Milli pedaqogika şəxsiyyətin formalaşmasında irsiyyətin roluna dair
Fiziologiyada isbat olunmuşdur ki, cinsi hüceyrədə olan xromosomlar nəsillər arasında bir növ körpü rolunu oynayır. Bir sıra əlamətlər nəsildən nəslə keçir. Milli pedaqogika irsən keçən əlamətləri iki qrupa ayırır: fiziki əlamətlər və fizioloji əlamətlər.
Fiziki əlamətlər deyəndə üzün quruluşu, saçın və gözün rəngi, qamət, səs telləri və s. nəzərdə tutulur; fizioloji əlamətlərə isə sinir sisteminin xüsusiyyətləri: baş beyin
qabağında girinti və çıxıntıların səciyyəsi, sinir hüceyrələri arasında əlaqələr, neyronlar, xromosomda yerləşən genlər və s. aiddir.
Milli pedaqogikaya görə şəxsiyyətin formalaşmasına təsir göstərən əsasən fiziki əlamətlər deyil, fizioloji əlamətlərdir.
Fiziologiyada məlum olmuşdur ki, adamların böyük əksəriyyətində irsi imkanlar normada olur. Məhz bu səbəbdən də onların fiziki, fizioloji və psixoloji, o cümlədən də qabiliyyətlərinin inkişaf imkanları təqribən bərabər olur. Bu o deməkdir ki, eyni yaş dövründə və eyni şəraitdə normal inkişaf edən adamların çoxunda psixoloji xüsusiyyətlər bir birinə oxşayır. Lakin irsi imkanları təqribən oxşar olan adamlar real həyatda müxtəlif mühitə düşür, başqa-başqa tərbiyə alırlar. Bu cür səbəblərdən də adamlarda qabiliyyətlərin müxtəlifliyi, hətta eyni peşə üzrə qabiliyyətlərin inkişaf səviyyəsində müxtəliflik müşahidə olunur.
Milli pedaqogika belə hesab edir ki, normal fizioloji irsi imkanlara malik olan adamların şəxsiyyətini normal inkişaf etdirmək mümkündür. Çünki, adamın fizioloji irsi əlamətləri onun şəxsiyyətinin inkişafı üçün fizioloji imkan, özül, zəmin rolunu oynayır. Hər hansı bitki toxumundan müəyyən məhsul almaq üçün torpaq zəmin rolunu oynadığı kimi fizioloji irsi əlamətlər də şəxsiyyətin inkişafı üçün imkan, zəmin rolu oynayır.
Dostları ilə paylaş: |