Nadġr abdullayev



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
Azf-277620


Mühazirə.  Mühazirə  ən  çox  ali  məktəblərdə  müəyyən  fənn  üzrə 
materialın  konkret  faktlara  əsaslanan,  geniş  nəzəri  mühakimə  və  ümumi-
ləşdirmələrdən  ibarət  şərhidir:  Nitqin  bu  formasından  digər  elmi  idarələrdə, 
kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Məsələn; ölkənin iqtisadi və 
siyasi  vəziyyəti  ilə  bağlı  mühazirə,  sağlamlığın  (və  yaxud  ekologiyanın) 
qorunmasına  həsr  olunmuş  mühazirə  və  s.  Mühazirənin  məruzədən  bir  fərqi 
ondadır  ki,  birincidə  dialoqa  yol  verilə  bilər.  Yəni  şərhin  gedişində  dinləyicilər 

 
109 
natiqə  sualla  müraciət  edə  bilərlər.  Mühazirəçi  elə  oradaca  suala  müvafiq  cavab 
verib  şərhini  davam  etdirir.  Yaxud  dinləyicilərin  replikalarla  mühazirənin 
gedişində  onları  maraqlandıran  məsələlərin  daha  ətraflı  izah  olunmasını  xahiş 
etməsi mümkündür. Bütün hallarda verilən cavablar aydın, məntiqli, qısa, lakonik 
olmalıdır.  “Mühazirə  oxumaq”  ifadəsi  şərti  olaraq  işlədilir.  Burada  mühazirə 
materialı heç  də  üzündən oxunmur, o  söylənilir. Mühazirəçi  ehtiyac  hiss  etdikdə 
(məsələn,  sitatlar  vermək,  danışıqda  ardıcıllığı  gözləmək  lazım  gəldikdə  və  s.) 
mətnə müraciət edə, həmin sitatları üzündən oxuya, qeydlərə baxa bilər. 
Monoloji nitqin digər formalarında olduğu kimi, mühazirə o vaxt effektli 
şərh  üsulu  sayılır  ki,  lektor  ona  yaxşı  hazırlaşsın,  nəyi,  necə,  harada  deməyi 
bacarsın,  şərhi  auditoriyanın  səviyyəsinə    uyğun  qurulsun.  Nitqi  səlis  və  aydın 
olsun,  fikrini  əsaslandırmaq  üçün    göstərdiyi  sübutlar,  faktlar, çıxardığı  nəticələr 
reallığı  əks  etdirsin,  incə  mətləbləri  dinləyiciyə  çatdırmaq,  onların  marağını  ələ 
almaq,  hisslərinə  təsir  etmək  məqsədilə  müvafiq  nitq  nümunələrindən,  dil 
vasitələrindən,  şifahi  şərhin  bir  sıra  formalarından  (təsvir,  xarakteristika,  izah, 
mühakimə və s.) daha münasib şəkildə istifadə etməyi  bacarsın və s. Mühazirəçi 
dinləyicilərin  görmə  qavrayışını  da  nəzərə  almalı,  mümkün  olduqca  eksponatlar, 
illüstrasiyalar, diaqramlar, onları təsdiq edən şəkillər və s. nümayiş etdirməlidir. 
Mühazirə  idraki  əhəmiyyət  daşımalı,  elmi  dərinliyi  və  məntiqi  şərhi  ilə  fərqlən-
məlidir.  Orada  elmi  ümumiləşdirmələrə,  faktiki    materialın  təhlilinə  geniş  yer 
verilməlidir.  Xüsusən,  ali  məktəb  auditoriyasında  edilən  mühazirələrdə  tərbiyə, 
əxlaq  məsələləri,  milli  ideologiyanın,  elmi  dünyagörüşünün  formalaşdırılması, 
təfəkkürün inkişafı ön plana çəkilməlidir. 
Mühazirəçi  mövzuya  aid  bütün    məsələləri  əhatə  etməli,  yadda  qalan 
misallar gətirməli, inandırıcı  sübutlar göstərməli, onu dinləyicilərin işi, həyatının 
konkret məsələləri ilə bağlamağı bacarmalıdır. 
Mühazirə prosesində elə şərait yaradılmalıdır ki, dinləyici mövcud məsə-
ləyə,  ən kiçik təfərrüata belə münasibətini, həmrəy olduğunu və ya etiraz etdiyini 
söyləyə  bilsin.  Bu  yolla  natiq  dinləyicilərin  fikri  fəallığını  artıra,  onlara  təsir 

 
110 
göstərə bilər. Dinləyici  hiss etməlidir ki, mühazirəçi duyğuları vasitəsilə ona nə 
isə ötürür, ürəyindəkiləri ona yetirir. 
Hal-hazırda  ali  məktəb  auditoriyalarında  yüksək  səviyyədə  mühazirə 
oxuyan  müəllimlərimiz  çoxdur.  Təəssüf  ki,  onların  natiqlik  məharəti  öyrənilib 
ümumiləşdirilmir, yazılmır, başqaları bundan faydalana bilmir.  
Məruzə.  Bir  mövzu  haqqında  əvvəlcədən  hazırlanıb  söylənilən  nitqə 
deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunu 
ilə  bağlı  hesabat  məruzəsi,  yaranmış  vəziyyət  barədə  yüksək    vəzifə  sahibinin 
qarşısında məruzə, elmi-praktik konfranslarda məruzə və s. mövzudan asılı olaraq 
məruzə  qısa  və  geniş  ola  bilər.  Məsələn;  hər  hansı  bir  kriminal  vəziyyətlə  bağlı 
yuxarı  təşkilat  qarşısında  edilən  məruzə  bir  qədər  konkret  və  yığcam  olmalıdır. 
Beynəlxalq  vəziyyətə  dair,  yaxud  elmi  mövzuda  auditoriyada,  kütlə  qarşısında 
edilən məruzələr öz əhatəliliyi, genişliyi ilə əvvəlkindən fərqlənməlidir. 
Məruzə  giriş,  əsas  və  nəticə  olmaqla  üç  hissəyə  bölünür.  Birinci  hissədə 
bəhs  açılan  məsələnin  əhəmiyyətindən,  aktuallığından  danışılır,  qarşıya  qoyulan 
məqsədə  çatmaq  üçün  hansı  yollardan,  üsullardan  istifadə  edildiyi  göstərilir. 
Məruzənin  əsas  hissəsində  görülən  işin  məzmunundan  bəhs  olunur,    münasibət 
bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir. 
Məruzənin  yüksək  səviyyədə  hazırlanması  üçün  birinci  növbədə  onun 
əhatə  edəcəyi  mövzunun həcmi,  sərhədi, mövzuya  aid  ədəbiyyat  (eləcə də digər 
mənbələr) müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında  məruzənin mətni hazır-
lanmalı,  oradan  irəli  gələn  ideyalar  formalaşdırılmalıdır.  Məruzə  oxunduqdan 
sonra dinləyicilərin tənqidi qeydləri, sualları və təklifləri əsasında məruzə mətnin-
də düzəlişlər aparılmalıdır. 
Çıxış.  Rəsmi  və  ictimai  tədbirlərdə  (iclaslarda,  yığıncaqlarda,  müşavirə-
lərdə,  nümayişlərdə, konfranslarda  və  s.  yerlərdə)  edilən  məruzə  ətrafında  dinlə-
yicilərin öz fikrini, münasibətini bildirməsidir. “Çıxış” sözü hazırda bir qədər də 
geniş dairədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təşviqat xarakterli çıxışlar, 
matəm çıxışları, məclis (stol) çıxışları, radio, televiziyada, qəzet vasitəsilə edilən 

 
111 
çıxışlar və s. Lakin çıxıĢ deyəndə  daha çox adamların qarşısında söylənilən nitq 
forması başa düşülür. 
Çıxış  sözünün  ifadə  etdiyi  məna  müəyyən  cəhətdən  nitqdən  fərqlənir. 
Çıxış  edən  şəxs  bir  qayda  olaraq  müzakirə  olunan  məsələ  ilə  əlaqədar  şəxsi 
mülahizələrini söyləyir. Bu şəxsi mülahizə, fikir çıxışın əsas əlaməti hesab edilir. 
Nitqdə  isə  bundan  fərqli  olaraq  şəxsi  mülahizə  deyil,  rəhbər,  istiqamətverici 
göstərişlər üstünlük təşkil edir. Orada irəli sürülən məsələlər icra üçün əsas olur. 
