XI BÖLÜM
VLASOV KOMĠTƏSĠNĠN YARADILMASI. AZƏRBAYCAN
LEGĠONERLƏRĠNĠN VƏ DĠGƏR LEGĠONERLƏRĠN “VLASOV
KOMĠTƏSĠ”NƏ ETĠRAZLARI. AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠNĠ
ALMANĠYANIN TANIMASI
Məşhur sovet generalı A. A. Vlasov 1942-ci ilin iyulun 12-də almanlara
əsir düşmüşdü. (254, s.4) Qeyd edək ki, Hitler rus mənşəli əsirlərdən ordu
yaradılması təklifinə mənfi münasibət göstərirdi. O, 1943-cü ildə belə bir təklifə
qəti etirazını bildirmişdi (371, s.344) Lakin, Hitlerin etirazlarına baxmayaraq,
cəbhədə vəziyyətin dəyişməsi, almanların geriyə doğru sıxışdırılması və Amerika,
İngiltərə dövlətlərinin Sovet ordusuna yardımının güclənməsi, nəhayət, “Rusiya
Azadlıq Ordusu”nun yaranmasını gerçəkləşdirdi.
General Vlasovun “Rusiya Azadlıq Ordusu”nu yaratmaqda bir başlıca
məqsədi də hərbi cəhətdən daha da güclənmək, hər ehtimala qarşı, Almaniya
məğlub olduqdan sonra Qərb dövlətlərinin - ABŞ-ın və Böyük Britaniyanın
köməyi ilə “üçüncü qüvvə” kimi Sovet İttifaqına qarşı çıxış etmək idi. (371, s. 344)
Qeyd edək ki, ruslardan ibarət könüllü birliklər, ayrı-ayrı taburlar, alaylar
olaraq formalaşırdı. Belə formalaşan birliklər alman diviziyalarının tərkibinə daxil
edilirdi. 1943-cü ilin payızında polkovnik-leytenant Xolters rus könüllülərindən ilk
hissələr yaratmağı təklif etmişdi.
Qeyd edək ki, hələ 1941-ci ilin iyununda müharibə başlayandan az sonra
Yuqoslaviyadakı Rus bürosunun rəisi general-mayor M. F. Skorodumov almanlara
rus diviziyası yaratmaq təklifı ilə çıxış etmiş, lakin onun bu fikri qəbul
olunmamışdı. General Skorodumov gözlənilmədən 1941-ci ilin sentyabrın 12-də
ayrıca rus korpusunu yaratması haqqında elan verdi və 18 yaşdan 55 yaşa qədər
səfərbərliyin başlandığını bildirdi. Alman hökumət orqanları onun bu təklifinə
etiraz edib, sentyabrın 14-də generalı həbs etdilər. (254, s. 11-12) 1942-ci ilin
noyabrın 30-da alman komandanlığının xüsusi qərarı ilə Rus Mühafizə Dəstəsi
korpus adlanaraq Vermaxtın tərkibinə qoşuldu. 1943-cü ilin sentyabrın
əvvəllərində korpusda 4,8 min əsgər və zabit olduğu halda, 1944-cü ilin
sentyabrında bu rəqəm 11 minə çatırdı. (254, s. 13) Qeyd olunmalıdır ki, Rus
legionerləri müxtəlif adlarla birlik və ordular yaradırdı: 1) “Birinci Milli Ordu”. 2)
“Rus Milli Xalq Ordusu”. 3) “Rusiya Xalq Azadlıq Ordusu”. 4) “Rusiya
Xalqlarının Qurtuluş Komitəsi” və s.
