ilk tibbi yardım göstərilməsi və onların müalicə müəssisələrinə köçürülməsi;
insanların zəhərlənmiş sahələrdən çıxarılması, lazımi hallarda sanitariya təmizliyindən keçirilməsi, həmçinin avadanlığın, ərazinin, ərzaq və suyun zərərsizləşdirilməsi.
Digər təxirəsalınmaz işlərə xilasetmə işlərini sürətlə və təhlükəsiz yerinə yetirmək məqsədilə görülən tədbirlər aiddir:
uçqunlarda və zədələnmə baş vermiş sahələrdə maşın yolu və keçidlərin düzəldilməsi;
qaz, elektrik və texnoloji şəbəkələrdə, həmçinin su-kanalizasiya xətlərində qəzaların məhdudlaşdırılması;
xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən qurğu və konstruksiyaların bərkidilməsi, yaxud dağıdılması;
zədələnmiş rabitə, elektrik, su xətlərinin müvəqqəti bərpa edilməsi.
Bütün bu işlər eyni zamanda yerinə yetirilir. Hər bir konkret halda görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həcmi və növü bu dağıntı (zədələnmə) ocağını törədən fəlakətin xarakterindən asılıdır. Nüvə zədələnməsi ocağında və zəlzələ rayonlarında daha çətin və ağır işləri icra etmək lazım gələ bilər. Bu işlərin ehtimal olunan həcmini müəyyənləşdirmək üçün zərbə dalğasının önündəki izafi təzyiqin kəmiyyətinə görə nüvə zədələnməsi ocağını, yəni izafi təzyiq 10 kPa-dan artıq olan sahələri şərti olaraq dörd zonaya ayırırlar. Bunlar: tam, güclü, orta və zəif dağıntı zonalarıdır.
Zəlzələ nəticəsində yaranan dağıntı ocaqlarını da oradakı bina və qurğuların zədələnməsinin xarakterinə görə, nüvə zədələnməsi ocağı ilə müqayisə etmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, bu zaman əsas meyar olaraq zərbə dalğasının yaratdığı izafi təzyiq deyil, zəlzələnin balla maksimal fəallığı götürülür. Məlum olduğu kimi, 4 ballıq zəlzələnin gücü trotil ekvivalenti 5 ton olan nüvə döyüş sursatının; 5 ballıq zəlzələninki – 200 ton; 5,5 bal – 1000 ton; 8,5 ballı zəlzələninki isə trotil ekvivalenti təxminən 32 milyon ton olan nüvə sursatının gücünə bərabərdir. 9 baldan güclü zəlzələ, eləcə də 1 kq/ sm2-dən artıq izafi təzyiqə malik zərbə dalğası isə tam və güclü dağıntılar zonası yaradır.
Zəlzələnin dağıdıcı təsirini təhlil edərkən aydın olur ki, onun məhvedici nəticələri nüvə partlayışının zərbə dalğasında olduğu kimidir. Lakin onların arasında fərqlər də vardır. Zəlzələ zamanı işıq şüalanması, nüfuzedici radiasiya, ərazinin radioaktiv çirklənməsi və elektromaqnit impulsu mövcud olmur; uçulan binaların qırıntılarını və daş-kəsəyi uzaqlara aparan qüvvə meydana çıxmır, bunun sayəsində binalardan bir qədər uzaqda olan insanlar zədələnmələrə məruz qalmırlar. Zəlzələ yerində dağılan tikililər kənara atılmadan aşağı çöküb qalaqlanır, yəni yerli uçqunlar yaradır, nəticədə onların sahəsi nüvə zədələnmə ocağındakına nisbətən az olur. Bu zaman küçələr uçqun qalaqları ilə tutulmur, orada nəqliyyat vasitələri və xilasetmə işlərinə cəlb edilən digər texnika hərəkət edə bilir.
Bütün bu oxşarlıq və fərqlər zədələnmə ocaqlarında aparılan xilasetmə və digər təxirəsalınmaz işlərin nəinki növlərini, həcmini və ardıcıllığını, eləcə də onların təşkili və icrası qaydalarını da müəyyən edir.