Nadġr abdullayev



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
Azf-277620


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
99 
IV  F Ə S Ġ L 
NĠTQĠN NÖVLƏRĠ VƏ FORMALARI 
                                                     Dil və nitq 
 
 “Nitq  –  müəyyən  kollektivin digər üzvləri  ilə  əlaqə saxlamaq  məqsədilə 
dildən istifadə edən şəxsin fəaliyyəti, danışıq; mürəkkəb məzmunun – həm  infor-
masiya, həm çağırış – müraciət, həm dinləyicini təhriketmə və s. ifadəsi üçün dilin 
müxtəlif vasitələrinin işlədilməsi”dir (11, səh.187). Dil və nitq eyni bir hadisənin  
nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı 
və  təsirli  ola  bilməsi  üçün  dil,  öz  növbəsində  dilin  mövcudluğu  üçün  –  nitq 
zəruridir.  Hər  hansı  dilin  sistemini  yalnız    nitqdəki  təzahürünə  görə  müəyyən-
ləşdirmək  olur.  Nitq  nəinki  dili  təzahür  etdirir,  həm  də  onu  inkişaf  etdirir, 
formalaşdırır. Nitq fəaliyyətdə, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir, 
nitq  aktıdır.  Nitq  dilin  konkret  ünsiyyət  şəraitində  realizə  olunması,  informa-
siyanın ötürülməsi və əldə edilməsidir.  Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin 
özüdür. 
İsveçrə dilçisi məşhur F.de Sössürün “Ümumi dilçilik kursu” adlı əsərində 
dil və nitqin oxşar və fərqli cəhətləri ilk dəfə ətraflı şəkildə şərh olunmuşdur. O, 
dil və nitqi iki müxtəlif hadisə hesab etmiş, göstərmişdir ki, dil qrammatik sistem 
və  lüğət  tərkibindən,  yəni  dil  vahidlərindən,  nitq  həmin  vahidlərdən  ünsiyyət 
məqsədilə  istifadədir.  Nitq  fərdi  danışıq  və  eşitmə  faktorlarından  ibarətdir. 
Sonralar  bu  tezislə  bağlı  müxtəlif  nəzəriyyələr  meydana  gəlmiş,  fikirlər 
söylənilmişdir. Bu fikirlər nəticə etibarilə belə ümumiləşdirilmişdir ki, dil və nitq 
fərqli kateqoriyalar olsa da, bu iki anlayış bir-birinə bağlıdır, bir-biri ilə dialektik 
vəhdətdədir. Dilin funksiyaları (məlumatvermə, ünsiyyət, təsirgöstərmə) nitqin də 
funksiyalarıdır. Dil nitqin hesabına, nitq də dilin hesabına zənginləşər. Dil nitqdə 
fəaliyyət  göstərir.  Nitqdən  təcrid    olunanda  o  mücərrəd  bir  mahiyyət  daşıyır, 
ünsiyyət, anlama üçün yararsız olur. Nitq ünsiyyət prosesi olduğundan nitq və dil 
arasındakı qarşılıqlı əlaqələr bu prosesdə baş verir. 

 
100 
Nə  qədər  yaxın  və  qarşılıqlı  əlaqədə  olsa  da,  dil  və  nitqin  özünəməxsus 
cəhətləri vardır ki, bu onları bir-birindən fərqləndirir. Bu fərqlər aşağıdakılardır:  
1.  Dil ünsiyyət vasitəsidir. Nitq isə bu ünsiyyətin özüdür. Nitq insanlar 
arasında dil vasitəsilə həyata keçirilən fikir mübadiləsi və ünsiyyət prosesidir (13, 
73). Ünsiyyət  vasitələri imkan vəziyyətində dildir. Nitq dil normalarına əsaslanır, 
dil sistemi isə öz növbəsində nitq fəaliyyətində təzahür edir, təkmilləşir. 
2.  Nitq  fərdidir,  ayrı-ayrı  adamların  nitq  aktlarıdır,  vərdişləridir, 
danışığıdır,  yazısıdır.  Yazıçının  dili  dedikdə,  yazıçının  nitqi  (nitqinin  yazıya 
köçürülmüş forması)  nəzərdə tutulur. 
Ümumxalq dili eyni bir dil kollektivi  üzvlərinin əlaqə məqsədilə dildən 
istifadə formalarından asılı olaraq müxtəlif dəyişikliyə uğrayır. Danışanlar, yaxud 
yazanlar dil vasitələrindən eyni şəkildə istifadə etmirlər. Bu istifadə şəxsin təhsili, 
həyat  təcrübəsi,  dünyagörüşü,  mədəni  səviyyəsi  və  s.  ilə  bağlı  müxtəlif  şəkildə 
olur. Burada danışan və yazanın ifadə etdiyi fikrə münasibəti də dil vasitələrindən 
istifadənin  rəngarəngliyinə,  müxtəlifliyinə  səbəb  olur.  Bu  münasibətdən  asılı 
olaraq cümlədə sözlərin sırası dəyişilir, müxtəlif xitablar, ara sözləri, ara cümlələr 
işlədilir, rəngarəng intonasiya çalarlarından istifadə olunur. 
3.  Dili  ünsiyyət  vasitəsi  kimi  müşahidə  etmək  mümkün  deyildir.  Bu 
müşahidə fərdlərin nitqi və onun məhsulu  olan mətn üzrə aparılır. Dilə dair qram-
matika  kitabları  və  digər  sorğu  vəsaitləri  bu  mətnlər,  onların  təhlili  yolu  ilə 
aparılan araşdırmaların nəticəsi olaraq yazılır, oxuculara təqdim olunur. Nitq daha 
çox sintaksislə bağlıdır, onun sinonimi kimi işlənir. 
4. Nitq tarixi səciyyə daşıyır, dil isə tarixdən kənardadır. Başqa sözlə, nitq 
işləndiyi şəraitdən asılıdır, həmin şəraitdəki bütün faktorların təsirinə məruz qalır, 
dəyişikliyə  uğrayır.  Lakin  dil  normalarının  köməyi  ilə  bu  dəyişikliklərdən, 
təsirlərdən özünü qoruyur. 
5.  Nitq  dil  ilə  müqayisədə  mütəhərrik  və  dinamikdir.  Onun  vahidləri 
(mürəkkəb  sözlər,  söz  birləşmələri,  cümlələr)  nitq  prosesində yaranır,  mürəkkəb 
quruluşa malik olur. Bu vahidlər həmin an üçün zəruri ehtiyacı ödəmək məqsədi 
güdür. Dil isə nitqlə müqayisədə sabitdir, dəyişmir. Dildə səhv ola bilməz, nitqdə 

 
101 
isə  ola  biər.  Dil  tarazlaşmış,  nizamlanmış  normalar  sisteminə  və  lüğət  tərkibinə 
malikdir. Nitq prosesinin müəyyən məhsulu (məsələn, mətn), həmin məhsulun da 
iki  tərəfi  olur:  1)  oradakı  fikir,  yəni  nitqin  məzmunu;  2)  bu  fikrin  maddi  qabığı 
varlıq,  yəni  forma.  Deməli,  bu  mənada  dil  nitqin  formasıdır,  fikir  isə  onun 
məzmunu. 