1944-cü ilin avqustun 14-də Çexoslavakiyanın paytaxtı Praqada SS-in
dəstəyi ilə (xüsusən Himmlerin) general Vlasovun başçılığı altında “Rusiya
Xalqlarının Qurtuluş Komitəsi” (RXQK) yaradıldı. (395, s. 160) “Şərqi Türk
Silahlı Qüvvələri” və “Qafqaz Silahlı Qüvvələri” quruluşunda rus hərbi
əsirlərindən və “Şərqli işçilərdən” ibarət təşkil olunan “Rusiya Qurtuluş Ordusu”
1945-ci ilin yanvarında Vlasovun sərəncamına verildi. (395, s. 160)
Qeyd edək ki, 1944-cü ilin noyabrın 14-də qəbul edilən məşhur “Praqa
Manifesti” uzun müddət sovet tədqiqatçıları tərəfindən təhrif olunmuş məzmunda
izah edilmişdir. Manifest haqqında oxuculara belə məlumatlar verilirdi: “Hitler
sənədi”, “darıxdırıcı sənəd” və s. Sovet müəllifləri izah edirdi ki, bu manifest
xüsusiyyətçiliyin tərəfindədir, sinfi mübarizəyə son qoyulmasını tələb edir və s.
Lakin, qeyd etməliyik ki, bu Manifest 14 maddədən ibarət idi və yeni Rusiya
dövləti yaratmağa daha çox üstünlük verirdi.
Manifest bu sözlərlə başlayırdı: “Həmvətənlər! Qardaşlar və bacılar! Bu
ağır sınaq saatlarında biz Vətənimizin, xalqlarımızın və özümüzün xüsusi taleyini
həll etməliyik. İnsanlıq böyük itkilər dövrü yaşayır. Davam etməkdə olan dünya
müharibəsi bir-birinə qarşı olan siyasi sistemlərin ölüm-dirim mübarizəsidir.
Başda başqa xalqların əzilməsi və istismarı üzərində nəhəngliyi möhkəmlənən
İngiltərə və ABŞ mübarizə aparırlar. Digər tərəfdən isə başda başqa xalqların və
ölkələrin milli müstəqlliyini məhv edib, dünya inqilabını arzulayan Stalinin
başçılıq etdiyi beynəlmiləl qüvvələr mübarizə aparır. Mübarizə aparanlar
azadlıqsevən, yaşamaq istəyən, öz xüsusi tarixini və milli inkişafını
müəyyənləşdirmiş xalqlardır...
İki il əvvəl Stalin ayrı-ayrı ölkələri maribənin vətən azadlığı xarakteri
daşıdığı fikri ilə azad edə bilərdi. Lakin, indi Qızıl Ordu sovet dövlətinin
sərhədlərini keçərək Rumıniyaya, Bolqarıstana, Serbiyaya, Xorvatıstana,
Macarıstana soxulmuş, başqa torpaqlarda qanlar tökməkdədir. İndi bolşeviklər
tərəfindən davam etdirilən müharibənin əsl xarakteri üzə çıxmaqdadır. Onun
məqsədi - Stalin tiranlığının ağalığını SSRİ xalqları üzərində möhkəmlətmək və bu
ağalığı bütün dünyada həyata keçirməkdir.
Rusiya Xalqlarının Qurtuiuş Komitəsi öz məramını belə müəyyənləşdirir:
a) Stalin tiranlığının devirilməsi, Rusiya xalqlarının bolşevik sistemindən azad
edilməsi, Rusiya xalqlarının 1917-ci ilin xalq inqilabındakı hüquqlarının
qaytarılması; b) müharibənin dayandırılıb Almaniya ilə şərəfli sülhün bağlanması;
v) bolşeviklərsiz və istismarçılarsız yeni azad xalqın dövlətinin qurulması”. (371,
s.359-360)
Manifestin sonunda isə belə çağırışlar vardı: “Həmvətənlər, Avropada
yerləşən qardaşlar və bacılar! Sizin vətənə tamhüquqlu vətəndaşlar kimi
qayıtmağınız yalnız bolşeviklər üzərində qələbə sayəsində mümkündür. Siz -
milyonlarsınız. Mübarizənin qələbəsi sizdən asılıdır. Xatırlayın ki, siz ümumi iş
üçün, qəhrəman azadlıq qoşunları üçün işləyirsiniz. Öz gücünüzü və əmək
qəhrəmanlığınızı göstərin. Qızıl Ordunun zabit və əsgərləri! Avropa xalqlarının
əzilməsinə istiqamətlənmiş müharibəni dayandırın. Silahlarınızı Rusiya xalqlarına
aclıq, əzab və hüquqsuzluq gətirən bolşeviklərə qarşı çevirin. Vətəndəki qardaşlar
və bacılar! Stalin tiraniyasına və işğalçı müharibəyə qarşı mübarizəni gücləndirin.
