MüNDƏRİcat



Yüklə 1,64 Mb.
səhifə12/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   8   9   10   11   12   13   14   15   ...   100
Anahtar kelimeler: devlet yapılanması, türkçülük, toprak bütünlüğü, jeostratejik çıkarlar, bağımsızlık.

Henrix İbsenin fəlsəfi kredosuna

Nərimanov baxışı

Plexanov tənqidi kontekstində



Arzu Hacıyeva

Fəlsəfədə mütəfəkkirləri dünyagörüşünə, fəlsəfi baxışlarının xarak­te­ri­nə görə müəyyən cərəyan və sistemlərə daxil etmək təcrübəsi mövcuddur. Han­sı isə bir filosofun pe­ri­patetik, bir başqasının hegelçi, marksist, yaxud ek­zistensialist ol­ma­sının qeyd edilməsi, onların materialist və ya idealist ki­mi, rasionalist və ya sensualist, skeptik və ya ehkamçı kimi səciyyələndiril­mə­si bütöv­lük­də fəlsəfi fikir tarixində varisliyi, müxtəlif dövrlərdə yaşayan bö­yük zəka sa­hib­ləri arasında daxili əlaqəni üzə çıxarmağa, onları daha ra­hat başa düşməyə kö­mək edir. Lakin bunu da nəzərə almaq la­zımdır ki, hər bir mütəfəkkirin fəlsəfi dünyagörüşü onun müxtəlif, bəzən hət­ta bir-birinə zidd görüşlərini özündə ehtiva edən, onları bir-birilə əlaqə­lən­dirərək tarazlıq ya­radan özünəməxsus vahid sistemdir. Təsadüfi deyil ki, bir çox filosoflar öz­lərinin hər hansı bir cərəyana və ya kateqoriyaya aid edil­mələrinə öz ciddi etirazlarını bildirmiş və bildirirlər. Bəzən bu cür «çər­çi­vəyə yerləşdirmək» metodoloji rol oynayıb, özgə məqsəd güdmür, bəzən isə tədqiqatçının sub­yek­tiv maraqları ilə bağlı olur, hətta onun xoş niyyətini də ifadə edə bilir.

Nəriman Nərimanova münasibət də həmişə belə ziddiyyətli olmuşdur. Sovet hakimiyyəti illərində yüksək dövlət vəzifələri tutmasına baxmayaraq, o, məhz həmin dövrün rəs­mi ideologiyası «çərçivəsinə» sığmadığına görə milli təmayülçülükdə təq­sir­lən­dirilmiş, ölümündən keçən bir neçə onilliklər ərzində onun əsərləri çap olun­mamış, adının belə dilə gətirilməsi yasaq edil­miş­di. Şəxsiyyətə pərəs­ti­şin tənqidinin mülayim siyasi ab-havası keçən əsrin 50-ci illərinin ortala­rın­dan başlayaraq, N.Nərimanov irsinin yenidən öyrənil­mə­sinə və tədqiq olun­masına şərait yaratdı. Tədqiqatçıları bu dəfə N.Nəri­ma­novun mənəvi por­tretini yenidən «çərçivəyə» salmaq üçün həmin bəhs et­diyimiz xoş niy­yət­lə onun baxışlarını mövcud sovet ideologiyasına uy­ğun­laş­dırmağa, onu mübariz marksist, materialist və hətta ateist obrazında gös­tərməyə çalışırlar. Onun ictimai-siyasi görüşlərinin təkamülü prosesi dövr­lərə ayrılır, 1917-ci il fevral inqilabından sonra marksist kimi forma­laş­ma­sına qədər maarifçi-de­mo­krat, inqilabçı-demokrat olduğu vurğulanır, sis­te­mə uyuşmayan baxışları, o cümlədən dinə münasibəti onun barışdırıcı möv­qeyi, maarifçi baxış­la­rın­dakı məhdudluq kimi tənqid edilir, bəzi hallar­da isə «taktiki mülahizələr»lə əsl əqidəsini gizlətməsi kimi şərh edilir. De­mək la­zım­dır ki, 90-cı illərinin qa­rışıq, faciəli siyasi hadisələri şəraitində kom­munist partiyasının hör­mət­dən düşməsi, yeni partiyaların yaranıb, si­ya­sət mey­danına atılması şərai­tin­də Nəriman Nərimanovun yenə bəzi qəzet mə­qa­lə­lərində və çıxışlarda tən­qid hədəfinə çevrilməsində, onun bolşevizmi ət­ra­fın­da qaldırılan hay-küy fo­nunda ağlasığmaz günahlarda ittiham edil­mə­sin­də həmin birtərəfli şərh­lə­rin təsiri olmamış deyildi. Hazırda da N.Nəri­ma­nov irsinə birtərəfli yanaşma mə­rəzi tam aradan qalxmamışdır.

