fəaliyyət sferası Banklar xüsusi bir qurumdur və iqtisadiyyatın inkişafında özünəməxsus yeri var. Bankların yaranması və inkişafı da dünya mədəniyyəti və cəmiyyətin inkişafı ilə bərabər getmişdir. Cəmiyyətin inkişafı tarixində isbata ehtiyacı olmayan bir həqiqət də bankların inkişaf səviyyəsi ilə bütövlükdə sosial –iqtisadi inkişafın düz mütənasibliyindən ibarətdir. Hansı məmləkətdə bankların yüksək səviyyəsi müşahidə olunursa, orada sürətli iqtisadi inkişaf, yüksək mədəniyyət var.
Bankların yaranma tarixi ayrı –ayrı iqtisadçılar tərəfindən müxtəlif cür qiymətləndirilir. Bu diskussiyanın dərinliyinə getmədən göstərmək lazımdır ki, bank italyanca “banco” sözündən götürülmüş, hərfi mənada stol deməkdir. Hətta bu sözün mahiyyətinə uyğun olaraq qədim Yunanıstanda bankirlərə trapezidlər (trapeza –stol deməkdir), qədim Romada mensarlar (mensa –stol deməkdir) deyirdilər.
Məsələ burasındadır ki, iqtisadiyyat inkişaf etdikcə ticarətə, alqı –satqıya daha çox ehtiyac yaranırdı. Bununla əlaqədar olaraq malların alınıb –satılması üçün qızıldan istifadə olunmağa başlanmışdır. Amma istehsal elə səviyyəyə çatırdı ki, artıq malların qızıl örtüyünü daşımaq çətinləşirdi, həm də böyük xərc tələb edirdi. Buna görə qızıl ustaları meydana gəldi, onlar xüsusi yerlər, zirzəmilər hazırlayaraq qızılları saxlamaq üçün qəbul etməyə başladılar. Tacirlər müəyyən müddət üçün xidmət haqqı ödəyərək qızıllarını onlarda saxlayırdılar. Onlar isə təbii ki, bu qızılların qəbulu haqqında əks tərəfə qəbz verirdilər. Tezliklə mallar bu qəbzlərlə alınıb –satılmağa başlandı. Qızıl ustaları burada 100% -li ehtiyatala çalışırdılar, yəni saxlancda nə qədər qızıl var idisə, bir o qəsər də qəbz verirdilər. Sonralar kağız pullar buraxılaraq ehtiyat azaldıldı. Bank sözü də stol arxasında oturaraq pulların dəyişdirilməsi və ya saxlamaq üçün alınması prosesi ilə əlaqədar yaranmışdır.
Sonralar banklar pulların saxlanması və hesablaşmalarla yanaşı, kredit də verməyə başladılar. Babilistanda bizim eradan əvvəl bank işini İqiba və Turaşanın tacirləri, qədim Yunanıstanda isə tacir –trapezidlərlə yanaşı kilsə xidmətçiləri də yerinə yetirirdilər. XII –XIV əsrlərdə Lombarda və Venesiyanın bankirləri xeyli məşhurlaşmışdılar.
Bir çox tədqiqatçıların fikrincə, ilk banklar manufaktura dövründə yaranmışdır. Lakin digərləri tərəfindən bu fikir inkar olunur və bankların yaranma tarixinin daha əvvəlki dövrlərə təsadüf edildiyi sübut olunur. Tarixçilərin fikrincə, hələ bizim eramızdan 2300 il əvvəl həm də kredit verən ticarət şirkətləri olmuşdur.
Bizim eradan əvvəl VI əsrdə qədim Babilistanda, IV əsrdə Yunanıstanda əmanət alıb suda verən təşkilatlar var idi. Amma bunlar əsl bank deyildi. Əsl maliyyə -kredit institutu kimi bank 1407 –ci ildə İtaliyanın Genuya şəhərində (Banka di San Corco) yaradılmışdır.
Amma bütün bunlarla yanaşı normal bank sisteminin yarnması XVII əsrə təsadüf edir. İngiltərədə ilk dəfə XVII əsrin sonunda banklar əsasən ticarət –sənaye sahələrinin kreditləşdirilməsi ilə məşğul olurdular.
Məhz həmin dövrdən bankların növlərinə və fəaliyyət sferasına nəzər saldıqda görmək olar ki, uzun müddət ərzində bank sistemi yalnız kommersiya bankları kimi fəaliyyət göstərmişdir. Lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır. Beləliklə, ikipilləli bank sistemi yaradılmışdır. Bu sistemdə birinci pilləyə mərkəzi banklar, ikinci pilləyə isə, kommersiya bankları və digər kredit institutları daxil edilmişdir.