6. Nitq fərdi – psixi, dil isə ictimai hadisədir. Hər bir nitq aktı bütün psixi 
formaların  (duyğu,  hiss,  təsəvvür,  qavrayış,  təfəkkür,  emosiya  və  s.)  təsirinə 
məruz  qalır,  ayrı-ayrı  şəxslər  dilin  zəngin  ifadə  vasitələrindən  müxtəlif  şəkildə 
istifadə  edirlər.  Bu  səbəbdən  birinin  nitqi,  danışığı  digərlərindən  gözəl,  zəngin, 
əhatəli,  məzmunlu  və  təsirli  olur.  Bu,  danışanın  (yazanın)  dünyagörüşündən, 
savad  dərəcəsindən,  dilə  şüurlu  münasibəti  və  s.  asılı  olaraq  müxtəlif  formalar 
kəsb  edir.  Belə  keyfiyyətlərə  malik  olanlar  dil  vasitələrindən  daha  məharətlə, 
olmayanlar  isə  bir  qədər  zəif  istifadə  edirlər.  Natiqlik  fəaliyyətində  bu  cəhət 
nəzərə alınmalı, natiq öz nitqi üzərində müntəzəm işləməli, danışığında dilimizin 
zəngin və rəngarəng ifadə vasitələrindən istifadə etməyi bacarmalıdır. Nitq fərdin 
yaradıcılıq fəaliyyətidir, vərdişidir. Digər yaradıcılıq formaları kimi nitq də (şifahi 
və  yazılı)  dilin  vahidləri  və  ifadəlilik  vasitələrindən  istifadə  baxımından  estetik 
keyfiyyətlərə malik olmalı, dinləyicini özünə cəlb etməlidir. İfadə olunan hər bir 
fikir dinləyiciyə (oxucuya) təsir etməli, onda müəyyən hisslər oyatmalıdır. 
7.  Nitq  və  dil  quruluşuna  görə  də  fərqlənirlər.  Dilin  quruluşu  onun  ən 
böyük vahidi olan cümlədə özünü göstərir. Nitqin quruluşuna isə cümlə, abzas və 
mətn  daxildir.  Dil  sisteminin  ən  böyük  vahidi  sayılan  cümlə  nitq  sistemində  ən 
kiçik vahid olur. 
Dil  və  nitq  aşağıdakı  fərq  qarşılaşmada  özünü  aydın  göstərir: 
Obyektivlik–  subyektivlik,  ümumilik–xüsusilik,  daimilik–dəyişkənlik,  bəşərilik–
millilik,  statiklik-dinamiklik,  mücərrədlik-konkretlik,  ictimailik-fərdilik,  müm-
künlük-gerçəklik, rasionallıq-emosionallıq və s. 
Aralarında  fərqlərin olmasına  baxmayaraq  nitq  və  dilin qarşılıqlı  əlaqəsi 
vardır.  “Nitqin  aydın  olması  və  özünün  bütün  təsirini  göstərməsi  üçün  dil 

 
102 
vacibdir;  nitq  öz  növbəsində  dilin  bərqərar  olması  üçün  vacibdir;  tarixən  nitq 
mövcudluğu həmişə dildən əvvəl olur” (14). 
Nitqin  ifadə  üsullarına,  təzahür  şəkillərinə,  kommunikasiya  məqsədinə, 
şəraitinə və s. əlamətlərə görə bir sıra növləri (şifahi nitq, yazılı nitq, rəsmi nitq, 
səhnə nitqi, danışıq nitqi, kütləvi nitq, ədəbi nitq, vasitəli nitq, vasitəsiz nitq, təşkil 
olunmuş və təşkil olunmamış nitq və s.) mövcuddur ki, onlar müəyyən cəhətlərinə 
görə bir-birindən fərqlənirlər.  
Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. 
Bir nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət 
göstərir: sual  verir,  dinləyən  cavab, danışan  rəyini söyləyir,  müsahib ona  müna-
sibətini  bildirir.  Başqa  bir  nitq  formasında  isə  dinləyən  ya  ehtiyac,  ya  da 
imkanının olmaması üzündən müsahibinin danışığına müdaxilə etmir, münasibət 
göstərmir.  Bu  cür  şərhetmə  və  dinləmə  nitqin  dialoji  və  monoloji  formalarını 
yaradır. 
Dialoji nitq. Bu nitq fəaliyyətinin bir forması olaraq müəyyən situasiyada 
iki  və  daha  artıq  şəxs  arasında  bir-birini  izləyən,  növbələşən  canlı  ünsiyyət, 
danışıqdır. Burada  danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən 
öz-özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini sözlə ifadə edir. 
Fikri qəbul edən (dinləyən, eşidən) əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən 
xarici nitqə keçərək müsahibinə müvafiq cavab verir.  Dialoji  nitqdə həmsöhbət-
lərdən  birinin  ifadə  etdiyi  fikir  digəri  tərəfindən  qavranılır.  Burada  monoloji 
nitqdən  fərqli  olaraq  söhbətə  öncədən  hazırlıq  görülmür.  Bu  səbəbdən  dialoji 
nitqdə tərəflər daha fəal olurlar. Dialoji nitqin bütün formalarında (dialoji söhbət, 
danışıq formalarında) onun iştirakçıları hadisəni təfərrüatı ilə danışır, olanlara öz 
münasibətini  bildirir,  dediklərinin  daha  inandırıcı  olması  üçün    sübutlar,  dəlillər 
gətirirlər. Qarşılıqlı söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif formalar (müra-
ciətlər, ara  sözlər, ritorik  suallar  və  s.) ümumi  bir  bütövlük, fikri  vəhdət  yaradır. 
Dialoq zamanı leksik təkrarlara, suala sualla cavabvermə, cümlədə söz düzümü-
nün pozulması, fikrin elliptik qurulması, pauzalar və s. özünü göstərə bilir. Əlbət-
tə, belə ünsiyyət prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün norma-

 
103 
larına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılma-
lıdır. Nitqin dialoji forması mükalimə də adlanır.  O, danışıq dili üçün səciyyəvi, 
yığcam  və  ixtisar  olunmuş  nitqidir.  Orada  ifadələr  bir  qədər  qısa,  sintaktik 
quruluşlar  sadədir.  Yarımçıq  cümlələrdən  daha  çox  işlədilir.  Nitqin  bu  növündə 
digər  vasitələrdən  də  -  jest,  mimika,  əl-qol  hərəkəti  və  s.  geniş  istifadə  olunur. 
Dialoji  nitqdə intonasiya mühüm rol oynayır. 
Monoloji  nitq.  Dialoji    nitqlə  müqayisədə  monoloji  nitq  struktur 
baxımından  sadədir.    Fikir  bir  nəfər  tərəfindən  geniş  və  ya  müxtəsər  şəkildə, 
rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri)  ilə 
əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ  növlərin-
dən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı 
bir  məzmunun  başqasına  çatdırılmasıdır.  Bu,  təşkil  olunmuş,  proqramlaşdırılmış 
nitqdir.  Yəni  danışan  deyəcəklərini  əvvəlcədən  düşünür,  ifadə  edəcəyi  fikrin 
həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət 
formasını,  dil  materiallarını  seçir,  müsahibinin  (müsahib-lərinin)  səviyyəsini, 
deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır. 
Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan tutur, şərh 
edəcəyi  məzmunu  vermək  üçün  ona,  necə  deyərlər,  dil  donu  geyindirir.  Hansı 
sözlərdən, ifadələrdən istifadə edəcəyini, nitqini necə başlayacağını və quracağını 
və s. özü üçün müəyyənləşdirir. 
Yazılı və şifahi nitq 
Nitq  mədəniyyətindən  söhbət  gedəndə,  adətən,  onun  (nitqin)  şifahi 
forması  nəzərdə  tutulur,  yazılı  nitq  bu  anlayışa  daxil  edilmir.  Əslində  isə  nitq 
mədəniyyəti problemlərini nitqin səlis qurulması, dil vahidlərinin məqsədəuyğun, 
dəqiq,  ahəngdar,  aydın,  məzmunlu  və  lakonik  ifadə  edilməsi  və  digər  bu  kimi 
məsələlərlə  məhdudlaşdırmaq  düzgün  olmazdı.  Nitq  mədəniyyəti  problemi  bun-
larla yanaşı, əyani, konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcədə bağlıdır. 
Dil  sisteminin  həm  şifahi,  həm  də  yazılı  formalarında  ədəbi  dil  normalarının 
gözlənilməsi dilin hərtərəfli inkişafı, onun sosial funksiyasının genişlənməsi baxı-
mından  başlıca  şərtdir.  Nitq  mədəniyyətindən,    ədəbi  dilin  normaları  əsasında 

 
104 
fəaliyyət göstərən nümunəvi nitqdən, onun düzgünlüyü, aydınlığı, saflığı, səlisliyi 
və s. söhbət  gedirsə, o zaman yazılı nitqin orfoqrafiya və durğu işarələri qayda-
larına  əməl  etmək  də  normativlik  sayılmalıdır.  Nitq  inkişafı  üzrə  aparılan  təlim 
işlərində onun yazılı və şifahi formaları vəhdət şəklində götürülməlidir. “... ancaq 
şifahi  nitqə  diqqət  yetirib,  yazılı  nitqi  unutmaq  nitq  mədəniyyətini  birtərəfli 
inkişaf etdirmək deməkdir” (15, səh.14). 
Ədəbi  dilin  şifahi  və  yazılı  formalarının  hər  birinin  özünəməxsus 
xüsusiyyətləri,  bu  səbəbdən  irəli  gələn  fərqli  cəhətləri  vardır.  Həmin  fərqlər 
dilçilik ədəbiyyatında aşağıdakı şəkildə göstərilir: 
1. Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri 
səs və sözdür; 
2.  Yazılı  nitq  sərbəst  və  müfəssəl  bir  ünsiyyət  formasıdır.  Burada 
həmsöhbətlə  əks  əlaqə  olmur.  Yazan  fikrini  başqalarına  nə  dərəcədə  çatacağını, 
aydın olub-olmayacağını daim diqqət mərkəzində saxlayır, bacardığı qədər şərhini 
aydın, anlaşıqlı qurmağa çalışır. Bunun üçün nitqin  bu növündə daha münasib və 
yararlı  dil    vasitələrindən  istifadə  olunması  lazım  gəlir.  Yazı    prosesində  dil 
vahidləri  və  formalarından,  danışıqda  az    işlənən  ifadələrdən,  cürbəcür  sintaktik 
quruluşlardan,  dilin  ifadəlilik  vasitələrindən  (emfatik  vurğu,  epitet,  inversiya, 
ellipsis,  anafora,  ritorik  sual  və  s.)  daha  tutarlısını  fikirləşib  tapmaq  və  yerində 
işlətmək,  fikri  səlis,  aydın,  düzgün  ifadə  etmək    üçün  şifahi  nitqə  nisbətən 
müəyyən  vaxt  imkanı  vardır.  Şifahi  nitqdə  isə  belə  bir  imkan  olmadığından,  
danışan  fikrini  yığcam  və  üslubi  cəhətdən  düzgün  qurmaqda  çətinlik  çəkir, 
qüsurlara  yol  verir.  Həyatda  rabitəsiz  və  məntiqsiz  danışıqlara  təsadüf  etmək  o 
qədər də çətin deyildir. 
3.  Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş 
yer verilir, yazılı ədəbi dildə isə elmi, texniki, siyasi və digər terminlər daha çox 
işlədilir. 
4. Ədəbi dilin şifahi formasında  cümlələr, əsasən, qısa və quruluşca sadə 
olur,  yazılı  dildə  isə  əksinə,  uzun  və  mürəkkəb  cümlələrdən  daha  çox  istifadə 
edilir. 

 
105 
5.  Şifahi  ədəbi  dildə  yarımçıq    cümlələrə,  qısa  replikalara,  yazılı  ədəbi 
dildə  isə  bütöv,  mürəkkəb  cümlələrə  daha  geniş  yer  verilir.  Buna  görə  də  yazılı 
dilin sintaksisi daha mürəkkəb olar. 
6. Şifahi ədəbi dil fikrin əsas incəliklərini, müxtəlif intonasiya çalarlarını 
özündə  əks  etdirən  canlı  dildirsə,  yazılı  nitq  bir  növ  sünidir,  bu  keyfiyyətə 
istənilən  səviyyədə  malik  deyildir.  “Söz  özünün  ən  güclü  təsirini,  öz  əlvan 
qiyafəsini  yalnız  şifahi  nitqdə  tapmağa  qadirdir.  Əgər  o  yazılı  nitqdə  açılmamış 
bir qönçədirsə, şifahi nitqdə ətirli bir çiçəyə çevrilir” (20, səh.9). 
