Plastik kartlarla əməliyyatların əhəmiyyəti ondan ibarətdir ki, nağd pul vəsaitlərinin tədavülü probleminin mümkün və ən perspektivli üsullarından biri plastik kartlar əsasında səmərəli avtomatlaşdırılmış nağdsız hesablaşmalar sisteminin təşkilidir. Bu, texnologiya sisteminin bütün iştirakçıları üçün rahat mühitin yaradılmasını təmin edir.
Bank plastik kartları bank hesablarının idarə edilməsi və kartın istifadəçisinin əmtəə və xidmətlər üzrə ödənişlərinin həyata keçirilməsinə, nağd vəsaitlərin əldə edilməsinə, digər xidmət və üstünlüklərin istifadəsinə imkan verən universal ödəniş sistemidir.
Müasir şəraitdə dünyanın 200 –dən çox ölkəsi plastik kartlardan istifadə edir. Bu da plastik kartların bank sistemində texnoloji inqilabının mühüm elementi sayılmasına əsas verir. Plastik kartlar əksər hallarda elektron bank sisteminin əsas elementi kimi çıxış edir. Dünya bank təcrübəsində plastik kartlardan istifadə mühüm gəlir mənbəyi sayılır. ABŞ –da bəzi qiymətləndirilmələrə əsasən kartlarla verilən kreditlər cəmi 6% təşkil edir. Bununla belə, kredit kartları üzrə əldə olunan gəlirlər bankların ümumi gəlirinin 10% -i həcmindədir.
Bank kartları əsasən 3 növdə olur: maqnit zolağı olan, mikroprosessor ilə kart (smart –kart), adi bank kartları.
Ümumilikdə deyilənlərlərdən əlavə qeyd etmək lazımdır ki, plastik kartlarla yanaşı bank məhsulu hesab edilən elektron çeklər, rəqəmli pullar və elektron pullardan da geniş istifadə olunur.
Elektron çeklər(kommersiya qiymətli kağızının növü) elə bir sənəddir ki, burada ödəyici öz bankına pulların köçürülməsi haqqında göstəriş verir. Elektron hesablaşma çeki adi hesablaşma çekinin xüsusiyyətlərinə malikdir. Elektron çek alıcı tərəfindən elektron poçtla pul ödənişinin alanı olan satıcıya ötürülür. Satıcı bank çeki təqdim edir və onunla pulunu alır. Bundan sonra çek alıcıya qaytarılır və ödəniş faktını sübut edən sənəd olur. Satıcı malı alıcının evinə çatdırır.
Rəqəmli pullar(digital cash) kağız nağd pulların analoqudur. Onlar pul işarələrinə malikdirlər. Rəqəmli pullar özlüyündə komplekt, yəni kuponların dəsti kimidir. Kuponlar –pulun müəyyən miqdarını əks etdirən rəqəmlər zəncirindən ibarətdir. Bunları emissiya edən bank hər bir kuponu rəqəmli imza ilə təsdiq edir. Rəqəmli imza –elektron məktubun göndəricisinin şəxsi açarı ilə şifrələnməsi ilə aparılan xüsusi imza deməkdir. Rəqəmli pullar bank tərəfindən təsdiq olunmuş kuponlar formasında olmaqla bank tərəfindən buraxılır.