12. Münaqişələr və böhranlı idarəetmədə əməkdaşlıq
§12.2. Münaqişələrin səbəbi və onların antiböhranlı idarəetmədə rolu
Müəssisədə yarana biləcək münaqişənin dərk edilməsi və aşkara çıxarılması, menecerdən münaqişələrin yaranmasının potensial səbəblərini bilməyi tələb edir. Münaqişələr əmək prosesləri nəticəsində, sosial münasibətlərin pis təşkili nəticəsində və ya kollektiv üzvlərinin şəxsi xüsusiyyətlərindən irəli gələ bilər. Münaqişələrin səbəblərini daha geniş araşdıraq.
Əmək fəaliyyəti işçilərin birgə hərəkətlərini, tabeçilik və rəhbərlik münasibətlərini, həmçinin işgüzar münasibətlərini nəzərdə tutur. Bütün bu proseslər isə həm onların təşkili, həmdə yerinə yetilməsi cəhətdən kifayət qədər mürəkkəbdir. Bu proseslərdə əvvəlcədən iştirakçı subyektlər (ayrı-ayrı əməkdaşlar, işçi qrupları və ya müəssisənin bölmələri) arasında müəyyən ziddiyyətlərin yarana biləcəyi ehtimalı mövcuddur. Bu münaqişələr aşağıdakı hallarda yaranır:
a) məqsədlərin qarşıya qoyulması və bu məqsədlərə çatmaq yolunda;
b) məsələlərin və vəzifə səlahiyyətlərinin bölünməsi və yerinə yetirilməsi zamanı;
c) resursların bölüşdürülməsi zamanı;
d) kommunikasiyaların (işçilər arasında münasibətlərin) həyata keçirilməsi zamanı.
Müəssisənin hər bir işçisi və işçilər qrupunun öz məqsədləri olur. Bəzi hallarda bu məqsədlər yazılı sürətdə müəyyən edilmiş olur (məs. müəssisənin nizamnaməsində). Münaqişə həm də məqsədlərin müxtəlifliyindən baş verə bilər.
Məqsədlərə çatmaq yolunda üsulların müxtəlifliyi də narazılıq, ziddiyət və hətta münaqişələr yarada bilər. Çunki çox vaxt işçilər məqsədə çatmaq üçün fərqli baxışlara malik olurlar.
Vəzifələrin və səlahiyyətlərin bölünməsi və yerinə yetirilməsi prosesində də məsələlərin qarşılıqlı bağlı olması, problemlərin ardıcıllıqla həll edilməsi və vəzifələrin düzgün yerinə yetirilməməsi səbəbindən münaqişələr yarana bilir.
Münaqişələrin ən geniş yayılmış səbəblərindən biri, resursların bölünməsi zərurətidir (resurslar həmişə məhduddur).
1. İş prosesində formalaşan işçi atmosferi əksər hallarda kollektiv üzvləri arasındakı münasibətlərin keyfiyyətindən asılı olur. Bütün bunların nəticəsində iş prosesində münaqişələrin yaranması və inkişafı üçün müxtəlif səbəblər meydana çıxır.
2. İşin pis təşkilindən yaranan münaqişələrin səbəbləri. Bu qrup səbəblərə bunlar aid edilə bilər:
a) insanların idarəedilməsində vahid rəhbərlik prinsiplərinin pozulması;
b) işdəki prosedur və psixoloji qeyri-müəyyənliklər;
c) funksiyaların, hüquqların, hakimiyyətin və məsuliyyətin düzgün bölüşdürülməməsi;
Nəzərdə almaq lazımdır ki, antiböhranlı idarəetmə zamanı, işin pis təşkili ilə bağlı münaqişələr yaranmamalıdır.
3. Sosial münasibətlərin pis təşkili ilə bağlı münaqişələrin yaranmasına, kollektivdə əməkaşlığın təşkili və sosisal- psixoloji mühitin formalaşmasına rəhbərin kifayət qədər diqqət yetirməməsi səbəb olur.
4. Kollektiv üzvlərinin şəxsi xüsusiyyətləri ilə bağlı münaqişələrin tələblərinə bunlar aiddir:
a) işçilərin davranışları və iş stilindəki (üslubundakı) fərqlər;
b) hiss və emosiyalardakı fərqlər;
c) işçilərin şəxsi xarakterindəki neqativ xüsusiyyətlər.