Vaxtilə həmyerliləri tərəfindən küfrdə günahlandırılan dahi Sabir onlara müraciətlə deyirdi:


Şiəyəm, əmma nə bu əşkaldən,

Sünniyəm, əmma nə bu əmsaldən,

Sufiyəm, əmma nə bu əbdaldən,

Həq sevən insanəm, a şirvanlılar!
N.Nərimanov da marksist idi, kommunist idi, bolşevik idi, amma, Sa­bir demiş, «bu əşkaldan, bu əmsaldan, bu əbdaldan» deyildi, hər şeydən əv­vəl Həqiqəti sevmiş və ona xidmət etmişdi. Müxtəlif dövrlərdə birmənalı qar­şılanmamasının səbəbi də onun Şərq və Qərb təfəkkürünü, bunlarda olan mütərəqqi humanist ideyaları özündə birləşdirən, dünya, insan, cəmiyyət haq­qında başqalarından fərqlənən özünəməxsus baxışları ilə seçilən orijinal mütəfəkkir kimi məhz «çərçivəyə» sığmazlığıdır.
* * *

Hər zaman tədqiqatçılar böyük düha sahiblərinin dünyagörüşünün özü­­­nəməxsus xüsusiyyətlərini, ideallarını, əqidəsini aşkara çıxarmaq üçün müx­­təlif üsullardan istifadə edirlər. Zənnimizcə, müxtəlif şəxsiyyətlərin hər han­sı konkret bir pred­me­tə münasibətdə fikirlərinin müqayisəsi də bu işdə səmərəli ola bilər. Məqaləmizdə belə bir predmet kimi dünya ədəbiyyatının görkəmli simalarından olan, dram ustadı kimi Şekspirlə və «fəlsəfə və hök­miy­yatı cəhətilə rus ədibi-kamili Lev Tolstoyla» (N.Nərimanov) yanaşı qo­yu­lan dahi Norveç dramaturqu Henrix İbsenin irsinə istinad edilir. Onun dram­larının inqilabi ruhu real inqilab dalğasının bürüdüyü o zamankı Rusiya şəraitində çox cəlbedici idi. İbsen yara­dıcılığının əsas qayəsinə münasibətdə N.Nərimanovun baxışları G.V.Ple­xanovun (1856-1918) mövqeyi ilə müqa­yi­sədə nəzərdən keçirilir. Məsələ burasındadır ki, tarixə marksist kimi daxil ol­muş hər iki mütəfəkkir dramaturqun ölümünə elə «Henrix İbsen» adlanan məqalə həsr etmişlər.

Plexanovun geniş və dərin təhlilə əsaslanan böyük həcmli sanballı mə­qa­ləsi (6) İbsen ya­radıcılığına sosial-demokrat yanaşmasını təmsil edib ədə­bi-tənqidi səciyyə daşıyır. İlk dəfə «Burevestnik»in «Ədəbi-tənqidi kitab­xa­na»­sında (S.-Peterburq,1906) işıq üzü görən bu əsər, ona müəllifin əlavə et­di­yi 9-cu hissə ilə birlikdə 1908-ci il iyul ayının 10-da alman sosial-de­mo­kra­tiyasının elmi orqanı olan «Neue Zuit»da nəşr olunmuş və xaricdə böyük maraqla qarşılanmışdı.

N.Nərimanovun məqaləsi isə həcmcə bir o qədər də böyük olmayıb (iki kitab səhifəsinə sığır), dramaturqun ölümündan cəmi bir neçə gün sonra, 1906-cı il mayın 21-də Bakıda «Həyat» qəzetində dərc edilmiş (3) və bu kə­dər­li hadisəyə həmvətənlərinin diqqətini yönəltməklə, «insanın xoşbəxt­li­yi­ni mütləq hürriyyətdə görən» dahi şəxsiyyəti onlara tanıtmaq məqsədi güd­müş­dü. Bu baxımdan, yəni janr, həcm, məqsəd-məramına görə fərqlən­di­yin­dən həmin məqalələrin müqayisəsi bəlkə kiməsə ilk baxışda yersiz də gö­rü­nə bilər. Lakin əslində belə deyil. Dərin düşünən bir insanın qələmindən çıx­dı­ğı üçün bu kiçik məqalədə belə Henrix İbsen yaradıcılığının mahiyyəti və əsas ideyası, səciyyəvi xü­su­siyyətləri yığcam şəkildə açılıb göstərilmiş, onun nurani siması «ürəyi ca­van ürəyi ki­mi döyünən» müdrik qoca – «piri-sal­xor» obrazında canlan­dı­rıl­mışdır. Mü­əl­­lif onun əsas əsərlərinin adlarını çəkmiş, onların rus dilinə tər­cümə edil­diyini deyib, müsəlman dillərinə tərcümə ediləcəyinə ümidini bildirmişdir.

N.Nərimanovun – həmin məqaləsi də daxil olmaqla ümumi dünya­gö­rü­şü fonunda – İbsenə ruhən yaxınlığı Plexanovla müqayisədə xüsusilə aş­kar görünür.

N.Nərimanov İbsenin tərcümeyi-halına qısaca nəzər saldıqdan sonra qeyd edir ki, o, başına gələnləri və öz həyat qayəsini, «vətənə, insaniyyətə da­ir təsəvvürünü» əsərlərində qəhrəmanlarının dili ilə söyləmişdir. Plexanov da dram qəhrəmanlarının fikirlərini məhz İbsenin həyat baxışları kimi şərh edir. Lakin oxşarlıq, deyəsən, bununla da bitir. Burada rus marksistinin mə­qaləsini ətraflı təhlil etmək fikrindən uzaq olub, müqayisəni yalnız İb­senin baş­lıca fəlsəfi ideyası və onunla bağlı bəzi məqamlara münasibət əsasında apar­mağa çalışacağıq.

Plexanov İbsenin fəlsəfi kredosunu «xəlq edilməyən» əbədi ruhun tən­tə­nəsi naminə insanın «ruhunun qiyamı»nda əksini tapan mənəvi kamil­ləş­mə vasitəsilə öz iradəsini təmizləməsi və öz ruhunu azad etməsi kimi müəy­yən­ləşdirir. Lakin yazıçını həmin ideyanın onun əsərlərində ictimai mü­na­si­bət­lər sahəsində həllini tapmadığına, insanlar arasında qarşılıqlı müna­si­bət­ləri dəyişmədiyinə, bir sözlə, heç bir praktik məqsəd daşımadığına görə, bu­nun isə öz növbəsində obrazların psixologiyasına yanlışlıq, qeyri-təbiilik gə­tir­məklə əsərlərin bədiiliyinə bir çox cəhətdən xələl yetirdiyinə görə tənqid edir.

Məqaləsinin əvvəlində Plexanov Rene Dumikin İbsenin sənətkar kimi fərqləndirici xüsusiyyətini «ideyalar zövqü, yəni əxlaqi narahatlıq, vicdan məsələlərinə maraq, bütün gündəlik həyat hadisələrinə bir ümumi nöqtədən baxmaq» kimi və özünü isə «insan ruhunun qiyamı»nın görkəmli profes­sor­la­rından biri kimi səciyyələndirməsi ilə razılaşır və ideyalılığın öz-özlü­yün­də nöqsan deyil, əksinə, böyük ləyaqət olduğunu və İbsenin dram­la­rı­nın və onun özünün buna görə sevildiyini bildirir. Bununla belə, o, sözünə da­vam edə­rək yazır: «...insan ruhunun qiyamı»nın təbliği də öz-öz­lü­yündə bə­diiliyi is­tisna etmir. Lakin, onun aydın və ardıcıl olması lazımdır, təb­li­ğat­çı­nın təbliğ etdiyi ideyalardan yaxşı baş çıxarması lazımdır ki, onlar onun əti­nə-qanına yerisin; ... onu yaradıcılıq məqamında utan­dır­ma­sın, azdır­ma­sın, ona çə­tinlik yaratmasın. Əgər bu vacib şərt yoxdursa, təb­liğatçı ide­ya­larının tam ağa­sı olmayıbsa, əgər onun ideyaları həm də aydın və ardıcıl deyilsə, ide­yalılıq bədii əsərə ziyan vuracaq, ona soyuqluq, yorğunluq və da­rıx­dı­rı­cı­lıq gətirəcək. Diqqət edin, burada günah ideyaların üstünə deyil, sənətkarın on­lar­dan baş çıxara bilməməsi, bu və ya digər səbəbdən sonadək ideyalı ola bil­məməsinin üstünə düşəcək» (6, 771). Bu düşüncələri Plexa­no­vu belə nəti­cə­yə gətirir ki, İbsenin dramlarında «qeyri-bədii» və hətta «anti-bə­dii» ele­men­tin mövcudluğu onların ideyalılığı ilə deyil, əksinə onlarda ide­yalılığın çatışmaması ilə bağlıdır. O, İbsenin təbliğ etdiyi «insan ruhunun qi­yamı»nın onun yaradıcılığına «əzəmət və cəlbedicilik ünsürü» gətirməsini etiraf etsə də, «qiyam» naminə «qiyam» olduğu üçün bu qiyamın haraya apa­racağını ya­zı­çının özünün də yaxşı bilməməsinin obrazların psixolo­gi­ya­sı­na mücər­rəd­lik və sxematizm gətir­di­yi­ni göstərir. Məsələn, «Brand» əsə­ri­nin qəh­rə­ma­nı Brand, onun fikrincə, bur­jua bayağılığına və yarımçıqlığına, ri­yakar­lı­ğı­na və mötə­dil­li­yi­nə qarşı «qiyam» qaldıranda, hər cür oppor­tu­niz­mə dərin nifrətini izhar edən­də inqilabçıya bənzəyir, amma inqilabçının kon­kret məq­sə­di olur, Brand isə düşməninin harada olduğunu, müba­ri­zəsinin nəticəsini gör­mür. Bir sözlə, sosial-demokrat kimi Plexanov İbsenin qəhrə­man­la­rın­dan, obraz­la­rından hətta onların rəmziliyində belə konkret məqsəd, hərəkət və nəticə tələb edir.

Ümumiyyətlə, Plexanovun nəzərində simvolizm incəsənətdə bir növ «yoxsulluq nişanəsi»dir, çünki gerçəkliyi doğru-dürüst dərk edən fikrin «sim­­volizm səhrasına yollanmağa ehtiyacı yoxdur» (6, 774). Görünür, elə bu­na görə rəmzləri İbsen yaradıcılığının zəif tərəfi, əksinə onun xırda burjua obrazlarının daxili aləmini, psixologiyasını «bənzərsiz psixoloq» kimi bö­yük ustalıqla realist təsvirini verməsini isə güclü tərəfi hesab edir. Onun fik­rin­cə, İbsenin əsərlərində xırda burjua məhz «öz iradəsini təmizləməyə» baş­layanda, mənəvi cəhətdən saflaşanda qeyri-təbii rəmzə – «öyüd verən da­rıxdırıcı mücərrədliyə» çevrilir (6, 801), saflaşan burjuanın görməyə artıq baş­qa işi qalmadığından, İbsenin özü də bu mücərrədliklə nə edəcəyini bil­mir, çıxış yolunu saflaşma məqamından dərhal sonra pərdəni endirməkdə və ya­xud qəhrəmanını hündür dağda uçurum altında qoyub həlak etməkdə ta­pır. Plexanov burada da saflaşmanın saflaşma naminə olduğunu söyləyir: yə­ni İbsen əxlaq çərçivəsində qalıb, ondan kənara, ictimai münasibətlər sa­hə­sinə çıxa, siyasət səviyyəsinə qalxa bilmir, hətta siyasətçilərə nifrət edən ya­zıçının təfəkkürü ümumiyyətlə siyasətə ziddir. Bu mənada o, Jan Lon­ge­nin İbseni sosialist adlandırması ilə də (yeri gəlmişkən deyək ki, N.Nə­ri­ma­nov da məqaləsində İbsenin sosial-demokrat firqəsinə yaxınlığını qeyd edir) razılaşmır, çünki «siyasətsiz sosializm olmur» (6, 805).

Plexanovun fikrincə, İbsenin əxlaqı vicdan məsələlərinə maraq gös­tər­mə­si, təbliğatının əxlaqi xarakter daşıması baxımından cəlbedici olsa da, «Kan­­tın əxlaqı kimi mücərrəd»dir, özü-özü üçün məqsəd kimi məzmun­suz­dur. O, məqalə boyu dramaturqun əxlaq qanununun məzmunsuzluğunu əya­ni göstərmək üçün iki obrazlı ifadədən istifadə edir. Bunu o, Kantın təbiri ilə, «biri keçi sağanda, o birinin keçinin altına gətirib xəlbir qoyması», yəni mü­­əyyən ideyanın səmərəsizliyi ucbatından bəhrə verməməsi, hədər get­mə­si, puça çıxması kimi, və ya «dağın siçan doğması», yəni böyük ideya uğ­run­­da mübarizənin cılız, əhəmiyyətsiz nəticə ilə başa çatması kimi səciy­yələndirir.

Beləliklə, Plexanov İbsenin zəifliyini onun əxlaqdan siyasətə qalxa bil­məməsində, əsərlərindəki simvolizm və ağıl elementinin tendensiyalılığa gətirib çıxarmasında görərək, bunu dramaturqu yetişdirən xırda burjua mühiti ilə əlaqələndirir.

Halbuki həmin dövrdə xalqının, vətəninin azadlığı və tərəqqisi uğ­run­da mübarizədə insanları çoxəsrlik ətalətdən, yuxudan oyatmağa, varlıları, ye­­­nicə yaranmış milli burjuaziyanı öz kasıb həmvətənlərinə maddi və mə­nə­vi cəhətdən himayə etməyə çağıran, yəni bir növ onları mənəvi cəhətdən saf­­laşmağa həvəsləndirən N.Nərimanov üçün isə İbsen ideyalılığı öz-öz­lüyündə böyük məna kəsb edirdi.

Maraqlıdır ki, gənc N.Nərimanovun da ilk dram ciddi tənqidə məruz qal­mışdı. Azərbaycanın görkəmli ədəbiyyat tənqidçisi Firidunbəy Köçər­li­nin «Novoe obozrenie» qəzetində (7 iyun 1895-ci il) dərc etdirdiyi «Azər­bay­­can komediyaları» məqaləsində (4, 35-42) onun «Nadanlıq» dra­mının ge­­­niş təhlilə əsəslanan tənqidi bir çox cəhətdən İbseni Plexanov tənqidinə bən­­zəyir. O, N.Nərimanovun, məsələn, bədbəxt kəndlilərin nadanlığını gös­tər­mək üçün «öz qara boyalarını əsirgəmədiyini», mollanı «sadəlövh və ax­maq», mənfi qəhrəmanları hədsiz «rəhmsiz və yırtıcı, vəhşi», Azərbaycan zi­yalısını «küt, fəaliyyətsiz və yazıq» surətlərdə təsvir etməsini, obrazların təbii olmamasını, ümumiyyətlə, məişəti düzgün əks etdirməməsini, başqa sözlərlə, əslində elə həmin rəmziliyi, tendensiyalılığı tənqid etmiş, «Azər­bay­can ədəbiyyatı» kitabında (Tiflis, 1903) (4, 43-84) isə onun ilk iki dra­­mının zəif cəhəti kimi onların uğursuz və qeyri-təbii sonluqla bitməsini göstərmişdi. Bir çox tədqiqatçılar Firidunbəy Köçərlinin tənqidini «bir­tərəf­li», «ifrat tələbkarlıqla yanaşma» kimi qiymətləndirmişlər.1 Həqi­qə­tən də hət­ta «Bahadır və Sona» povesti barədə o, «onun (yəni N.Nə­ri­ma­no­vun) ağıl­­lı nitqləri, xeyirxahlığın əhəmiyyəti haqda doğru fikirləri, müla­hi­zə­lə­rin­də ardıcıllığı, dilin sadə və düzgünlüyü çox yaxşı təsir bağışlayır» de­yir­sə də, guya burada da onun ilk pyeslərindəki kimi «ideya və isti­qa­mət­ve­rici bir baş­lanğıcın» olmadığını vurğulayır. Bu fikirlə, əlbəttə, qətiyyən razı­laş­maq olmaz.2

N.Nərimanov bədii yaradıcılığı kütlələrin şüuruna təsir etməyin güclü və daha anlaşıqlı vasitələrindən biri hesab edərək, ona mövcud gerçəkliyin eyiblərini göstərmək, xalqı maarifləndirmək, elmi bilikləri yaymaq, ictimai şüuru oyatmaq məqsədilə müraciət etmişdi. Məhz həmin səbəbdən onun nəsrinə və pyeslərinə bəzi hallarda bədii əsər üçün münasib sayılmayan, bə­zi məqamlarda əsərin bədiiliyinə xələl gətirən bir üslub – mürəkkəb mət­ləb­lə­ri elm gözü ilə şərh edib aydınlaşdırmaq üslubu xasdır (2, 23). Lakin bu heç də onun ilk bədii əsərlərində «ideyanın yoxluğundan», və ya­xud hətta «ide­yalılığın çatışmaması»ndan deyil, əksinə təbliğ etdiyi, aşı­la­dı­ğı ideyanı daha qabarıq nəzərə çarpdırmaq istəyindən irəli gəlirdi və bu xü­su­siyyəti başqalarında da görüb qiymətləndirməyi bacarırdı. O, İbsen haq­qında yazır: «Yazdığı inşalara artıq diqqət edib bir kəlmə, ya istehza və ya bir mətləb əbəs yerə işlətməyibdir. Henrix İbsen zamana müəllimi olub, qa­relərini (oxucularını) həməvaxt (həmişə) doğru yola dəvət edirdi». Əslində bu sözlərdə N.Nərimanovun öz yazıçılıq təcrübəsindən gəldiyi qənaət və, ümumiyyətlə, bədii yaradıcılığın tələb-məqsədi öz əksini tapmışdır.

İbsenin fəlsəfi kredosuna gəldikdə, həm Plexanov, həm də N.Nəri­ma­nov onu mahiyyət etibarilə düzgün müəyyənləşdirirlər, halbuki onun ifadə edil­məsində, şərhində, qiymətləndirilməsində fərqlər var. Plexanov məqa­lə­sin­də onu (kredonu), artıq yuxarıda göstərdiyimiz kimi, İbsenin «əxlaq qa­nu­nu» kimi səciyyələndirir, öz sözləri ilə şərh edib, bu qanunu ictimai prak­ti­ka ilə əlaqələndirilmədiyinə görə tənqid edir. N.Nərimanov isə İbsenin kre­do­sunu «gözəl və hakimanə sözlər» adlandırıb məqaləsinə epiqraf kimi seç­di­yi, dramaturqun öz dilindən çıxmış iki kəlam vasitəsilə «həyat nədir», «hə­yatın mənası nədədir» suallarına cavabına müncər edir: «Yaşamaq, diri ol­maq – ağıl və qəlb vasitəsilə qaranlığın qüvvələri ilə mübarizə (qovğa) et­mək deməkdir» (İbsen) və «İbda etmək (yaratmaq) – insan öz nəfsini təhti-mü­­hakiməyə (mühakimə altına) almaq deməkdir» (İbsen). N.Nərimanov müx­təlif filosofların, şairlərin öz dövrlərinə uyğun və öz psixolo­giya­la­rın­dan çıxış edərək həyatı müxtəlif cür başa düşüb, ona müxtəlif təriflər ver­dik­­lərini söyləyir: «kimi «həyat daima bir müharibədir» deyibdir, kimi «hə­yat mənasız bir şeydir», kimi «həyat məhəbbətdir» yazıbdır». Daha sonra İb­senin yuxarıdakı iki kəlamını məzmunca bir cümlədə birləşdirib: «həyat ağ­lın və ürəyin gücü ilə zülmətdən xilas olmaq olub və insan özü öz üstündə təf­tişçi bulunmaq və öz nəfsini məhkəməyə çəkmək gərəkdir» deyə təfsir edə­rək, bu sözlərin «nə qədər dərin və mənadar» olduğu barədə oxucularını düşünməyə dəvət edir.

Bu «dəvəti» qəbul edib, həmin təfsir-tərifi diqqətlə nəzərdən keçir­dik­də, burada N.Nərimanovun insanın onu əhatə edən mühitə, xarici dünyaya və öz daxili aləminə, mənəviyyatına münasibətinin əks olunduğu iki mə­qa­mı vurğuladığı aşkar olur: yəni əvvəla, insan yaşayırsa, öz ağlı və qəlbi va­si­tə­silə dünyada mövcud olan zülm, ədalətsizlik, naqisliklərlə mübarizə apa­ra­raq, qaranlıqdan işığa yol açmalıdır. Digər tərəfdən, insan öz nəfsini daim mü­hakimə edib, ona qalib gəlməlidir – onu saflaşdırmalıdır. Və aydın görü­nür ki, N.Nərimanov mənəvi kamilləşmənin bir-birilə vəhdətdə olan bu iki cə­hə­tindən ikincisinə üstünlük verir, ona görə ki, yalnız öz nəfsinə qələbə ça­lan insan dünyada qaranlığın qüvvələri ilə mübarizə etməyə və onlardan qurtulmağa qadirdir. Bu fikir mənaca Məhəmməd peyğəmbərə aid edilən bir hədislə çox səsləşir; hədisə görə iki cihadın mövcudluğundan danışan peyğəmbər nəfslə mübarizəni böyük və daha şərəfli, daha çətin cihad, din uğ­runda mübarizəni kiçik cihad adlandırmışdı. Təsadüfi deyil ki, N.Nə­ri­ma­nov Norveç dramaturqunun həyat qayəsinin islami təfəkkürə yaxınlığını xü­su­si qeyd edərək yazır: İbsenin «əsil məqsədi insanın əxlaq və ətvarını dü­zəlt­mək olub, onu nəfsinin üstə ağa etməyə çalışır idi ki, bu növ məslək eh­kam və fəlsəfeyi-islamiyyəyə (yəni islam ehkamına və fəlsəfəsinə) dəxi mü­va­fiq gəlir!» Həqiqətən də öz nəfsini təmizləməsi yolu ilə insanın mənəvi cə­hətdən kamilləşməsi, kamil insana çevrilməsi müsəlman Şərqinin islam dünyagörüşünə əsaslanan mistik fəlsəfəsinin, fəlsəfi poeziyasının əsas möv­zu­larındandır. Qeyri-ortodoksal cərəyanlarda saflaşmanın çoxpilləli yolunu (müx­təlif təmrinlər və i.a. vasitəsilə) keçməklə insanın hətta Allahla sub­stan­sional vəhdətə nail ola biləcəyinin mümkünlüyü qəbul edilir.

Demək lazımdır ki, nəfs çoxmənalı, mürəkkəb bir anlayışdır. Təkcə «Ərəb və fars sözləri lüğəti»ndə nəfs sözünün beş mənası sadalanır: «1. ruh, can, həyat (buraya «qəlb, könül, ürək» mənasını da əlavə etmək olar); 2. adam, insan; 3. övlad, nəsil; 4. insandakı heyvani hiss, şəhvət hissi; 5. əsil, ma­ya, cövhər (fəlsəfi istilahla ifadə etsək «substansiya»)» (1, 474). Orta əsrlər müsəlman Şərqi fəlsəfəsində bütün bu mənalardan istifadə edilmişdir. La­kin müxtəlif filosofların, şairlərin nəfs sözünü anlamalarında, ona ver­dik­lə­ri tərif və təfsirlərdə fərqlər var. Bütün bu incə mətləblərin üzərində da­yan­mayıb bircə onu demək istərdik ki, orta əsrlərdən tutmuş bu günümüzə qə­dər istər adi həyatda, istərsə də ədəbiyyatda nəfs sözü daha çox mənfi mə­na­da işlədilmişdir. Azərbaycan dilində nəfs sözü ilə bağlı bu gün də işlət­di­yi­miz çoxlu idiomatik ifadələr bunu sübut edir: nəfsin toxluğu, nəfsi sax­la­maq, nəfsi öldürmək mənən qüvvətli, nəfsin aclığı, nəfsi doymamaq, nəfsi çək­mək, hətta M.Ə. Sabirin işlətdiyi kimi, nəfsi hürmək mənən zəif insanı xarakterizə edir. Belə ki, nəfs insanın öz bədəninə və maddi dünyaya güclü meyli ilə bağlı ehtiraslarının, həzzlərin, xudbin maraq və məqsədlərinin əsiri olub, onların yedəyində getməsini təmsil edir. Ona görə N.Nərimanov nəfs üzərində ağa olmaq deyəndə onu mühakimə etməkdən, təftiş etməkdən danışır, yəni dəyişdirməyi, təmizləməyi nəzərdə tutur.

Rus dilində nəfsi bütün mənaları ilə əks etdirən söz olmasa da, elmi-fəl­səfi ədəbiyyatda çox vaxt «duşa» kimi tərcümə olunur. Plexanov isə mə­qa­ləsində əzmi, azadlığı, ixtiyarı ifadə edən və, görünür, marksist dünyagö­rü­şünün inqilabi ruhuna daha uyğun müsbət çalarlı «volə», yəni «iradə» sö­zündən istifadə edir. «İradə»nin istək, tələb, arzu, ehtiras mənalarını da özün­də ehtiva etdiyini nəzərə alsaq, onun «insan iradəsinin təmiz­lən­mə­sin­dən» («oçihenie voli») danışmasını başa düşmək olar. Lakin hər halda bu cür tərcümə oxucunu çaşdırır, İbsenin əsas fəlsəfi ideyasını yayğın­laş­dı­ra­raq, onu anlamaqda çətinlik yaradır, hətta təhrifə səbəb olur.

Bu mənada Plexanovun İbsenin öz qəhrəmanının dili ilə təbliğ etdiyi əxlaq qanununun məzmunsuzluğunu göstərmək üçün, yuxarıda bəhs etdiyimiz «Brand» dramından bir epizodu təhlili maraq doğurur.

Əsərdə Brandın arvadı Aqnes öz ölmüş körpəsinin bütün pal-paltarını di­lənçiyə verib, bircə qoynunda gəzdirib heç vaxt ayrılmadığı, göz yaşları ilə islatdığı kiçicik ləçəyini xatirə üçün özündə saxlamaq istəyəndə, Brand acı kinayə ilə:




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin