Beşbal sistemi üzrə qiymətləndirmənin meyarları. Hər fənnin özünə xas olan xüsusiyyətlərə uyğun meyarları var. Bununla yanaşı, bütün fənlər üzrə və təhsilin ayrı-ayrı pillələri üzrə təhsil alanların biliklərinə, bacarıq və vərdişlərinə aid olan ümumi meyarlar da mövcuddur. Burada həmin ümumi meyarlara əsasən qiymətləndirmə barədə söhbət açılır. Biliklərin, bacarıq və vərdişlərin qiymətləndirilməsində təhsil alanların mənəvi keyfiyyətləri, pedaqoji prosesə göstərdikləri səyin dərəcəsi də nəzərə alınır.
Təhsil alan şəxs proqram materialını şüurlu başa düşdüyünü, biliyini əməli işə tətbiq etməyi bacardığını, məntiqli nitqə malik olduğunu, heç bir səhvə yol vermədiyini, ədəbli olduğunu və səylə oxuduğunu nümayiş etdirdikdə “5” (“əla”) yazılır.
Təhsil alan şəxs proqram materialını şüurlu bildikdə, biliyini əməli işə tətbiq etdikdə, lakin nitqində və davranışında nöqsanları olduqda, oxumağa kifayət qədər səy göstərmədikdə “4” (“yaxşı”) yazılır.
Təhsil alan şəxs proqram materialını əsasən bildikdə, lakin biliyin əməli işə tətbiqi zamanı çətinlik çəkdikdə, nitqində və davranışında nöqsanları olduqda, habelə oxumağa lazımi səy göstərmədikdə “3” (“kafi”) yazılır.
Təhsil alan şəxs proqram materialını bilmədikdə, lakin müəllimin yönəldici suallarına inamsız cavab verdikdə, davranışında və səyində ciddi nöqsanlar olduqda “2” (“pis”) yazılır.
Təhsil alan şəxs proqram materialını tamam bilmədikdə, oxumaq üçün heç səy göstərmədikdə və davranışı qüsurlu olduqda “1” (“çox pis”) yazılır.
Deməliyik ki, müəllimlərin əksəriyyəti sonuncu qiymətə əl atmır: heç kəsə “1” yazılmır. Nəticədə beşbal sistemi əvəzinə dördbal sistemi tətbiq olunur. Belə nöqsan aradan qaldırılmalıdır: ya dördbal sistemi rəsmən qəbul olunmalı, yaxud da beşbal sisteminin tam tətbiqi təmin edilməlidir.
Bunlarla yanaşı, həm ümumtəhsil məktəblərimizdə, həm də ali məktəblərimizdə qiymətləndirmənin başqa formalarından da istifadə edilir. Biz şagirdlərin və tələbələrin rəğbətləndirilməsi və tənbeh edilməsi üsul və formalarını nəzərdə tuturuq.
Dostları ilə paylaş: |