7. Ədəbi dilin şifahi formasında fikrin ifadəsi üçün yardımçı vasitələrdən 
–  mimika,  jest  və  bədən  hərəkətlərindən  istifadə  olunur.  Yazılı  ədəbi  dildə  isə 
həmin  vasitələrin  ifadə  etdiyi  məna  çaları  müəyyən  təsvir  yolu  ilə  oxucuya 
çatdırılır. 
8. Şifahi  ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək 
nəslə çatdıra bilmir. Lakin yazılı nitq bu funksiyanı yerinə yetirə bilir. Yazılı nitq 
insanların  öz  bilik  və  informasiyalarını  bir-birinə  ötürmək  ehtiyacından 
yaranmışdır.  Bu  nitq  xüsusi  təlim  yolu  ilə  formalaşır.  Lap  qədimdə  yazılan 
ədəbiyyat – Nizami, Füzuli, Nəsimi və başqalarının əsərləri yazılı dilin köməyi ilə 
gəlib bizə çatmışdır. 
9.  Şifahi  ədəbi  dilin  tempi  sürətli,  yazılı  ədəbi  dilin  tempi  isə  aşağıdır, 
zəifdir. 
Deyilənlərdən aydın olur ki, yazılı nitq tam, dəqiq, subyekt  və predikatı 
olan  nitqdir,  müfəssəl  və  böyük  quruluş  mürəkkəbliyinə  malikdir.  Yazıdan 
istifadənin  çətinlikləri  də  bununla  bağlıdır.  Nitqdənkənar  vasitələrlə  zənginləş-
dirilən  şifahi  nitq  isə    daha  müxtəsər,  şəraitlə  şərtlənən  ünsiyyət  formasıdır. 
Hazırda işlətdiyimiz yazılı nitq dövlət tərəfindən təsdiq olunmuş, rəsmiləşdirilmiş, 
müəyyən  qaydalara  –  orfoqrafiya    qaydalarına  əsaslanır  ki,  onları  gözləmək  bu 
dilin daşıyıcıları, həm də onu öyrənmək istəyənlər üçün vacib sayılır. 
Nitq    danışanın  fikrinə  uyğun  olmalıdır.  Danışan  söyləyəcəyini  fikrində 
götür-qoy  etməli,  özünə  aydınlıq  gətirdikdən  sonra  ifadə  etməlidir.  Şifahi 

 
106 
monoloji  nitq  bu  baxımdan  iki  formada  olur.  Birincisi,  təşkil  olunmuş  nitq, 
ikincisi isə spontan, yəni təşkil olunmamış nitq. 
Təşkil olunmuş nitq. Təşkil olunmuş nitq deyəndə monoloji nitq nəzərdə 
tutulur.  Adından  məlum  olduğu  kimi,  əvvəlcədən  planlaşdırılmış,  nəzərdə 
tutulmuş    nitqdir.  Bu  nitq  üçün  hazırlaşmaq,  plan  tutmaq,  ədəbiyyat  oxumaq, 
mövzunun  əhatə  edilməsi,  fikrin  ardıcıllığına  nail  olmaq  üçün  qeydlər  aparmaq, 
ifadə  olunacaq  məzmunu  dərk  etmək,  onun  dinləyiciyə  daha  yaxşı  çata  bilməsi 
üçün  münasib  sözlər  seçmək,  cümlələr  qurmaq,  müvafiq  söyləmə  tərzi  – 
intonasiyanı  müəyyənləşdirmək  və  s.  lazım  gəlir.  Məlumatı  səthi,  lüğət  ehtiyatı 
zəif olan adamlar  qabaqcadan hazırlaşmadan auditoriya qarşısında çıxış etməkdə, 
danışıq  prosesində  qurmaq  istədikləri  cümlələri  tamamlamaqda,  zəruri  sayılan 
sözləri seçməkdə çətinlik çəkirlər. Bu zaman lüzumsuz  fasilələrə yol verilir. Belə 
fasilələrdən  can  qurtarmaq  üçün  danışan  çox  zaman  mətləbə  heç  bir  dəxli 
olmayan  tüfeyli  söz  və  ifadələr  (məsələn,  demək  olar  ki,  deməli,  əsasən,  əsas 
etibarilə, necə deyərlər, söz məsəli, zaddı, adı nədi, adın sən de, əgər belə demək 
mümkünsə  və  s.)  işlətməyə  məcbur  olur  ki,  bu  da  nitqin  qırılmasına,  diqqətin 
yayınmasına  səbəb  olur.  Natiq  belə  bir  vəziyyətlə  qarşılaşmamaq  üçün 
söyləyəcəyi fikri qeydlər şəklində yazıya köçürməli, sonra onu şifahi şəkildə ifadə 
etməlidir. Bu cür təşkil olunmuş nitqdə aşağıdakılar nəzərə alınmalıdır: a) söhbətə 
maraqlı, cəlbedici, yığcam giriş verə bilmək; b) məzmun ilə bağlı faktlar, misallar, 
nümunələr toplamaq, onları nitqdə məqamına görə işlətmək;  c) nitqin   məzmu-
nunu  yazmaq;  ç)  nitqi    yaddaşına  köçürmək,  dəfələrlə  məşq  edib,  söyləmək;  d) 
mövzunu dinləyicilərin qarşısında şərh etmək.  
Natiq  öz  əməli  fəaliyyətində  “nəyi  demək?”,  “harda  demək?”,  “necə 
demək?”  suallarına  cavab  tapmağa  çalışmalıdır.  “Nəyi  demək?”  sualı  dinləyici 
üçün  maraqlı, aktual olan məsələlərin, problemlərin şərhini, izahını nəzərdə tutur. 
Fərz  edək  ki,  natiq  işğal  olunmuş  torpaqlarımızda  maddi  sərvətlərin  ermənilər 
tərəfindən talan olunması məsələsini gündəmə gətirər. Şübhəsiz, bu barədə söhbət 
maraqla dinləniləcəkdir. 

 
107 
“Harada  demək?”  sualına  cavab  vermək  üçün  natiq  dediklərini  əsaslan-
dırmaq məqsədilə yeraltı və yerüstü sərvətlərimizdən hansılardan, nə qədər qarət 
edilməsi  və  bunun  nəticəsində  ölkəmizə  dəyən  maddi    ziyanla  bağlı  faktları, 
sübutları söhbətin hansı yerində gətirəcəyini müəyyənləşdirməlidir. 
“Necə demək?” sualının müqabilində natiq auditoriyanın diqqətini özünə 
cəlb  etmək  üçün  sərrast  cümlələrdən, rəngarəng  ifadə  vasitələrindən, uyarlı  into-
nasiyadan  istifadə  etməyi,  səbəb-nəticə  əlaqəsi  əsasında  söhbətini  yekunlaş-
dırmağı bacarmalıdır. 
Müəllimlik  fəaliyyətində  nitqin  birinci  formasından  daha  geniş  istifadə 
edilir. Sinif, auditoriya  qarşısında müəllimin izahı, məruzəsi, şübhəsiz, əvvəlcə-
dən  öyrənilmiş,  planlaşdırılmış  fikirlər,  məlumatlar  əsasında  qurulur.  Burada 
ölçülüb-biçilmiş  fikirlər  aydın  və  yığcam  cümlələrlə  ifadə  olunur,  konkret 
faktlarla  söylənilənlər,  dəlillərlə,  nümunələrlə  əsaslandırılır,  lüzumsuz  təfərrüata 
yol  verilmir.  Təşkil  olunmuş  danışığı  (eləcə  də  yazını)  təkcə  monoloji  nitqlə 
əlaqələndirmək  düzgün  olmaz.  Nitqin  situasiyasından,  təşkili  formasından  asılı 
olaraq  dialoji  nitqə  də  hazırlıq  görülür.  Natiq  radio  və  televiziya  verilişlərinə, 
digər  rəsmi  yerlərə,  dəyirmi  masalara  hər  hansı  bir  mövzu  ətrafında  fikir 
mübadiləsi,  müzakirə  məqsədiə  dəvət  olunursa,  o,  qoyulan  problemi  dərindən 
öyrənilməli,  özünün  verəcəyi  sualları  müəyyənləşdirməli,  müsahibinin  ehtimal 
olunan sualları ətrafında fikirləşməli, onlara məntiqi cəhətdən düzgün, məzmunca 
bitkin cavablar hazırlamalıdır. 
Nitqin  ikinci forması spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən, 
sərbəst söylənilən nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır. Bəzən belə iti, 
yeyin,  tez,  hazır,  qabaqcadan  düşünülməmiş  nitqə  ekspromt  da  deyilir.  Adamlar 
öz  gündəlik  fəaliyyətində  rəy  söyləmək,  məlumat  vermək,  münasibət  bildirmək, 
müəyyən  məsələni  izah  etmək,  aydınlaşdırmaq  və  s.  formalarda  danışmağa  cəlb 
olunurlar.  Belə  nitq  təşkil  olunmuş  nitqlə  müqayisədə  xeyli  çətindir.  Burada 
danışan ani vaxt ərzində fikirlərini cəmləşdirməli, nədən danışacağını, nələri qeyd 
edəcəyini, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür əsaslandıracağını,  həmin 
məzmunu vermək üçün hansı formanı seçəcəyini, yəni nitqinə necə başlayacağını, 

 
108 
fikrinin  daha  aydın,  daha  təsirli  olması  üçün  hansı  söz  və  ifadələri,  cümlələri 
işlədəcəyini, nitqin intonasiyasını və s. özü üçün müəyyənləşdirməlidir. Spontan 
nitqdə  dil  vahidləri,  faktlar  sərbəst  şəkildə,  dilin  təbii  axını  nəticəsində  yaranır, 
onlardan ən yararlısı, asanı işlənilir. Nitqin bu şəklində məzmun və forma, demək 
olar  ki,  eyni  zamanda,  paralel  şəkildə  yaradılır.  Spontan  nitqdə  danışanın  həyat 
təcrübəsi, dünyagörüşü, zəngin müşahidələri, təbiətinin coşqun və rəvanlığı, fikri 
istedadı və hazırcavablığı böyük əhəmiyyət kəsb edir. 
Nitq  şəraitindən  asılı  olaraq  spontan  danışıq  eyni  adam  üçün  həm  asan, 
həm də çətin ola bilər. Küçədə, işdə, evdə və s. yerlərdə suallara cavab verməkdə, 
söhbətlərdə iştirak etməkdə elə bir çətinlik özünü  göstərmir. Lakin başqa şəraitdə
məsələn,  qəflətən  radio  və  ya  televiziya  verilişləri  üçün  müsahibəyə  cəlb  olun-
duqda,  ictimai  yerlərdə  çıxışa,  söz  deməyə  dəvət  edildikdə  danışan  adamın 
gərginliyi  istər-istəməz  bir  qədər  artır,  fikri  fəallığı  intensiv  şəkil  alır.  O,  həm 
fikrini  cəmləşdirməli,  deyəcəklərini  rabitələndirməli,  müsahibinə  (və  ya 
müsahiblərinə) çatdıracağı əsas fikri müəyyənləşdirməli, həm də onu daha müna-
sib, daha təsirli dil vahidləri ilə ifadə etməli olur. Spontan nitq dilin təbii və canlı 
danışıq formasıdır.  
Mühazirəçi nitqin göstərilən hər iki formasından istifadə bacarığına yiyə-
lənməlidir.  Xüsusən,  spontan  nitqə  daim  hazır  olmalı,  hər  hansı  bir  şəraitdə  öz 
fikrini  toplamağı,  sistemləşdirməyi,  onu  münasib  sözlərlə,  ifadələrlə  başqalarına 
çatdırmağı bacarmalıdır. 
Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra 
növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s.  
Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin