Müəllim şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər.
Ali məktəb müəlliminin tərbiyəçi kimi rolu, hər şeydən əvvəl, onun ali məktəbdə təlim prosesinin və ictimai həyatın iştirakçısı, təşkilatçısı və rəhbəri olması ilə müəyyənləşir. Müəllimin dərin elmi, nəzəri, peşə hazırlığı, həyat təcrübəsi, davranış mədəniyyəti, ali məktəbdə özünəməxsus tərbiyəvi mühit yaradır. Tələbələr hörmət etdikləri müəllimlərin haqlı tənqidini, yerində edilmiş iradını qəbul edir və səhvlərini düzəltməyə çalışırlar. Elmi və ictimai fəaliyyəti ilə seçilən müəllimlərə təlim, elmi, həyati, hətta şəxsi problemləri ilə əlaqədar məsləhət üçün müraciət edirlər. Bir sözlə, ali məktəbdə hər bir tələbənin fərdi imkanlarının inkişafı kompleks biliklərin, sağlaın əqidənin, ideya-siyasi durumun daşıyıcısı olan ali məktəb müəllimindən çox asılıdır. Tələbənin tərbiyəsi dekanlığın, kafedranın, onun hər bir üzvünün elmi dərəcəsindən və elmi adından asılı olmayaraq əsas vəzifəsidir.
Təlim əməyini və tərbiyə prosesini vəhdətdə həyata keçirən pedaqoq tərbiyə sahəsində az-çox müvəfəqiyyət qazana bilir. Tələbəni təlimdənkənar vaxtda «tək» qoymaq olmaz, ona etibarlı məsləhətçi, mənəvi dəstək lazımdır. Bu rolu isə ancaq müəllim-tərbiyəçi öz üzərinə götürə bilər. Mürəkkəb tərbiyə işi müəllim-tərbiyəçi şəxsiyyətinə bir sıra ciddi tələblər verir. Ən başlıcası budur ki, «tərbiyə verənin özü tərbiyəli olsun».
Müəllimin ancaq elmi, yeni texnologiyanı bilməsi kifayət deyil. O, həm də, tələbələrlə işləmək bacarığına malik olmalıdır. Ali məktəb müəllimi himayəçi, nəzarətçi, qəyyum rolunu oynamamalıdır, o, əsil nümunə, nüfuz sahibi olmalıdır. O, ali məktəb kollektivinin yüksək mədəniyyətinin daşıyıcısı olduğunu bir an belə unutmamalı, elmi erudisiyası, dərin ideyalılığı, mədəni davranışı və hərəkətləri, aydın və səlis nitqi ilə fərqlənməlidir. Müəllim özünün təlim-tərbiyə fəaliyyətini qurarkən, tələbə auditoriyasının xüsusiyyətlərini, bilik və hazırlıq səviyyəsini, seçdikləri ixtisası, təhsil ilini (kursu), müstəqil işləmək bacarığını, praktik təcrübəsini və digər amilləri mütləq nəzərə almalıdır. Tələbə auditoriyasının xüsusiyyətləri haqqında bilgilər müəllimdə təhsil-tərbiyə işi prosesində tədricən yaranır. Ali məktəbdə professor-müəllim heyətinin tərbiyə işində kütləvi surətdə iştirakının əsas forması kuratorluqdur. Təcrübə göstərir ki, akademik tələbə qrupunda mühazirə, yaxud seminar məşğələləri aparan və buna görə də qrupun tərkibinə, qarşılıqlı münasibətlər sisteminə, maraqlarına yaxşı bələd olan müəllim kuratorluq etdikdə, orada tərbiyəvi effekt daha yüksək olur.
Aydındır ki, tələbə tərbiyə prosesinin fəal iştirakçısıdır. Odur ki, müəllim tələbə təşəbbüskarlığının, müstəqilliyinin, özfəaliyyətinin təşkilatçısı, təhrikedicisi kimi çıxış etməli, tərbiyəvi tədbirlərin keçirilməsində həlledici rolu onların üzərinə qoymağı bacarmalıdır. Tərbiyə işinin məhz bu cür qoyuluşu tələbələrdə təşkilatçılıq bacarıqlarını və siyasi-ideoloji bilikləri inkişaf etdirir. Gənclərdə müstəqillik keyfiyyətləri inkişaf etdirmədən onları cəmiyyətin fəal qurucusuna çevirmək olmaz. Respublikamızın müasir siyasi, iqtisadi, mənəvi-mədəni həyatı tələbə gənclərin tərbiyəsi işini qüvvətləndirməyi tələb edir. Tələbə kollektivi içərisində tərbiyə işi aparmaq müəllimdən dərin bilik, xüsusi hazırlıq tələb edir. Çünki o, ümumtəhsil almış, müəyyən hazırlığa və həyat təcrübəsinə malik, daim inkişafda və təkmilləşmədə olan, həyatı başa düşən, təhlil etməyi və ümumiləşdirməyi bacaran, öz fikri, düşüncə tərzi olan adamlarla işləyir.
Dostları ilə paylaş: |