Öz qüvvənizi hüquqlarınızın əldə olunmasına qarşı qəti çıxışlara və ədalət,
xeyirxahlıq uğrunda mübarizəyə səfərbər edin. Rusiya Xalqlarının Qurtuluş
Komitəsi sizin hamınızı birliyə, sülh və azadlıq uğrunda mübarizəyə çağırır! Praqa,
1944-cü il, 14 noyabr. Rusiya Xalqlarının Qurtuluş Komitəsinin sədri general
leytenant A. Vlasov. (371, s.357-362)
Lakin, “Rusiya Xalqlarının Qurtuluş Komitəsi”nin mövqeyindən
azərbaycanlı legionerlər narazılıq etdilər. Bunun səbəbi ondan ibarət idi ki,
“Vlasov Komitəsi” rus olmayan millətlərin də adından danışırdı. Vlasovun bu
mövqeyi milli təmsilçiləri və legionerləri ciddi narahat edirdi. Vlasov Komitəsinin
müraciətində xalqların azadlığı və suverenlik haqları qorunsa da, sanki
“kommunistsiz, bolşeviksiz” bir Rusiya dövləti quruluşu dəstəklənirdi.
Qeyd edək ki, “Vlasov Komitəsi”ni Himmler, Xarici İşlər Nazirliyinin
“Rusiya Komitəsi” və Göbbels müdafiə edirdilər. Qeyri-rus millətlərin
mövqeyində isə Alfred Rozenberq, Fon Mende və başqaları dayanırdı.
Himmlerin başçılıq etdiyi SS Mərkəz Dairəsi yaranmış gərginliyi aradan
qaldırmaq üçün yollar aramağa başladı. Milli təmsilçilərə belə bir plan təklif edildi:
“Şərqi Türk” və “Qafqaz Silahlı Gücü”nə paralel olaraq “Şərqi Türk” və “Qafqaz
Şurası” şəklində siyasi idarə orqanlar təşkil ediləcəkdi; bu müəssisələrin bir yanda
türküstanlıların, Krım tatarlarının və Volqa tatarlarının, digər tərəfdə isə gürcülərin,
ermənilərin, azərbaycanlıların və Şimali Qafqazlıların komitələrinin federativ
şəkildə birləşməsinin təşəkkülü vacib bilinmişdi. Vlasovun qarşısında sovet şərq
xalqlarının milli təmsilçiliklərinin dəyərini artırmaq üçün milli komitələr
mərtəbəsinə yüksəldiləcəklərdi. Sonradan isə legionlar və SS birliklərinin siyasi və
əsgəri komitəsinin komitələrə verilməsi planlanmışdı. “Doğu türk” və “Qafqaz
Şurası” da federativ bir şəkildə “RXQK-nə bağlanacaqdı”. (395, s. 161)
Qeyd edək ki, “Şərqi Türk Silahlı Gücü” üçün Harun əl Rəşid bəy,
“Qafqaz Silahlı Gücü” üçün isə Şimali Qafqaziyalı Lazar Biçeraxov seçilsə də, bu
birliyin işini tamamlaya bilmədi. Bu birliklərə paralel olaraq yaradılan “Şərqi Türk
Şurası” başqanlığına Krım tatarı Krıməl, sonradan isə daha nüfuzlu Qəyyum xan
təklif olundu. Lakin, hər ikisinin münasibətlərindəki gərginlik nəticəsində “Şərq
Türk Şurası” reallaşmadı. “Qafqaz Şurası”nın isə aşağıdakı İdarə Heyəti tərəfindən
idarə olunması razılaşdırıldı: 1) Azərbaycanlı Abbas bəy Atamalıbəyov; 2) Gürcü
Mixail Kedia; 3) Erməni Armik Camalyan; 4) Şimali Qafqazlı - Əli xan Qantəmir;
Heyətin katibliyi vəzifəsini isə gürcü Mixail fon Altibiya aparırdı. (395, s.
