Məktəb təhsili sistemi. Uşaqlar 6 yaşlarından ibtidai məktəblərə gedirlər. Belə məktəblərdə təhsil müddəti adətən 4 ildir (Berlində və Brandenburqda – 6 il). Əyalətlərin əksəriyyətində təhsilin ilk iki ilində uşaqların biliyi qiymətləndirilmir, bunun əvəzində onlar müvəffəqiyyət haqda geniş əhatəli xasiyyətnamə alırlar.
İbtidai məktəbi bitirdikdən sonra uşaqlar ikinci pillə ümumtəhsil məktəbinə keçirlər. Təşkilati formasından asılı olmayaraq, beşinci və altıncı siniflər, uşağın ümumi inkişafına xidmət edir və onun gələcək təhsil istiqamətini müəyyənləşdirmək məqsədilə müşahidələr aparılır.
İbtidai məktəbdən sonra uşaqların demək olar ki, dörddən biri əsas məktəblərə keçirlər. Beş, yaxud altı illik təlimdən sonra bu məktəblərin məzunları peşə hazırlığına başlayırlar və ən azı 18 yaşına qədər, paralel surətdə texniki-peşə məktəblərində oxuyurlar. Əsas məktəbi müvəffəqiyyətlə başa vurmaqdan əksər hallarda texniki-peşə təhsilinin dual sisteminə keçmək üçün istifadə edilir. Əsas məktəb şagirdlərə ümumi baza təhsili verir. Belə məktəblərdə təhsilə qoyulan tələblər getdikcə daha ciddi olur: hər bir şagird alman dilini, riyaziyyatı, təbiət elmlərini, cəmiyyətşünaslığı və xarici dili (əsasən ingilis dilini) öyrənir, gələcəkdə peşə öyrənilməsini asanlaşdırmaq məqsədilə əmək dərsləri keçir.
Real məktəb əsas məktəblə gimnaziya arasındadır və genişləndirilmiş ümumi təhsil verir. Burada təhsil adətən 6 il - 5-ci sinifdən 10-cu sinfə qədər davam edir. Bundan sonra məzunlara, təhsilini digər təhsil müəssisələrində, məsələn, xüsusi texniki-peşə məktəblərində və ya texnikumlarda davam etdirmək hüququ verən orta təhsil şəhadətnaməsi verilir. Bu şəhadətnamə sənayenin, ticarətin, xüsusi biznesin digər sferalarının və ya dövlət qulluğunun orta vəsilə işçisi səviyyəsində fəaliyyət göstərmək imkanı verir. 1994-cü ildə şagirdlərin təxminən 40%-i real məktəbləri bitirmək haqda şəhadətnamə almışlar.
Gimnaziyalarda təhsil adətən, 9 il üçün (5-ci sinifdən 13-cü sinfə qədər, Brandenburq istisna olmaqla yeni bölgələrdə - 12-ci sinfə qədər) nəzərdə tutulmuşdur və burada şagirdlərə dərinləşdirilmiş ümumi təhsil verilir.
Hazırda gimnaziyaların, əvvəllər mövcud olan profillər üzrə: qədim dillər üzrə, yeni dillər üzrə, riyaziyyat üzrə və təbiətşünaslıq üzrə bölünməsi sistemi, demək olar ki, yoxdur. Gimnaziyanın yuxarı siniflərində (11-dən 13-ə qədər, 4 əyalətdə 10-dan 12-yə və müvafiq olaraq 11-dən 12-yə qədər) sinif bölgüsünü təlimin kurs sistemi əvəz etmişdir.
Ayrı-ayrı fənlərin, yaxud fənn qruplarının öyrənilməsinin məcburi olaraq qalmasına baxmayaraq, yuxarı sinif şagirdlərinin öz fərdi qabiliyyətlərini inkişaf etdirmək üçün geniş imkanları vardır, belə ki, ona fənlərin daha geniş seçimi təklif edilir. Fənlər təlim profilinə uyğun olaraq bölüşdürülür (dil-ədəbiyyat-incəsənət profili, ictimai-elmi profil və yaxud riyaziyyat-təbiət elmləri-texniki profil). Yuxarı siniflərdə təhsili başa vurana və kamal attestatı almaq üçün imtahanları verənə qədər şagirdlər hər üç profil üzrə fənləri öyrənmək məcburiyyətindədirlər. İlahiyyat və bədən tərbiyəsi də icbari fənlərdəndir. Gimnaziyanın yuxarı siniflərində təhsil dörd fənn üzrə kamal attestatı imtahanlarının verilməsi ilə başa çatır. 13 illik təhsildən (4 əyalətdə 2000-ci ilə qədər – 12 illik) və kamal attestatı imtahanlarının müvəffəqiyyətlə verilməsindən sonra tam orta təhsil haqqında şəhadətnamə verilir. Bu şəhadətnamə təhsili istənilən profil üzrə ali təhsil müəssisəsində davam edirmək hüququ verir.
Ali məktəbə daxil olmaq üçün tam orta təhsil haqqında şəhadətnamə təqdim etmək məcburidir. Abituriyentlərin sayının həddən artıq olması və ali məktəblərin bəzi fakültələrində yerlərin çatışmaması ilə əlaqədar olaraq belə fakültələrə qəbul müəyyən dərəcədə məhdudlaşdırılır. Belə məhdudiyyətlər həm federal, həm də yerli miqyasda qüvvədə ola bilər. Gələcək tələbələrin seçilməsinin meyarı kimi, orta attestat balı və kamal attestatı imtahanlarının və qəbul haqqında ərizənin verilməsindən sonra ali məktəbə qəbul haqqında qərarın gözlənilməsinə sərf edilmiş vaxt çıxış edir. Tibb fakültələrində seçmənin test, müsahibə kimi əlavə meyarları mövcuddur.
Orta məktəblərin daha bir növü ümumi məktəbdir. Belə məktəblərdə uşaqlar 5-ci sinifdən 10-cu sinfə qədər oxuyurlar. Bəzi ümumi məktəblərdə gimnaziyaların yuxarı sinifləri prinsipi üzrə təşkil edilmiş siniflər vardır.
Pedaqoji və təşkilati nöqteyi-nəzərdən ümumi məktəb özündə əsas məktəbin, real məktəbin və gimnaziyanın elementlərini birləşdirir. Belə məktəb çərçivəsində bu elementlər vahid təşkilati-pedaqoji sistem təşkil edirlər. Ümumi məktəbdə 7-ci sinifdən başlayaraq ayrı-ayrı fənlərin (riyaziyyatın, 1-ci xarici dilin, alman dilinin, fizika-kimyanın) tədrisi kurs sistemi üzrə aparılır. Hər bir kurs üçün irəli sürülən tələblərin səviyyəsi şagirdin ümumi məktəbi bitirmək haqqında şəhadətnamənin hansı növündən almaq istədiyindən asılıdır. Bu sənəd əsas məktəbin bitirilməsi haqqında şəhadətnamə, real məktəbi bitirmək haqqında şəhadətnamə, yaxud təhsili gimnaziyanın yuxarı siniflərində davam etdirmək hüququ verən şəhadətnamə şəklində ola bilər.
Yeni əyalətlərdə məktəblərin başqa növləri (“nizami” məktəblər (Türingiyada), "orta" məktəblər (Saksoniyada) və “2-ci pillə” məktəbləri (Saksoniya-Anqaltda) də mövcuddur. Belə məktəblərdə əsas və real məktəblər üçün xarakterik olan tədris sistemləri birləşdirilmişdir: yeddinci sinifdən təhsil, şagirdin hansı növ şəhadətnamə almaq istədiyindən asılı olaraq, ya siniflərdə, ya da kurslarda davam etdirilir. Bu məktəblərin 9-cu və 10-cu siniflərini bitirmək haqda şəhadətnamənin verilməsi şərtləri digər ikinci pillə məktəblərində olduğu kimidir və Daimi Konfransda əldə edilmiş sazişə müvafiq surətdə bu şəhadətnamələr bütün bölgələrdə tanınır.
Əqli inkişaf cəhətdən geri qalan və şikəst uşaqlar üçün xüsusi məktəblər də mövcuddur. İcbari orta (məktəb) təhsil prinsipi belə uşaqlara da aid edilir.
Təhsil almanın ikinci yolu – məktəb təhsili illərində əldən verilmiş imkanların bərpa olunmasıdır. Axşam gimnaziyaları qabiliyyəti olan yaşlı insanlara kamal attestatı imtahanlarına hazırlaşmaq imkanı verir.
Dostları ilə paylaş: |