Dinləyicilər  məruzədəki  fikrə  həmrəy  olmaq,  həmin  fikrə  nəyisə  əlavə 
etmək,  nəyəsə  münasibət  bildirmək  və  s.  məqsədlərlə  çıxış  etməli  olurlar.  Bu 
çıxışlar o zaman effektli olur, dinləyiciləri razı salır ki: 
a)  yığcam olsun, çox vaxt aparmasın; 
b)  danışan müzakirə olunan mövzudan kənara çıxmasın; 
c)  məruzədə və ya əvvəlki çıxışlardakılar təkrar edilməsin
ç) deyilənlərdə ardıcıllıq və rabitəlilik gözlənilsin; 
d) sözlər, cümlələr aydın, hamının eşidə biləcəyi bir səs tonu ilə tələffüz 
edilsin; 
e)  loru və tüfeyli sözlərə, ifadələrə, şivə tələffüzünə və s. yol verilməsin.  
Nitq  söyləmək.  Adamlar    müxtəlif  şəraitdə  müəyyən  məqsədlə  nitq 
fəaliyyətində olurlar. Bu baxımdan nitq bir sıra növlərə ayrılır: ictimai-siyasi nitq, 
məişət nitqi, məhkəmədə söylənilən nitq və s. 
Ġctimai-siyasi  nitq.  İctimai-siyasi  nitq  digərlərinə  nisbətən  daha  çox 
inkişaf etmişdir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və 
televiziya  vasitəsilə  edilən  çıxışlara  tez-tez  qulaq  asırıq.  Respublikamızın  prezi-
denti  möhtərəm  İ.Əliyev  cənablarının  ölkənin  daxili  və  xarici  vəziyyəti,  ölkə 
daxilində  gedən  ictimai-siyasi  hadisələrə  həsr  olunan  çıxışları  siyasi  natiqliyin 
dəyərli  nümunələridir.  İstər  respublikamızda,  istərsə  də  xarici  ölkələrdə,  ən 
mötəbər məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox böyük 
razılıqla  dinlənilir.  Bu  nitqlər  dövlətimizin  apardığı  xarici  və  daxili  siyasətə 
qiymət verir, onu düzgün yola istiqamətləndirir. 

 
112 
Ulu  öndərimiz  H.Əliyevin  nitqləri  natiqlik  sənəti  baxımından  xüsusilə 
səciyyəvidir.  O,  ölkəmizdə  siyasi  natiqliyin  əsasını  qoymuşdur.  Dövrün  bu 
görkəmli dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm linqvistik, həm də 
publisistik cəhətdən təhlil olunmalı, öyrənilməlidir. Ali məktəblərdə tədris olunan 
“Nitq mədəniyyətinin əsasları”  fənninə bu barədə ayrıca bölmə  daxil edilməlidir. 
Qoy  bizim  gənclər  Heydər  Əliyev  natiqliyinin  sirlərinə  bələd  olsunlar,  onun 
məziyyətlərini əxz etsinlər, öz ixtisasları  ilə yanaşı, həm də gözəl natiq, söz ustası 
kimi yetişsinlər. 
Məhkəmə  natiqliyi.  Bu  nitq  dilin  bütün  funksiyalarını  (ünsiyyət,  xəbər, 
təsir  funksiyalarını)  yerinə  yetirir.  Ona  görə  natiqliyin  bu  növündə  bütün  dil 
üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi terminlər, hüquqi kateqo-
riyalar,  standart  formulalar  işlədilir  ki,  bu  da  təbiidir.  Ona  görə  ki,  məhkəmə 
prosesində  hüquqi  təhsili  və  müəyyən  hüquqi  savadı  olanlar  danışır,  fikir  və 
mülahizələrini  söyləyirlər.  Məhkəmə  natiqliyində  ehtiyac  duyulduqda  digər  nitq 
üslublarından  –  istimai-siyasi  məlumat  vermək,  təbliğat  və  təşviqat  məqsədilə 
publisistik,  nitqin  təsirini  artırmaq,  onun  mahiyyətini  uğurlu  bir  tərzdə  verə 
bilmək  üçün  bədii  üslublardan  da  istifadə  etmək  olar.  Bu  nitqə  prokuror,  vəkil, 
müttəhim,  şahid,  hakim  və  xalq  iclasçılarının  nitqi  daxildir.  Həmin  nitq  forma-
larından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və 
müttəhimin nitqi) müdafiəedici xarakterdə olur.  
İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı 
bacarmalıdır.  Bu  nitq  dərin  təhlilə,  sübutlara,  faktlara,  obyektivliyə,  əda-lətə, 
qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur. 
Müdafiəçinin  (vəkilin)  çıxışları  da  sübutlu,  dəlilli  olmalıdır.  Məhkəmə 
prosesində  qaldırılan  vəsadət  hadisələrin  dərin  təhlilindən  alınan  məntiqi  nəticə-
lərə  əsaslanmalıdır.  Vəkil  dəqiqliyə,  səmimiliyə,  qanunun  aliliyinə  riayət  etmə-
lidir. 
Məhkəmə  natiqliyi  tarixi  etibarilə  daha  qədimdir.  Hələ  eradan  əvvəl 
qədim  quldarlıq  dövləti  olan  Yunanıstanda  natiqlik  sənətinin  bu  növünə  böyük 
əhəmiyyət  verilmişdi.  Məşhur  Solon  qanunlarının  müəyyən  maddəsi  öz  şəxsi 

 
113 
mənafeyini müdafiə edə  bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir  afina-
lının  borcu  hesab  edirdi. Bu  qanun  qədim  Yunanıstanda,  eləcə  də  Roma  respub-
likasında  məhkəmə  natiqliyinin  inkişafına  böyük  təkan  vermişdir.  Lisi,  İsey, 
Siseron Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdılar. 
XIX  əsrin  ikinci  yarısında  nitqin  bu  növünün  gözəl  nümunələrinə  Qərbi 
Avropanın  bir  sıra  ölkələrində,  həm  də  Rusiyada  rast  gəlinir.  Rusiyada  dövrün 
qabaqcıl ziyalıları, alimlər və başqaları məşhur vəkillərin, ittihamçıların, bəzən də 
müttəhimlərin nitqini dinləmək üçün məhkəmə salonlarına gedirlər. Azərbaycanda 
da  məhkəmə  natiqliyinin  müəyyən  tarixi  vardır.  Məhkəmə    salonlarında  alovlu 
nitqlər  söyləyən,  adamların  hüquqlarını  müdafiə  etməyi  bacaran    vəkillərin  nitqi 
ictimaiyyət  tərəfindən  həmişə  qiymətləndirilmiş,  təqdir  olunmuşdur.  Uzun  illər 
xalq  hakimi,  sonra  da  vəkil  işləmiş  adlı-sanlı  ədliyyə  müşaviri  İman  İmanovun 
natiqliyi  barədə  dəfələrlə  eşitmişdik.  Bir  dəfə  təsadüfən  ali  məhkəmə  zalında  bir 
müdafiəçi kimi onun çıxışını dinləmək bu sətirlərin  müəllifinə müyəssər oldu. Bir 
qədər pafosla söylənilən bu nitq adamı valeh edirdi. O, söz alıb ayağa qalxdı, ani 
olaraq  susdu.  Bu  başlanğıc  fasiləsində  natiq  auditoriya  ilə  əlaqə  yaradır,  diqqəti 
cəlb  edir,  özü  haqda  ilk  təəssürat  yaradırdı.  Natiq  nisbətən  yavaş,  bir  qədər  asta 
templə  ifadə  etdiyi  “Möhtərəm  hakimlər”  müraciəti  ilə  nitqinə  başladı.    Natiq 
fikrini  aydın  ifadə  edə  bilmək  üçün  olduqca  münasib  sözlər,  ifadələr  işlədir, 
dediklərini əsaslandırmaq məqsədilə yeri gəldikcə faktlara, dəlillərə müraciət edir, 
şərhini məntiqi əsasda qurmağa çalışırdı. Onun nitqi rabitəli idi, fikirlər bir-birini 
tamamlayır, ikinci dərəcəli məsələlər əsas fikrin, mətləbin açılmasına, dinləyiciyə 
çatdırılmasına xidmət edirdi. Natiq yeri gəldikcə obrazlı ifadələrdən, zərbi-məsəl-
lərdən, aforizmlərdən, rəngarəng müraciət formaları və sairdən istifadə edirdi. Bu 
nitq  intonasiya  cəhətdən  zəngin  və  xoşagəlimli  idi.  Nitqin  sonu  başlanğıcla 
əlaqələndirildi ki, bu onun kompozisiya baxımından tamlığını təmin etdi. Natiqə 
qulaq asan dinləyicilər hiss etdilər ki, daha hər şey aydındır. 
Məhkəmə  natiqliyindən  söhbət  düşəndə  İ.İmanov  onun  uğurlu  nəticələr 
verməsi üçün aşağıdakıları əsas sayırdı: 

 
114 
1) natiq nitqin predmetini yaxşı bilməli, onun müsbət və mənfi cəhətləri 
natiq üçün aydın olmalıdır; 
2) natiq  ana  dilinin  zənginliklərindən,  ifadə  vasitələrindən  istifadə 
etməyi bacarmalıdır; 
3) yalan danışmamalıdır. 
Məhkəmə  praktikasında  belə  natiqlər  çox  olmuşdur.  Təəssüf  ki,  onların 
natiqlik  məharəti  ilə  bağlı  müəyyən  bir  vəsait  yazılmamışdır.  Hazırda  ədliyyə 
sistemində  işləyənlərin,  xüsusilə  hüquq  təhsili  verən  müəssisələrin    məhkəmə 
natiqliyinə dair vəsaitə böyük ehtiyac vardır. Bu gün universitetlərin hüquqşünas 
fakültələrində tələbələr həm də mahir natiq kimi yetişməli, formalaşmalıdırlar. 
Akademik  natiqlik.  Akademiya  və  elmi  müəssisələr  sistemində,  beynəl-
xalq  konfrans,  simpozium,  treninq  və  sairədə  edilən  məruzələr,  çıxışlar,  verilən 
elmi  məlumatlar və s.   akademik  natiqliyə  aid edilir. Bu, elm  adamlarının, alim-
lərin,  yüksək  hazırlıqlı  ziyalıların,  müəllimlərin  elmi-praktik  konfranslarda,  ali 
məktəb  auditoriyalarında,  radio  və  televiziya  verilişlərində,  müdafiə  sovetlərində 
və  s.  yerlərdəki  nitqidir.  Elmi  nitq  öz  məntiqliyi,  fikirlərin  ardıcıllığı, 
söylənilənlərin sübutla, dəlillərlə əsaslandırılması,  ümumiləşdirmələri, nəticələri 
və s. ilə digər  nitq növlərindən fərqlənir. Nitqin bu növü vasitəsilə yaradıcı insan-
lar,  alimlər  və  b.  öz  tədqiqatlarından,  araşdırmalarından  alınmış  nəticələri  həm 
yazılı  (məqalələr,  əsərlər,  monoqrafiyalar  şəklində),  həm  də  şifahi  yolla  
başqalarına  çatdırırlar.  Bu nitq  o  zaman  yararlı sayıla bilir ki, insanlar onu başa 
düşsünlər,  orada  şərh  olunanlara  inansınlar.  Mühazirəçinin  söylədikləri  reallığa 
əsaslanmalı, dinləyicilər tərəfindən qəbul olunmalıdır. 
Akademik  natiqliyin  yaranmasında  ali  məktəblərin  rolu  xüsusilə 
böyükdür.  Belə  müəssisələrdən  biri  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetidir. 
Universiteti  müxtəlif  illərdə    bitirib  respublikanın    məktəblərində,  digər  tədris 
müəssisələrində  işləyənlərin  çoxu  eyni  zamanda    natiq  kimi  də  fəaliyyət  göstə-
rirlər. Şübhə yoxdur ki, bu keyfiyyətə yiyələnənlər elmi natiqliyi, bəlağətli  nitqi 
ali  məktəb  auditoriyalarında  mühazirələr  oxuyan  müəllimlərindən  (professor  və 
dosentlərdən)  öyrənir,  bu  söz  ustalarının  danışığını,  natiqlik  məharətini  –  aydın 

 
115 
tələffüzünü,  parlaq,  qəti,  kəsərli  nitqini,  güclü  məntiqini,  gözəl  avazını,  fikrin 
ifadə  tərzini  və  sairəni  əxz  edirlər. Belə müəllimlər  mükəmməl  elmi  hazırlığı  ilə  
yanaşı, söz ustası, natiq kimi də yadda qalır. 
İctimai-məişət  natiqliyi.  Bu  nitqin  geniş  istifadə  olunan  növlərindən 
biridir.  Adamlar  həyatda  müxtəlif  münasibətlə  (yubileylərdə,  toylarda, 
bayramlarda,  ad günlərində,  dəfn  mərasimlərində, stol  arxasında  və  s.)  başqaları 
qarşısında  çıxış  etməli,  tost    deməli,  nitq  söyləməli  olurlar.  Məişət  zəminində 
söylənilən  bu  nitqlər  digərləri  ilə  müqayisədə  müəyyən  xüsusiyyətlərinə  görə 
fərqlənir.  Burada  haqqında  danışılan  adamlar  yalnız  təriflənir,  onların  barəsində 
xoş  sözlər  söylənilir,  obrazlı  ifadələrə,  təmtəraqlı  cümlələrə  daha  çox  üstünlük 
verilir. 
Natiqliyin  bu  növündən  yubiley  tədbirləri,  şənliklər  keçirilən  zaman 
istifadə  olunur.  Bu  tədbirlər,    əsasən,  iki  formada  aparılır.  Birincisi,  görkəmli 
adamların  –  elm,  maarif  və  mədəniyyət  xadimlərinin,  yazıçı,  aktyor,  əmək  və 
müharibə  veteranları  və  başqalarının  yubileyləri,  həmçinin  əlamətdar,  tarixi 
günlərin  qeyd  olunması;  ikincisi  isə  kiçik  kollektivlərdə,  ailədə  dostlarla, 
yaxınlarla  keçirilən  yubiley  şənlikləri.  Yubileylərin  forması  və  keçirilmə  şəraiti 
fərqli  olduğu  kimi,  orada  söylənilən  nitqlərin,  çıxışların  ifadə  tərzi  də  müxtəlif 
olur.  Birincidə bu  tədbir, adətən, ciddi  planda  aparılır. Orada  əvvəlcə  bir  nəfərin 
(müəssisənin rəhbəri və ya orada çalışan mötəbər adamlardan birinin) giriş nitqi 
dinlənilir.  Onun  ardınca  əvvəlcədən  müəyyənləşdirilmiş  çıxışlar  olur,  xatirələr 
söylənilir.  Danışanlar  daha  çox  yubilyarın  işindən,  əmək  fəaliyyətindən  söhbət 
açırlar.  Burada  söylənilən  nitq,  işlədilən  söz  və  ifadələr,  cümlələr  bir  qədər 
nizamlı – düzümlü olur, atmacalara, replikalara, zarafata yol verilmir.  
Ailədə,  kollektivdə    dostlar  arasında  keçirilən  yubiley  şənliklərində 
yubilyarın  xarakteri,  mənəvi  keyfiyyətləri,  insanlara  münasibəti,  cəmiyyətdə, 
ailədə  mövqeyi  və  s.  haqda  söhbətlər  ön  planda  olur.  Bu  söhbətlərdə  zərif-duzlu 
atmacalara,  incə  yumora  geniş  yer  verilir.  Orada  söylənilən  xatirələr,    bir  növ,  
ürək nəğmələrini xatırladır, yubiley tədbirlərinin təsirini artırır. 

 
116 
Məişət nitqinin çox geniş yayılmış forması toy mərasimlərində  tamada – 
masabəylərin  nitqidir.  Müxtəlif  peşə  sahibi  olub,  həm  də  tamada  kimi  fəaliyyət 
göstərən  bu  natiqlərin  nitqini  məclis  əhli  maraqla  dinləyir,  ondan  eşitdikləri 
musiqi  qədər  həzz  alır.  Lakin  həmişə  belə  olmur.  Toy  natiqlərinin  bir  qismi 
çıxışında münasib söz və ifadələri tapıb işlədə bilmir, fikrini ardıcıl şəkildə ifadə 
etməkdə  çətinlik  çəkir,  şablon  ifadələr  işlədir,hamının  dəfələrlə  eşitdiyi  şeirləri 
söyləyir,  əhvalatları  danışır,  uzunçuluq  edir,  eşidənləri  yorur.  Halbuki  müasir 
zövqlə bəzədilmiş toy salonlarında dilimizi yaxşı bilən, onun ifadə vasitələrindən 
məqamına görə istifadə etməyi bacaran natiqlər çıxış etməlidirlər. 
Məişət  nitqinin  digər  forması  hüzn  mərasimində  söylənilən  vida  nitqidir. 
Bu nitq həcmcə qısa və yığcam olur, çox vaxt almır. Monoton ifadə tərzi bu nitqin 
əsas  əlamətidir.  Nitqin  bu  növü  də  qədimdir.  Vətən,  xalq,  dövlət  qarşısında  öz 
borcunu ləyaqətlə yerinə yetirib həlak olanların, vəfat edənlərin dəfn mərasimində 
bir  qayda  olaraq  ən  məşhur  natiqlər,  söz  ustaları  nitq  söyləmiş,    mərhumun 
məziyyətlərindən  danışmış,  onu  yüksək  qiymətləndirmişlər.  Son  illərdə  erməni 
işğalçılarına  qarşı  vuruşlarda  şəhid  olanların  hər  birinin  dəfn  mərasimində  vida 
nitqləri  söylənilmiş,  onların  vətən  qarşısında  xidmətləri  qeyd  edilmişdir.  Belə 
nitqlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında təsiri böyükdür. 
Dəfn mərasimlərində el ağsaqqallarının, ağbirçəklərin, dünyagörmüşlərin, 
ziyalıların və b. qəbirüstü söylədikləri nitqlər, orada  mərhumun fəaliyyətini qiy-
mətləndirmək, onun ideyalarının, işinin, əməllərinin, yaşayacağı haqda söz söylə-
mək,  yas sahibini ovundurmaq, ona təsəlli vermək baxımından əhəmiyyətlidir. 
Hal-hazırda yas yerlərində ictimaiyyətin bütün təbəqələrindən olan adam-
lar  iştirak  edirlər.  Belə  məclisləri  aparanlar  (şübhəsiz  ki,  bunlar  daha  çox  din 
xadimləri olurlar) söhbət açdıqları mövzular, ifadə tərzi, şərh üsulu, nitqi və s. ilə 
adamları cəlb etməyi bacarmalıdır. “Burada yabançı, əfsanəvi nitqlər deyil, həyati, 
insanları  düşündürən  problemlərdən,  qəm  və  kədəri  unutduran  məsələlərdən, 
həyatın doğurduğu problemlərdən, tərbiyə məsələlərindən və ya ölümə səbəb olan 
xəstəliklərdən, ondan qorunma yollarından söhbətlər aparmaq lazımdır” (26, 118). 


 
117 
Ekran  nitqi.  Buna  telenitq  də  deyilir.  Ekran  nitqi  kütləvi  informasiya 
vasitələrindən  ən  dəyərlisidir.  Bu  nitq  həm  yazılı,  həm  də  şifahi  nitqin 
xüsusiyyətlərini özündə birləşdirir. Telenitq monoloji və dialoji formalarda olur,  
məzmun hərəki təsvir və səs ifadəsi ilə dinləyiciyə çatdırılır. Televiziya verilişləri 
zamanı  bəzən   təsvir,  bəzən də  sözün  rolu  ön plana  çəkilir.  Şübhəsiz  ki,  hər bir 
halda sözün,  nitqin publisistik funksiyası daha geniş olur. 
Çoxmilyonlu  auditoriya  üçün  səsləndirilən  bu  nitqdə  ədəbi  dilin  norma-
larına  ciddi  bir  şəkildə  riayət  edilir.  Danışan  fikrini  çatdırmaq  üçün    münasib 
formaları    tapmağa,  dilin  sinonimik  vasitələrindən  yerli-yerində  istifadə  etməyə, 
cümlələri  düzgün    qurmağa  çalışır.  Burada  orfoepik  normaları  -  ədəbi  tələffüz 
qaydalarını gözləmək daha vacib sayılır. Teleekran ədəbi dilin, xüsusilə orfoepik 
tələffüzün  təbliğatçısı,  yayıcısı,  tənzimləyicisi  olduğundan  bu  verilişlərdə  həmin 
qaydalara  xüsusi  qayğı  və  tələbkarlıqla  yanaşılır,  əməl  edilir  və  tələb  olunur  ki, 
danışanın  nitqi  diksiya  baxımından  aydın  olsun,  səslər  öz  məxrəcində  deyilsin. 
Hər  bir  söz,  söz  qrupu  ədəbi  tələffüz  normalarına  uyğun,  aydın,  emosional  və 
təsirli bir şəkildə tələffüz edilsin. 
Ədəbi  tələffüz  təkcə  səs və  sözlərin  düzgün deyiliş  qaydalarından  ibarət 
deyildir. Vurğu, ritm, tembr, pauza kimi prosodik ünsürlər də bu anlayışa daxildir. 
