Tənbeh üsulu və onun formaları. Bu üsul tarixən cəza üsulu adlandırılmış və indinin özündə də belə adlanır. Lakin respublikamız demokratiya yolunu tutduğundan, cəza sözü əvəzinə tənbeh sözünün işlədilməsi daha münasibdir.
Tənbeh üsulunun da həm psixoloji və həm də pedaqoji mənası var. Tənbeh üsulunun psixoloji mənası peşiman olmaq, xəcalət çəkmək hissini yaratmasındadır. Hansısa sözü və ya əməli üçün tənbeh olunan şəxs xəcalət hissi, peşimançılıq hissi keçirməli olur; çalışır ki, yenidən xəcalət hissi,
peşimançılıq hissi keçirməmək üçün bir daha qəbahətə yol verməsin.
Tənbehin pedaqoji mənası məktəbdə və, deməli, cəmiyyətdə nəyin yolverilməz olduğunu uşağın, yeniyetmə və ya gəncin başa düşməsini və nəzərə almasını təmin etməkdir.
Tənbeh üsulunun təzahür formalarını da iki qrupa ayırmaq olar: yüngül tənbeh formaları və ağır tənbeh formaları.
Yüngül tənbeh formaları: müəllimin (tərbiyəçinin) sifətində narazılıq əlamətləri; “Belə olmaz!”, “Belə yaramaz”, “Razı deyiləm”, “Narazı qaldım!” kimi ifadələr; diqqəti yayınana yaxınlaşmaq; səsin tonunu qaldırmaq və ya endirmək; istəyə əməl etməmək və s.
Ağır tənbeh formaları: bir müddət danışdırmamaq; məzəmmət etmək; şifahi töhmət vermək; yazılı töhmət elan etmək; yığıncaqda nöqsanını qeyd etmək; adlı təqaüddən məhrum etmək; başqa məktəbə köçürmək; sinifdə (kursda) saxlamaq; təhsil müəssisəsindən xaric etmək və s.
Dostları ilə paylaş: |