Mərkəzi banklar kredit sisteminin mərkəzi olub, yalnız pul-kredit sisteminin tənzimlənməsi ilə məşğul olur. O, banklar arasında əsas yer tutur, “banklar bankı” adlanır. Mərkəzi bank banklar üçün koordinasiya rolu oynayır və onların işini yalnız iqtisadi tənzimləmə metodları ilə nizamlayır. Mərkəzi bank ölkənin bank sistemi üzərində nəzarəti həyata keçirir. O, yalnız banklara və hökümətə xidmət edir. Buna görə də, mərkəzi bank dövlətin bankiri adlanır. Onlar dövlət büdcəsinin emissiya-kassa fəaliyyətinin həyata keçirilməsində əsas rol oynayırlar.
Bizə məlum olduğu kimi iqtisadiyyatın bütöv tənzimləmə sistemi tələb və təklifə əsasən həyata keçirilir ki, bunun da əsas hissəsi olan pul təklifinin həcmi mərkəzi banklar tərəfindən müəyyən olunur. Mərkəzi bankların yeritdikləri pul-kredit siyasəti nəticəsində bir neçə gün ərzində qiymətləri həm sabit saxlamaq, həm də milli valyuta kurslarını əhəmiyyətli dərəcədə dəyişmək olar. Mərkəzi banklar istehsalı dayandırmaq, sürətlə artırmaq, həmçinin işsizliyi artırmaq və ya aradan qaldırmaq imkanına malikdir. Buna görə də, mərkəzi banklar hər bir ölkədə başlıca diqqət mərkəzindədir. Bazar iqtisadiyyatına malik bütün ölkələrdə mərkəzi bankların işi eyni prinsip üzərində qurulmuşdur. Onlar hər yerdə dövlətin göstərişi ilə idarə olunur və eyni zamanda nisbətən müstəqildirlər. Onların işində müdaxiləyə yol verilmir. Bütün ölkələrdə onlar eyni vəzifələri icra edir. Bununla bərabər, mərkəzi bankların qurulmasında, idarə edilməsində, sərbəstlik səviyyəsində və s. bəzi spesifik xüsusiyyətlər var.
Dünya miqyasında mərkəzi bankların işinin səmərəsi onların sərbəstliyindən çox asılıdır. Mərkəzi bankların bilavasitə hökümətin təsiri altında olması hökümətin borclarını ödəmək üçün emissiyanı artırmağı, bazarda pul təklifini çoxaltmağa və uyğun olaraq qiymətləri artırmağa, inflyasiyanı yüksəltməyə gətirib çıxarır. Ona görə də mərkəzi banklar və həmçinin kommersiya bankları tədricən nisbətən sərbəstləşdirilir və hökümətin buxovundan azad edilir.
Mərkəzi bankların sərbəstlik dərəcəsi adətən onların iqtisadiyyatlarının idarə olunmasına və tənzimlənməsinə müdaxiləsi ilə müəyyən olunur. Belə müdaxilə ayrı-ayrı ölkələrdə müxtəlifdir.
Eyni zamanda Mərkəzi bankların sərbəstliyi iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, mərkəzi bankların tam sərbəst olduğu ölkələrdə siyasi və iqtisadi sabitlik, aşağı səviyyəli infilyasiya və yüksək iqtisadi artım mövcuddur. Bunun əksinə olaraq, mərkəzi banklar tam sərbəst olmayan ölkələrdə isə yüksək inflyasiya səviyyəsi qeyri- sabitlik müşahidə olunur.
Dünya bank sistemində ikinci pilləli banklar kimi kommersiya bankları mühüm yer tutur. Əgər mərkəzi banklar “bankların bankı” olaraq banklara və hökümətə xidmət edirsə, kommersiya bankları bilavasitə müştərilərə xidmət edir, onlarla işləyir. Ümumiyyətlə, qeyd etdiyimiz kimi kommersiya bankları anlayışı bank sektorunun ilk yarandığı dövrlərdən istifadə olunmağa başlanmışdır. Əslində, “kommersiya” sözü “commerce” sözündən götürülüb, mənası “ticarət” deməkdir. Kommersiya bankları anlayışı Azərbaycan dilinə “ticari banklar” kimi tərcümə olunur. Hazırda ayrı-ayrı ölkələrdə kommersiya banklarına müxtəlif çeşidli maliyyə-kredit institutları aid edilir. Onların ən başlıca fərqi isə, pul-emissiyası hüquqlarının olmamasıdır. Bu banklar bəlli iki funksiyanı yerinə yetirirlər: borc almaq və borc vermək. Borc almaq çox zaman əmanət şəklində, borc vermək isə kredit şəklində ortaya çıxır. Kommersiya bankları bank sistemi içərisində ən önəmli fəaliyyətlərindən biri də bank pulunu yarada bilməsidir. Bank pulu banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, təkrar kredit olaraq verilməsi nəticəsində olur. Bank pulu çek sisteminin uyğunlaşdığı ölkələrdə böyük bir rola sahibdir. Azərbaycanda çeklə ödəmələr inkişaf etməmişdir. Bunun bəzi tarixi və sosioloji səbəbləri vardır. Xalq ödəmə məqsədilə nəzərdə tutduğu pulu banka qoymağa alışmamışdır. Bundan başqa bank menecmentinin zəifliyi və onlara qarşı inamın yoxluğu, banklarda etibar səviyyəsinin azlığı kimi fikirləri də söyləmək mümkündür.
Qeyd edək ki, funksional təyinatından asılı olaraq banklar emissiya banklarına ( Mərkəzi Bank ), kommersiya banklarına və bir də depozit banklarına bölünür. Mərkəzi və kommersiya bankları haqqında yuxarıda müəyyən dərəcədə məlumat verməyə çalışdıq. Depozit banklar isə bir qayda olaraq əhalidən əmanətlərin cəlb olunması ilə məşğul olurlar. Əmanət cəlbi bank fəaliyyətinin əsas növlərindən biridir və özünəməxsus xüsusiyyətlərinə görə fərqlənir.
Azərbaycanda kommersiya və depozit bankların fəaliyyəti hal –hazırda qüvvədə olan 14 iyul 1994 –cı il tarixli “Azərbaycan Respublikasında banklar və bank fəaliyyətri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Onların icra etdikləri əməliyyatlar toplusu həmin qanunun 27 –ci maddəsinin 1 –ci bəndi ilə müəyyənləşdirilmişdir. Kommersiya və depozit banklarının artıq formalaşmış olan, bütün dünya tərəfindən qəbul olunmuş əməliyyatlar toplusuna qanunvericilik əsasında yeniləri daxil olur. Bazar şəraitində fəaliyyət göstərən bu banklar artıq qarşılıqlı olaraq bir –birinə xas olan əməliyyatları icra edirlər.
Ümumilikdə depozit bankların verdiyi kreditlər üzrə xüsusi çəkisi də xeyli artmışdır. Əmanət banklarında bu rəqəmlərin müstəqillik illərindən sonra çəkisinin tədricən yox olduğunu demək olarsa, kommersiya bankları tərəfindən verilən kreditlərin ümumi həcmi xeyli artmışdır:
Cədvəl 1.2Depozit banklar (milyon manat) Banklar tərəfindən aparılan əməliyyatların xarakterindən asılı olaraq kommersiya banklarını universal və ixtisaslaşdırılmış kimi növlərə ayırmaq olar.
Universal banklar fiziki və hüquqi şəxslərə onların hansı təsərrüfat sahəsinə aid olmasından asılı olmayaraq xidmət göstərir, qanunvericilikdə nəzərdə tutulan bütün əməliyyat toplusunu icra edə bilərlər.
İxtisaslaşdırılmış banklar isə yalnız müəyyənləşdirilmiş bəzi əməliyyatları icra edirlər. Bir çox ölkələrdə belə banklara xarici iqtisadi əlaqələrə xidmət edən bankları, ipoteka banklarını, sahə banklarını aid edirlər. Azərbaycanda da belə sahə bankları əvvəllər mövcud olmuş və yalnız dar bir çərçivədə fəaliyyət göstərmişlər. Onlara misal olaraqkəndə təsərrüfatı sahəsinə xidmət etmiş Aqrar Sənaye Bankını, tikinti sahəsinə xidmət etmiş Sənaye Tikinti Bankını, xarici ticarət əməliyyatlarını icra etmiş Xarici Ticarət Bankını, ancaq əmanətlə bağlı əməliyyatları icra etmiş Əmanət bankını göstərmək olar. İndi artıq Respublikamızdauniversal banklara daha çox üstünlük verilir.
Dünya praktikası sübut edir ki, inkişaf hər iki istiqamət, həm universallaşma, həm də ixtisaslaşma üzrə gedir. Hər iki halda yüksək mənfəət əldə etmək, yüksək keyfiyyətli xidmət təşkil etmək mümkündür.
Dünya praktikasından görünür ki, universal banklara meyillik daha çoxdur. Bu ondan irəli gəlir ki, bank risklərinin səviyyəsi azalır, müştərilər öz tələbatlarını çox formalı bank xidmətləri ilə yerinə yetirə bilərlər. İxtisaslaşdırılmış və universal banklar ideyası demək olar ki, paralel olaraq inkişaf etdirilmişdir. Bu dünya bank praktikasının inkişaf qanunauyğunluğudur. Belə qəbul olunmuşdur ki, ixtisaslaşma bank xidmətinin keyfiyyətli olmasına və bank xidmətlərinə məsrəflərin azalmasına şərait yaradır. Bir çox ölkələrdə, o cümlədən ABŞ –da ixtisaslaşmış banklara üstünlük verilir. Avropada isə əksinə universal banklar üstünlük təşkil edir.
Bankların bu formalarını həm də xidmət etdiyi təsərrüfat sahələrinə görə də təsnifatlaşdırmaq olar. Bu halda banklar milli iqtisadiyyatın çox sahələrinə və eyni zamanda bir sahəsinə xidmət göstərənlərə ayrılırlar. Azərbaycanda da belə banklar var: əsasən rabitəyə xidmət edən Rabitəbank, qaz sənayesinə xidmət edən Azəriqazbank, dəmir yolu sisteminə xidmət edən Dəmiryolbank və s. Böyük ölkələrdə , məsələn, Rusiya, Almaniya, Böyük Britaniyada çoxsahəli banklar üstünlük təşkil edir. Bu ölkələrdə, həmçinin bir çox sahələrin müəssisələri qrup halında birləşərək banklar yaradırlar. Belə banklarda bir qayda olaraq risk yüksək səviyyədə olur.
İxtisaslaşdırılmış banklar da eyni zamanda qeyd edək ki, ipoteka banklarına, istehlak krediti banklarına, innovasiya banklarına, kredit kooperativlərinə, sahəvi banklara, investisiya banklarına ayrılır.
Son zamanlar qiymətli kağızların alışı və satışı, investisiya ilə bağlı əməliyyatların həcminin artması ilə investisiya banklarının xüsusi çəkisi də xeyli artmışdır. İnvestisiya bankları daha çox kapital bazarının inkişaf etdiyi ölkələrdə xalqın qısa və uzun bir müddət üçün istifadə etmədiyi əmanətləri ilə şirkətlərin və dövlətin uzun müddətli kreditə olan ehtiyaclarının qarşılanmasında vasitəçi olurlar.
İlk investisiya bankı 1852 –ci ildə Fransada ( Credit Mobilier ) qurulduqdan sonra Avropa ölkələrinin çoxunda bu tipli banklar yaradılmağa başlandı.
İnvestisiya bankları şirkətlər tərəfindən ixrac edilmiş qiymətli kağızların bir hissəsinin satılmaması halında özü satın almanı qəbul edə bilir. Bu əməliyyata öhdəliyin satışı deyilir. Bank bu qarantıyla bir növ şirkətin ixrac edəcəyi qiymətli kağızları sığorta etdirməkdədir.
Bu əməliyyatdan bank iki şəkildə gəlir əldə edə bilər. İlk olaraq, satışda vasitəçilik etdiyi qiymətli kağızlar üzərində müəyyən bir komisyon alır.
İkinci olaraq da qaranti komisyonu alır. Bu qaranti komisyonu qaranti etdiyi (satışını) sənədlərin dəyəri üzərinə alınır.
İnvestisiya bankları aşağıdakı vəzifələri də yerinə yetirməkdədirlər:
- müşavirəlik;
- investor və əmanətçi arasında xəbərləşməni saxlamaq;
- şirkətlər arasında birləşmə əməliyyatları mövzusunda təkliflərdə iştirak;
- şirkətlərin xalqa açılmasını stimullaşdırmaq.
Bununla yanaşı qeyd edək ki, islam ölkələrində İslam bankları da fəaliyyət göstərməkdədir. İlk belə bir bank qurulması ilə çalışma 1940 –cı ilin ortalarında Malayziyada başlanmış, lakin uğursuzluqla nəticələnmişdir.
Eyni şəkildə, faizsiz bank qurulması təşəbbüsü ilə 1950 –ci illərdə Pakistanda İslam bankı qurulma istəyi olmuş, lakin bu təşəbbüs həyata keçməmişdir.
Daha sonra, 1975 –ci ildə Ciddədə kral Faiselin dəstəyi ilə İslam konfransı təşkilatına üzv olan ölkələrin iqtisadi inkişaf proqramlarını islam prinsipləri çərçivəsində dəstəkləyən –“İslam İnkişaf Bankı” qurulmuşdur. İslam bankının ən başlıca özəlliyi, İslam dinində faizin haram sayılması səbəbi ilə, faizsiz bir iqtisadi sistem inkişaf etdirməyə çalışmasıdır. İslam bankının dayandığı iki təməl prinsip vardır:
- pulun bir mal deyil, bir mübadilə vasitəsi, bir finans hesab ölçüsü olması;
- əməyini ortaya qoyan, sərmayəsini ortaya qoyanın işinin nəticəsinə görə ortaq məsuliyyət daşımasıdır. Mənfəət və ya zərərə şərik olmasıdır.
Bankları eyni zamanda müxtəlif əlamətlərinə görə də təsnifləşdirmək olar. Belə ki, kapitalın həcmindən asılı olaraq banklar kiçik və iri kapitala malik banklara ayrılırlar.
Bankların təcrübəsi göstərir ki, kiçik kapitala malik bankların öz fəaliyət dairəsini genişləndirmək imkanları məhdud və likvidliklə bağlı riskləri yüksəkdir. Bu o deməkdir ki, kiçik banklar bütövlükdə bank sistemini möhkəmləndirə bilməzlər. Lakin bu heç də o demək deyildir ki, bazar iqtisadiyyatı şəraitində kiçik banklar fəaliyyət göstərməməlidir. Dünya praktikası göstərir ki, kiçik banklar kiçik istehsal strukturları ilə daha səmərəli işləyirlər. Çünki iri banklar bir qayda olaraq kişik strukturlarla işləmir. Kiçik banklar iri kapitalın müdaxilə etmədikləri kiçik və orta biznesin inkişafının maliyyələşməsi ilə məşğul olurlar.
Xidmət sahələrinə görə isə banklar regional, regionlararası, milli, beynəlxalq, transmilli banklara bölünürlər.
- Regional banklara hər hansı bir regiona aid olub, o ərazinin hüquqi və fiziki şəxslərinə xidmət göstərən banklar aid edilir.
- Regionlararası banklara adətən böyük ölkələrdə bir neçə regionun banklarının fəaliyyətinin koordinasiyası ilə məşğul olan banklar aid edilir.
- Milli banklara adətənmərkəzi bank funksiyasını yerinə yetirən çoxpilləli sistemdə ilk pilləni təşkil edən banklar aid edilir.
- Beynəlxalq banklara həm beynəlxalq təşkilatlar və bir neçə ölkə tərəfindən yaradılmış banklar (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Avropa İnkişaf Bankı, Asiya İnkişaf Bankı) aiddirlər.
- Transmilli banklar kapitalın beynəlxalq mərkəzləşmə və təmərküzləşməsinin yüksək səviyyəsinə çatmış banklardırlar. Onlar sənaye nəhəngləri ilə birləşərək ssuda kapitalının və kredit –maliyyə xidmətlərinin dünya bazarının iqtisadi bölgüsündə real iştirak edirlər. Transmilli banklar XIX əsrin sonu XX əsrin əvvəllərində meydana gəlmişlər. Belə banklara aid olaraq Yaponiyanın “Dayiti Kanqe bank”, “Sumitomo bank”, “Fudzi bank”, Fransanın “Kredi Aqrikol”, ABŞ – ın “Siti korp”, Böyük Britaniyanın “Barklayz bank”, Almaniyanın “Doyçe bank” kimi banklarını və digərlərini göstərmək olar.
Dünya təcrübəsindən məlum olduğu kimi, bir çox ölkələrdə xüsusi təyinatlı banklar və kredit təşkilatları da fəaliyyət göstərirlər. Belə banklar icra orqanlarının səlahiyyətli bankları olmaq etibarilə onların göstərişləri əsasında müxtəlif əməliyyatları və dövlət proqramlarının maliyyələşməsini həyata keçirirlər. Bu banklar öz statuslarına aid olan ölkə qanunvericiliyinin icazə verdiyi əməliyyatları da icra edə bilərlər. Bəzi bank olmayan kredit təşkilatları isə yalnız ayrı –ayrı əməliyyatları həyata keçirir və bu fəaliyyət üçün Mərkəzi Bankdan lisenziya alırlar