Bu  mənalı  səslənmə  vasitələrindən  düzgün  istifadə  telenitqin  gözəlliyi,  təsir 
effekti baxımından olduqca əhəmiyyətlidir. 
 Tamaşaçılar televiziya verilişlərindən etalon səviyyəli nitqi eşidir və əxz 
edirlər.  Məktəblilərimizdə  teleekranda  səsləndirilən  nitqdən,  aktyor  və  ya  diktor 
oxusundan  xarakter  parçalar  lentə  köçürülərək  nitq  inkişafı  məqsədilə  aparılan 
məşğələlərdə nümunəvi səsli vəsait kimi istifadə olunur. Həmin məşğələlərdə səsli 
nitq  nümunələri  təhlil  edilir,  onların  ədəbi  dil,  o  cümlədən  orfoepik  tələffüz, 
intonasiya  normalarının  gözlənilməsi  baxımından  məziyyəti  göstərilir.  Belə 
vəsaitlər üzrə aparılan iş məktəblərimizdə ədəbi dilimizin öyrənilməsinə əhəmiy-
yətli  dərəcədə kömək edir. 
Çox  təəssüf  ki,  teleekranlarda  (xüsusən  özəl  kanallarda)    çıxış  edənlərin 
nitqində ədəbi dildən, onun  normalarından uzaqlaşma halları da müşahidə edilir. 

 
118 
Bu  daha  çox  ədəbi  tələffüz  normalarının  pozulmasında  özünü  göstərir. 
Danışanların nitqində yerli şivəyə, adi danışıq dilinə xas olan qüsurlara (məsələn; 
qabul,  münasibat,  avvam,  məhşur,  yani,  sa`naye,  təyyin,  məsəlçin,  belənçik, 
nərazılıq, gorə, məytəf və s.) yol verilir. Belə  qüsurların bir qismi söz vurğusunun 
qüsurlu  deyilməsindən  irəli  gəlir.  Məsələn;  şu`ra,  si`pər,  peda`qoq,  mü`xtəlif,  
dü`nya, nəzə`riyyə, psixolo`ji, sı`ğorta, ma`nevr, o`xu, da`ha, i`sim, si`fət və s. 
Ekran  nitqində  müşahidə  olunan  digər  qüsur  orfoepiyası  orfoqra-
fiyasından fərqli olan söz və qrammatik formaların yazılıdığı kimi deyilməsi və ya 
oxunmasıdır.  Məsələn;  yarpaqlar  (yarpa  [x]lar  əvəzinə),  vətəndən  (vətənnən 
əvəzinə) alırlar (alıllar əvəzinə), qanlı (qannı əvəzinə), başlayır (başlıyır əvəzinə), 
alsa idi (alseydi əvəzinə ) və s.  
Bir sözlə, televiziya verilişlərində (eləcə də radio verilişlərində) qüsursuz, 
təmiz, etalon səviyyəli, canlı, təbii Azərbaycan dili səslənməlidir. Lakin bu tələbə 
həmişə  riayət  olunmur. Məsələn, “Sizi ünsiyyətə  dəvət edirik”  adlı  bir televiziya 
verilişində ünsiyyətin vacibliyindən dönə-dönə bəhs olunurdu. Amma çox təəssüf 
ki, verilişin iştirakçıları rusdilli idilər, azərbaycanca çətin danışırdılar. Belə veri-
lişlərə  dilimizi  yaxşı  bilənlər,  nitq  qabiliyyəti  olanlar  cəlb  edilsə,  daha 
məqsədəuyğun olar. 
Ədəbi dilimizin, mədəni nitqin tənzimləyicisi, yayıcısı olan ekran nitqində 
qüsurlara  yol  verməmək  üçün  televerilişlər  ciddi  redaktə  olunmalıdır.  Verilişin 
hansı kanalda getməsindən asılı  olmayaraq, orada ədəbi dilimizin qaydalarına, o 
cümlədən orfoepik normalarına ciddi bir şəkildə riayət edilməlidir. Bu nitq aydın, 
ardıcıl,  düzgün,  təmiz,  rəvan,  sadə,  təsirli  olmalıdır  ki,  geniş  ünsiyyətə  lazımi 
səviyyədə xidmət edə bilsin.  
 
Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin