2.3 Bank xidmətləri bazarı və bank məhsulu Banklar milli iqtisadiyyatda maliyyə vasitəçiləri kimi böyük rol oynayır. Onlar sərbəst qalan pulları dövriyyəyə cəlb edir və onları məhz ehtiyacı olan şəxslərə və ya müəssisələrə kredit şəklində verirlər. Bununla da onlar çox vacib bir vəzifəni icra edir, həmçinin müştərilər arasında hesablaşmaları yerinə yetirir və bunula da vasitəçi kimi xidmət göstərirlər. Ümumilikdə təsərrüfat fəaliyyəti prosesində hesablaşmalar nağd və nağdsız formada həyata keçirilir. Nağd pul dövriyyəsi nağd pulla aparılan dövriyyəni əks etdirir. Nağdsız hesablaşmalar isə nağd vəsaitin iştirakı olmadan pul vəsaitlərinin bir hesabdan digər hesaba köçürülməsi vasitəsilə yerinə yetirilir.
Ümumiyyətlə banklarının fəaliyyət dairəsi çox genişdir və bu, inkişaf etmiş ölkələrdə getdikcə artır. Hər bir bank rəqabətə tab gətirmək üçün öz müştərilərinə daha çox və daha yüksək keyfiyyətli xidmət göstərmək istəyir. Bankların fəaliyyət predmeti məhz bank məhsulundan və onunla bağlı olan xidmətlərdən asılıdır. Bank məhsulu maddi şəkildə rəsmiləşdirilmiş xidmətlərdən ibarətdir. Hazırda bankların müştərilərə göstərdiyi xidmətləri bir neçə qrup üzrə təsnifləşdirmək olar. Ənənəvi bank xidmətlərinə nəzər saldıqda:
- əmanətlərin (depozitlərin) cəlb edilməsi, borcalanların razılaşma əsasında kreditlərin verilməsi xidməti;
- müştərilərin və müxbir –bankların hesablarının aparılması;
- müştərilərə və müxbir banklara kassa xidməti;
- bankların öz vəsaitləri hesabına müştərilərin tapşırığına əsasən maliyyələşmənin aparılması;
- investisiya vasitələrinin sahiblərinin və sərəncamçılarının tapşırığına əsasən kapital qoyuluşlarının maliyyələşməsi xidməti;
- ödəmə sənədlərinin və başqa qiymətli kağızların (çeklərin, akkreditivlərin, veksellərin, səhmlərin, istiqrazların) buraxılışı;
- xarici valyutanın təşkilatlardan və vətəndaşlardan alınması və onlara satılması xidməti;
- qiymətli metalların, qiymətli təbii daşların, həmçinin onlardan hazırlanmış əşyaların alqı –satqısı;
- beynəlxalq bank praktikasına uyğun olaraq qiymətli metalların hesablara və əmanətlərə cəlb edilməsi, yerləşdirilməsi və digər xidmətlərin göstərilməsi;
- bank və müəssisələrin fəaliyyəti ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi;
- öz ölkəsinin bank qanunlarının və lisenziya ilə icazə verdiyi digər xidmətlərin yerinə yetirilməsi.
Bankların həyata keçirdiyi qeyri -ənənəvi bank xidmətlərinə isə aiddir:
- trast (etibar –inam ) xidməti;
- lizinq xidməti;
- faktorinq xidməti;
- forfatinq xidməti.
Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların həyata keçirdiyi bu xidmətlər “Azərbaycan Respublikasının banklar və bank fəaliyyəti haqqında” Qanunun 27 –ci maddəsində öz əksini tapmışdır.
Qeyd olunanlarla yanaşı kommersiya bankları Mərkəzi bankların göstərişi əsasında ölkə bücəsinin icrasını da yerinə yetirirlər. Nəzərə almaq lazımdır ki, müştərilərlə bank arasında münasibətlər müqavilə əsasında həyata keçirilir. Hal –hazırda bütün müştərilər xidmət olunmaq üçün bankları müstəqil olaraq seçirlər, həmçinin onlar eyni zamanda bir neçə bankın xidmətindən istifadə edə bilərlər.
Kommersiya bankları müqavilə əsasında biri digərindən depozitlər, kreditlər şəklində vəsaitlər cəlb edə bilər, yerləşdirər və həmçinin nizamnamədə nəzərdə tutulan digər qarşılıqlı əməliyyatları apara bilərlər. Müştərilərə kredit vermək üçün onların tələbatlarına uyğun olaraq vəsait çatışmadıqda, həmçinin digər öhdəlikləri icra etmək üçün kommersiya bankları Mərkəzi banklardan kredit almaq hüququna malikdirlər.
Kommersiya bankları öz vəsaitlərini saxlamaq və müəyyən xidmətləri həyata keçirmək üçün müxbir hesab açdığı bankı da müstəqil olaraq seçir. Belə hesab açılarkən müxbir münasibətlərini əks etdirən müqavilə bağanır, qanunvericilik əsasında sənədləşmə aparılır.
Son zamanlar, xüsusilə, XX əsrin sonlarından başlayaraq ETT –nin sürətli inkişafı bank sektorunda da özünü büruzə verməyə başlamışdır. Belə ki, banklar artıq müştərilərlə olan münasibətləri on –line sistemində təşkil etməyə başlamışdılar ki, on –line bank xidmətlərinin də özünün kifayət qədər üstün cəhətləri vardır:
- əməliyyatların sürətinin artması;
- müştərilərə daha yaxşı xidmətin göstərilməsi;
- xərclərin azalması;
- bazar paylarının artırılması;
- digər banklarla beynəlxalq bankçılıq sahəsində rəqabət şərtlərinə uyğunlaşma.
Ümumilikdə konkret olaraq on –line bank xidmətlərinə home –bankinq xidmətləri, distansiyalı bank xidmətləri modeli, bankomatlarla xidmət, plastik kartlarla əməliyyatlar aid edilir.
XX əsrin 80 –ci illərinin əvvəlləri müştərilərə göstərilən bank xidmətlərinin yeni istiqamətinin inkişafının başlanğıcı hesab edilir. Bu, kompyuter sisteminin formalaşması ilə bank əməliyyatlarının bilavasitə müştərilərin evlərinə və ya ofislərinə çatdırılması idi. Təqdim edilən bank xidmətlərinin spektri müştərilərə göstərilən ənənəvi bank xidmətlərinin siyahısını genişləndirdi. O, adi hesablaşma əməliyyatları ilə yanaşı, məlumat xidmətlərini də əks etdirir.