30. Multikulturalizm Azərbaycan Respublikasının həyat tərzi kimi
Çoxmədəniyyətlilik hər bir cəmiyyətin inkişafının təməlidir. Bu baxımdan multikulturalizm bir siyasi fəlsəfə mövzusu olub fərqli dərəcədə dəyişərək inkişaf edən ideologiyaları və siyasətləri əhatə edir, cəmiyyətin inkişafına təsir göstərir. Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti müasir dünyamızda xüsusi diqqətdə olan məsələdir. Humanist olmaqla yanaşı, demokratik dəyərləri özündə ehtiva edən ideologiya kimi multikulturalizm tolerantlığın göstəricisidir.
Multikultiralizmsiz humanizm, beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma əsasında formalaşacaq dostluq və əməkdaşlıq münasibətləri mümkünsüzdür. Mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri göstəricisi məhz multikulturalizmdir. Təbii ki, digər mədəniyyətlərin xüsusiyyətlərini və tarixini öyrənmədən həmin mədəniyyətə tolerant yanaşmaq mümkün deyil. Bu münasibətlərin öyrənilməməsi mədəniyyətlərin və sivilizasiyaların dialoqunun qurulmasına mane olacaq mühüm bir məsələdir. Bu baxımdan multikulturalizm ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət dəyərlərini tanıyan bir siyasətdir.
Bir dövlətin müxtəlif fərqli mədəniyyətlərin daşıyıcısı olan etno-mədəni qrupları və dini konfessiyaları özündə ehtiva etməsi hər zaman multikultural adlandırılmır. Multikulturalizmin formalaşması üçün mövcud prinsiplər və tələblər əsas götürülməlidir. Dövlətin çoxkonfessiyalı bir cəmiyyətə sahib olması multikulturalizm siyasətinin yürüdülməsi fonunda ölkənin gələcək inkişafına təhlükə formalaşdırmır, tam əksinə, buna dəstək olmaqla çoxşaxəli inteqrasiyanın təmin olunmasında böyük rol oyanyır. Müasir mədəni cəmiyyətlərin düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişafı da mümkün deyil. Azərbaycan milli mədəniyyətinə inteqrasiya olunan müxtəlif xalqların mədəni zənginlikləri ölkənin inkişafının təcəssümüdür ki, bu da qeyd olunan fikrin sübutudur. Multikultural ənənələrdən imtina etmək siyasi qarşıdurmalara bünövrə qoymaq deməkdir.
Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzi olaraq uzun illər ölkənin inkişafının stimullaşdırıcı siyasətidir. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqilliyin bərpasından sonra multikultiralizmin inkişafı üçün xüsusi dövlət dəstəyi gücləndirilib. Bu güclü dəstəyin yekun nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin inkişafında rol alırlar. Azərbaycandakı fərqli etnik qrupların münaqişə olmadan, qarşılıqlı anlaşma və dostluq şəraitində yaşaya bilməsi faktı dövlət başçısının Azərbaycan multikultural cəmiyyətindəki inteqrasiya və idarəetmə siyasətinin uğurlu nəticəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın multikulturalizm modelinin digər ölkələrlə müqayisədə müsbət mənada kəskin fərqlənməsinin əsas səbəbi ilk növbədə onun dövlət siyasəti olmaqla yanaşı, həm də xalqın həyat tərzinin bir parçası kimi mövcudluğudur. Siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktları ilə yanaşı fərman və sərəncamlarda da qeyd olunan bu siyasət eyni zamanda ölkənin sosial-iqtisadi, mədəni sahələrdə inkişafının da təməlidir.
Dövlət siyasəti və həyat tərzi olaraq ölkəmizdə multikultiralizmin təməli Ümummilli Lider tərəfindən qoyulmuşdur. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanı vətəndaş müharibəsindən qurtarması ilə yanaşı, ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməsi bunun əsas göstəricisidir. Təbii ki, bu uğurlu multikultural xarici və daxili siyasətin nəticəsidir ki, həmin vaxtlardan etibarən bu günə qədər Azərbaycanda irqindən, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşayır.
Bu gün Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu multikultural siyasətin məqsədlərindən biri də mədəniyyətlərin bir-birinə inteqrasiyası dərəcəsinin artırılmasını təşviq edərək bu siyasətin ölkənin inkişafına təsirini təhlil etmək, bununla da uğurlu, sağlam və firavan cəmiyyətin formalaşdırılmasının əsaslarını müəyyənləşdirməkdir. 2016-cı ilin multikulturalizm ili elan edilməsi bu siyasətin əsaslarını təkmilləşdirdi. Bu siyasət növbəti illər ərzində də ölkənin uğurlu inkişafının təməlində durur. Ölkə rəhbəri Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu hər dəfə vurğulayır və ölkəmizin Şərq və Qərb arasında coğrafi körpü olmaqla yanaşı, mədəniyyət körpüsü olduğunu da qeyd edir. Dünyada dəhşətli hadisələrin baş verməsi, Yaxın Şərq, Ön Asiya, Avropa böhranları fonunda Azərbaycanın sabitlik, inkişaf, rifah, təhlükəsizlik şəraitinin başlıca səbəblərindən biri də məhz respublikada multikultural dəyərlərin və ənənələrin mövcudluğu, müxtəlif xalqların birgə firavan yaşayışıdır.
Bir ölkənin iqtisadi və mədəni inkişafı daim qarşılıqlı əlaqədədir. Bu baxımdan multikulturalizm dövlət siyasətinin, iqtisadi inkişafın özülündən kənarda ola bilməz. Bu gün Azərbaycan sosial-iqtisadi və digər sahələrdə dünyada qabaqcıl mövqeləri tutursa, bu həm də onun müxtəlif mədəni, etnik qrupları birləşdirərək qorumasının, dəyərlərin qiymətləndirilməsinin göstəricisidir. İnkişafımızın təməlində olan Azərbaycanın multikulturalizm modeli bütün dünyaya müasir inkişaf nümunəsi göstərmiş və artıq özünü sübut etmişdir. Hazırda ölkəmizin bu sahədə təcrübəsi bir örnək kimi öyrənilir. Azərbaycan xalqı birgəyaşayış təcrübəsi, həyat tərzi, müxtəlif cəmiyyətlərə tolerant münasibətilə multikulturalizmi yaşadır və onun gələcəyini müəyyən etməklə ölkənin inkişafını gücləndirir.