Azərbaycan multikulturalizmi XIX əsrdən başlayaraq özünün yeni mərhələsinə daxil olmuş, XIX əsrin birinci otuzilliyində Azərbaycanın şimal xanlıqlarını işğal edən Rusiya imperiyası XIX - XX əsrin əvvəllərində Şimali Azərbaycanda apardığı müstəmləkə siyasətinin tərkib hissəsi olan köçürmə siyasəti aparmışdır. Məqsəd ölkənin köklü əhalisini - azərbaycanlıları assimilyasiyaya uğratmaq, bu müsəlman torpaqlarını imperiya daxilində “əritmək” idi. Rusiya imperiyası işğal etdiyi məkanda özünün siyasi hakimiyyətini bərqərar etmək məqsədi ilə əhalisinin 90%-dən çoxunun müsəlman olduğu ölkənin etnik nomenklaturasında xristian elementinin çəkisinin artırılmasını əsas götürüb, qeyri-köklü xristian etnosları ölkəyə köçürməyə başlamış və ölkə əhalisinin tərkibinə yeni etnosları - almanları və rusları daxil etmiş, ermənilərin sayı kütləvi köçürmə nəticəsində kəskin şəkildə artmış, nəticədə ölkə əhalisinin etno-konfessional nomenklaturasında demoqrafik dəyişikliklər baş vermişdi.
XIX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan multikulturalizmi tarixində almanlar yer tutmuş və Azərbaycan tarixinə alman səhifələri gətirmişlər. Аlmanların ölkə ərazisinə köçürülməsi kampaniyası II Rus-İran(1804-1813) müharibəsinin nəticəsi olan Gülüstan müqaviləsi bağlandıqdan sonra başlanmışdı. Almanları Cənubi Qafqaza, о cümlədən Azərbaycan torpaqlarına köçürərkən Rusiya imperiyası əsas məqsəd olaraq, bölgədə etno-konfessional bazanın yaranmasını və xristian elementin müsəlman ölkəsinə daxil olmasını götürür və əhali tərkibində kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verməsinə çalışırdı.
Bölgəyə köçürülərkən almanların ilk dalğasını Almaniyanın Vürtemberq krallığında yaşayan təriqətçilər təşkil etmişdilər. Bu almanların Qafqazda məskunlaşması üçün Rusiya hakim dairələri dövlət xəzinəsindən 100.000 rubl pul ayırmışdı. Bu bölgəyə köç edən almanların bir hissəsi Azərbaycan torpaqlarında məskunlaşmış və 1818-1819-cu illərdə ölkədə dörd alman koloniyası yaranmışdı. Yelenedorf və Annenfeld –Gəncə torpaqlarında, Yekaterinenfeld və Aleksandergilf – Borçalı ərazisində*.
XIX əsrin əvvəllərində Almaniya krallıqlarından alman təriqətçilərinin Qafqazda məskunlaşma istəyinin səbəblərindən biri konfessional amillə bağlı olmuşdu. Həmin dövrdə Vürtemberq krallığında lüteranlığa itaət edən dindarlar sırasında ortodoksal kilsədən uzaqlaşma hərəkatı başlanmışdı. Belə ki, XVIIIəsrin sonu XIX əsrin əvvəllərində Avropa dövlətlərində baş verən sosial-siyasi proseslər onları “məşhər günü”nün yaxınlaşması qənaətinə gətirmişdi. Yaranmış vəziyyətdə “məşhər günü”nü qarşılamaq üçün fanatiklər və onların ardıcılları Qüdsə yaxın bir məkandaməskunlaşmağa qərar verirlər. Məkan obyekti olaraq Qafqaz götürülür.
Alman təriqətçilərinin Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçmə arzuları başqa amillərlə də bağlı olmuşdu. Onlar Napoleon müharibələri nəticəsində sosial-iqtisai-siyasi həyatı dağıdılmış, ümumilikdə tənəzzülə uğramış ölkədən qaçmaq üçün konfessional amili bəhanə etmiş, epidemiyaıarın, siyasi hakimiyyət pərakəndiliyinin mövcud reallığından qurtulmaq istəmişlər. Şimali Azərbaycanda məskunlaşan almanlar Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin tələblərinə cavab verməsələr də ölkənin sosial-iqtisadi sahəsinə Qərb elementlərini daxil edə bilmiş, kənd təsərrüfatında üzümçülük, şərabçılıq, tütünçülük kimi sahələr, süni mineral suların hazırlanması onların adı ilə bağlı olmuşdur. Ölkə əhalisinin tərkibinə qatılan almanların sayı Birinci dünya müharibəsi illərində 15.990 nəfərə çatmış, Azərbaycan tarixində özünəməxsus iz qoymuşlar. Ölkədə multikultural mühitin inkişafına təsir göstərən almanlar XX əsrinbirinci yarısında baş verən sosial-siyasi təlatümləri yaşamış və Böyük Vətən müharibəsi başladıqdan sonra SSRİ-də arzuolunmaz etnik qrup kimi göstərilərək, ölkənin şərqinə —Orta Asiya və Sibirə sürgün edilmişdilər.
XX əsrin sonlarında Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra polikonfessional və polietnik əhaliyə malik olan Azərbaycan Respublikası azsaylı xalqların hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu götürmüş, ölkədə yaşayan alman icması bu siyasətdən bəhrələnmişdir. Bu dövrdən başlayaraq, Azərbaycan tarixinin alman səhifələri ciddi şəkildə tədqiqatçılar tərəfindən öyrənilməyə başlamış,almanların maddi-mədəni abidələri bərpa edilmiş və hal-hazırda Azərbaycan irsinin tərkib hissəsi olaraq qorunur. Azərbaycan multikultural laylarına aid olan Azərbaycan tarixinin alman səhifələrini işıqlandırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixində Sərəncam imzalamışdır.