1922-ci il aprel-may – M.Ə.Rəsulzadə elmi ezamiyyət adı ilə Sankt-Peterburqa gedir, oradan isə Finlandiyaya keçir. 15 gün ərzində fin əsgərlərinin nəzarətində qalır, bir müddət Helsinkidə yaşayır. Burada olarkən tanınmış mücahid Abdulla Battas-Taymasla da görüşür. Helsinkidə M.Ə.Rəsulzadənin şərəfinə verilən ziyafətdə Peterburq imamı Lütfi İshaqi də iştirak edir, onun haqqında xoş sözlər söyləyir.
Helsinkidə pasport və viza işlərini tamamladıqdan sonra Fransaya, oradan Berlinə, oradan isə Türkiyəyə gedir.
1922-ci il oktyabr-noyabr – M.Ə.Rəsulzadə Türkiyədə – İstanbulda olur.
1923-cü il 31 mart – M.Ə.Rəsulzadə İstanbuldan Polşanın görkəmli dövlət xadimi, Ali Baş Komandan Marşal Jozef Klement Pilsudskiyə fransızca məktub yazır, 10-a qədər azərbaycanlı zabitin Polşa ordusunda xidmət etməsinə razılığına görə ona təşəkkürünü bildirir.
1923-cü ilin mayı – İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti (keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti)” kitabı nəşr edilir və həmin il İzmirdə keçirilən “İzmir İqtisadi Konqresi”ndə “İqtisadi Misak” (Bəyannamə) proqramında və “Kitab Bayramı” tədbirində (sərgisində) Atatürk mükafatına layiq görülür.
Dostları ilə paylaş: |