161-162)
Dörd Qafqaz Komitəsi təmsilçiləri “Vlasov Komitəsi”nə daxil olmağın
əleyhinə çıxış etdilər və özlərini Milli Komitə adlandırmaq tələblərini irəli
sürdülər. Qafqazlıların, eləcə də türküstanlıların açıqlamalarında bu fikir ciddi
vurğulanırdı: “Vlasov sadəcə rusların məsələlərini yönəltməli və eləcə də ruslar
adından ortaya çıxmalıdır”. (395, s. 164)
General Vlasov da rus olmayan milli təmsilçilərlə əlaqələr qurmağa
çalışırdı. Hətta Almaniya Xarici İşlər Nazirliyi və SS Mərkəz Dairəsinin də
cəhdinə baxmayaraq, tərəflər fikir eyniliyinə gələ bilmədilər. “Praqa Manifesti”nin
qəbulundan dörd gün sonra Rozenberqin adına etiraz yazısı göndərildi. Etiraz
məktubunu aşağıdakı xalqların təmsilçiləri imzalamışdı: İdil-Ural (türk-tatar) və
Qafqaz (azərbaycanlı, gürcü, erməni və şimali qafqazlı), Krım tatarları,
türküstanlılar, ukraynalılar. Milli təmsilçilər Almaniya hökumətindən aşağıdakı
xahişləri edirdi: 1) General Vlasovun miilətlərin iradəsinə qarşı olan bütün
tələblərinə mane olmaq. 2) Millətlərin müstəqil dövlət qurmaq haqlarının dərhal
tanınması və milli təmsilçiliklərin tanıdıqlarının ifadə edilməsi. 3) Milli birliklərin
hərəkətinin Vermaxta bağlı olmaqla bərabər öz komandirlərinin əmri altında və bir
arada bolşevizmə qarşı mübarizə aparmalarına icazə verilməsi və bu təşəkküllərin
siyasi idarəsinin milli təmsilçiliklərə buraxılması. Nəhayət, general Vlasovun
millətlər üzərindəki idarə iddiası kəskin şəkildə rədd edilməzsə, milli təmsilçilərin
heç birinin Vlasovun fəaliyyəti dolayısıyla bu təmsilçilərin yerliləri arasında baş
verə biləcək hadisələrin məsuliyyətini üstünə almayacağını ən qərarlı bir şəkildə
bəyan etməyi bir vəzifə borcu olaraq bildirməyi vacib sayır”. (395, s.165-166)
Hətta bəzi komitələrin legionları Vlasovun ordusuna qatılarsa,
həmvətənlərini itaətsizliyə və fərariliyə təşviq edəcəklərini açıqlayırdılar. Belə
hadisələr isə legionlar arasında artıq müşahidə olunurdu. Bu haqda türküstanlı, əsgi
legioner Baymirzə Hayit haqqında Türkiyədə nəşr edilmiş kitabda maraqlı
açıqlamalar vardır: “qeyri-rus millətlərin milli hürriyyət üçün savaşa qatılan
əsgəriləri yenidən bir rus ordusu və rus generalının əmri altına girmələri fövqəladə
narazılıq yaradır. Gürcü, erməni, İdil-Ural tatarları, Şimali Qafqaz legioner
birlikləri daha dünənə qədər özlərini əzən rusların əmri altında savaşmaları olacaq
iş deyildi. Alman komandanlığının aldığı bu qərar 270 000 civarında olan
Türküstan legioner arasında geniş narazılıqlara səbəb olur”.
1944-cü ilin 19-20 dekabrında alay komandiri Qulam Alimovun
komandirliyində toplanan türküstanlı subaylar, türküstanlı əsgərlərin rus
komandanlığı altında savaşa qatılma əmrini müzakirəyə başladılar. Müzakirələrin
sonunda mayor Hayitin Berlində alman Genelqurmayından bu durumun
düzəldilməsi xüsusunda təmsilçi olaraq göndərilməsinə qərar verildi. Hayit
Azərbaycan Milli Komitəsinin başqanı minbaşı Əbdürrəhman Fətəlibəyli ilə
birlikdə 1944-cü ilin 22 dekabrında İşğal Qüvvətləri (SS, Naurtac) komandanı
general Bergerlə görüşərək türküstanlı və azərbaycanlı əsgərlərin general Vlasov
komandası altında savaşmaları qərarının ləğv edilməsini bildirdi. Alman rəhbərliyi
qərarı ləğv etməyin qeyri-mümkünlüyünü, əmrin gücünün yerində qalacağını
bildirmələrinin ardından alay komandiri Qulam Alimov Türküstan alayına, 1944-
cü ilin 24 dekabrında isə alman ordusuna üsyan etmələrini və almanlara qarşı atəş
açılması əmrini verdi. Vəziyyət çox gərginləşdi və gözlənilən üsyan ilin əvvəlində
baş verdi. Türküstanlı əsgərlər alman əsgərlərinə qarşı atəş açdılar. Bu atışmada
almanların nə qədər itki verdiyi göstərilməmişdir. Sıraları pozulmuş Türküstan
ordusu əsgərləri Çexoslavakiya Milli Kommunist Partiyası milis güclərinə
qatılaraq alman qüvvələrinə qarşı vuruşmağa başladılar. Bu vuruşda almanların
itkisi 250 əsgər, 400 əsir oldu və bu əsirlər də ölümə məhkum edildilər. Savaşın
pis gedişiylə bu üsyan almanları çox hirsləndirdi. Alman yetkililəri vəziyyət
haqqında raport istədikdə Hayit hadisənin səbəbini anlatdıqdan sonra dedi: “Əgər
milli əsgərlər rus komandirliyi əmrinə verilməsi qərarında israr edilirsə, çox daha
vahiməli olayların cərəyan edəcəyini” bildirməsi üzərinə, almanlar qərarlarını
dəyişib 1945-ci ilin martında Türküstan legioner alayının “Türküstan Milli
Ordusu” olaraq tanımaq məcburiyyətində qalır”. (400, s.45-46)
Beləliklə, “Vlasov Komitəsi” milli təmsilçilərlə münasibətlər qurmağı
bacarmadı və ayrı-ayrı xalqlardan, o cümlədən azərbaycanlılardan ibarət
legionerlər və onların rəhbərləri müstəqil və azad yaşamaq istəyini üstün tutdular.
Onlar bununla bir daha sübut etdilər ki, Almaniya Silahlı Qüvvələri tərəfində
vuruşmaqda başlıca məqsədləri həm də gələcəkdə vətənlərini azad və müstəqil
dövlətlər cərgəsinə qoşmaqdır.
Qeyd edək ki, hələ 1944-cü ilin avqustun 22-də almanların müharibədəki
vəziyyətinin kəskin olduğu bir zamanda dörd Qafqaz Cümhuriyyəti Qafqazın
konfederativ əsaslarla mövcud olacağına aid sənədi (diplomatik notanı) Xarici İşlər
Nazirliyinin məsul işçisi fon Şulenberq vasitəsi ilə Xarici İşlər Nazirliyinə çatdırdı.
(141, s. 5)
1945-ci ilin martın 17-də Rozenberq azərbaycanlılara, gürcülərə,
ermənilərə Şimali Qafqaz və Krım tatarlarına Almaniya tərəfindən rəsmən
tanındıqlarını bildirdi. Tanınma sənədində həmin xalqların “gələcəyi haqqındakı
fikirlərini təmsil etmək bildirilir və manifestlərlə açıqlama haqqına sahib olduğu”
təsdiqlənirdi. (395, s. 117)
XII BÖLÜM
AZƏRBAYCAN LEGĠONERLƏRĠ ĠKĠNCĠ DÜNYA HƏRBĠNĠN
SONLARINDA
İkinci dünya müharibəsi sona çatırdı. Almaniya dövlətinin məğlubiyyəti
qaçılmaz idi. Müttəfiqlərin yaxından köməyi ilə almanları Berlinə doğru sıxışdıran
sovet qoşunları qələbə əzmini get-gedə gücləndirirdilər.
ABŞ, Böyük Britaniya Sovet İttifaqına bu qələbədə kömək, böyük
yardımlar göstərdilər. Böyük Britaniyanın baş naziri U. Çörçilin 1941-ci ilin
iyulundan Stalinlə başlayan yazışmalarında bu köməyin vacibliyinə toxunulur,
hərbi sursatın miqdarına qədər göstərilirdi (323, s.23-28).
1943-cü ilin oktyabrın 19-26-da Moskvada SSRİ-nin, ABŞ-ın və Böyük
Britaniyanın xarici işlər nazirlərinin keçirdiyi konfransda İngiltərə hökuməti
diplomatik kanallarda düşmən tərəfin sülh müraciətinin daxil olduğunu
məlumatlandırdıqda Sovet hökuməti mövqeyini belə ifadə etmişdi: “Almaniya ilə
danışıqlar həmin ölkənin yalnız qeyd-şərtsiz təslimçiliyindən gedə bilər”. (296,
s.25)
1943-cü ilin noyabrın 28-dən dekabrın 1-nə qədər Tehranda SSRİ, ABŞ
və İngiltərə dövlətləri başçılarının konfransı keçirildi. (349, s.98; 285, s.68).
Konfransda Almaniyaya qarşı müharibənin aparılması problemlərinə, müharibədən
sonrakı əməkdaşlıq və möhkəm sülh yaradılması, Avropa xalqlarının azadlığı və
müstəqilliyinin təminatı və digər məsələlərə də toxunuldu.
1945-ci ilin fevralın 4-dən 11-dək Sovet İttifaqında - Krımda - Yaltada
ABŞ, Böyük Britaniya və SSRİ dövlətləri başçılarının konfransı keçirildi. (349,
s.194) Konfransda Almaniyanın gələcəyi problemi müzakirə olundu və keçmiş
sovet əsgər və zabitlərinin, vətəndaşlarının sovet dövlətinə qaytarılması da
razılaşdırıldı. Əslində isə, istər Yalta konfransı, istərsə də sonradan 1945-ci ilin 17
iyul-2 avqustunda keçirilən SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının
Berlin (Potsdam konfransı) konfransı müharibədən sonrakı qaydalar üçün əsas
yaratdı. (232, s.7; 231, s.14)
Qeyd edək ki, legionerlərin gələcək həyatına təhlükə yaradan Krım
(Yalta) konfransının ayrıca bir bölməsi “Müttəfıq dövlətlər arasında həmin ölkələrə
aid olan hərbi əsirlər və vətəndaşların işi üzrə razılaşma” adlanırdı. Həmin bölmədə
yazılmışdı: “Krım konfransında Britaniya, Amerika və sovet nümayəndələrinin
danışığında bu ölkələrin vətəndaşlarının və hərbi əsirlərin müdafiəsi və
saxlanılmasına da toxunuldu. Fevralın 11-də SSRİ və Böyük Britaniya, SSRİ və
ABŞ arasındakı imzalanmış mətnlər əhəmiyyətlidir. Sovet dövləti və Böyük
Britaniya arasındakı müqaviləni V. M. Molotov və cənab İden imzalamışdılar.
Sovet İttifaqı və Amerika Birləşmiş Ştatları arasında müqaviləni general-leytenant
Qrızlov və general Din imzaladılar. Bu müqaviləyə uyğun olaraq müttəfiqlərin
vətəndaşlarının köçürülməsi üçün nəqliyyat vasitəsi ayrılmayınca hər bir müttəfiq
başqa müttəfiq ölkənin vətəndaşının yemək, geyim, tibbi xidmət və digər
ehtiyaclarını təmin edəcək. Sovet zabitləri Amerika və ingilis hökumət orqanlarına
nəqliyyat ayrılınca sovet vətəndaşlarına xidmətdə kömək göstərəcəklər. Britaniya
təbəələrinə və Amerika vətəndaşlarına xidmətdə isə sovet hökumətinə Britaniya və
Amerika zabitləri kömək edəcəklər. “Hər üç dövlət arasındakı razılaşmaya əsasən
onlar hər cür kömək etməyə öhdəlik götürür və bütün hərbi əsirlərin, mülki
vətəndaşların təhvil verilməsi üçün hərbi əməliyyatların aparılmasına qarşılıqlı
yardım edirlər”. (349, s. 198-199)
Qeyd edək ki, Krım (Yalta) konfransında hərbi əsirlərə aid qəbul edilən bu
razılaşma birmənalı qarşılanmadı. Legionerlər sovet dövlətinin onlara amansız
cəzalar tətbiq edəcəyini yaxşı başa düşürdülər. Ayrı-ayrı legionların təmsilçiləri
Beynəlxalq Qızıl Xaç Təşkilatı və digər qurumlarla əlaqələr qurmağa çalışırdı.
Məsələn, gürcü Mixail Kedia Cenevrəyə gedib danışıqlar aparsa da, lazımi nəticəni
əldə edə bilməmişdi.
General Vlasovun da Amerika ordu hissələri ilə öz əsgərlərini xilas etmək,
sovetlərə qaytarılmamaq mövzusundakı danışıqları uğurla getmirdi. Amerikanın 3-
cü Ordu rəhbərliyi Vlasovun təkliflərini qəbul etmirdi. Amerikalılar yalnız bir fikri
irəli sürürdülər: qeyd-şərtsiz təslim olmaq. (371, s.219).
Sovet ordu hissələri Berlinə yaxınlaşdıqda və Almaniyanın
məğlubiyyətinin qaçılmaz olduğu reallaşdıqda Azərbaycan legionerlərinin də taleyi
təhlükəli vəziyyətlə üzləşdi. Belə olduqda, legionerləri xilas etmək məqsədi ilə
1945-ci ilin fevralında Berlində “Azərbaycan Milli Birlik Məclisi” üzvlərinin bir
dəstəsi müşavirə keçirdi. Müşavirədə azərbaycanlı legionerlərin ingilis-amerikan
qoşunlarının nəzarət etdikləri Şimali İtaliyaya köçürülməsi qərara alındı. Eyni
zamanda qeyd olundu ki, ingilis-amerikan qoşunlarının Sovet ordusu ilə savaşacağı
təqdirdə SSRİ-yə qarşı mübarizələrini davam etdirsinlər. Böyük çətinliklə
Türkiyəyə gedən Ə. Qazıyev isə buradakı İngiltərə və ABŞ səfirləri ilə görüşüb,
legionerləri Sovet hökumətinə verməməklərini xahişə cəhd etsə də, bu, baş
tutmadı. Türkiyə polisi Ə. Qazıyevi həbs edir və digər əsirlərlə birgə Sovet
hökumətinə təhvil verir. (97)
Müharibənin sonlarına yaxın Şərq cəbhəsində vuruşan Azərbaycan
legionerlərinin sovet ordu hissələrinin əlinə keçməməsi üçün Ə. Fətəlibəylinin
təşəbbüsü ilə birliklərin əvvəlcə cənub və qərb cəbhələrinə, bir müddətdən sonra
isə o dövrdə daha sakit bölgə olan İtaliyaya köçürülməsinə başlanıldı. Qeyd edək
ki, bu çox çətin və ağır prosesin həyata keçirilməsində mayor Ə. F.
Düdənginskinin böyük xidmətləri olmuşdu. (404)
1945-ci ilin mayın 9-da Almaniyanın təslim olmasına baxmayaraq,
legionerlərin taleyi şübhə altında idi. Onlar müttəfiqlərin tərəfində qalmağa çalışır,
sovet ordu hissələrinə tabe olmaq istəmirdilər.
Sovet təbliğatçıları müxtəlif vasitələrlə legionlardakı zabit və əsgərlər
arasında münaqişələr də yaratmağa cəhd göstərirdilər. Onlar legionerləri
inandırmağa çalışırdılar ki, sovet hökuməti, törətdikləri nöqsanlara baxmayaraq,
bütün sadə əsgərləri bağışlayacaq, ana vətən öz oğullarını geri çağırır.
Lakin, legionerlər bu təbliğata elə ciddi əhəmiyyət vermir, inanmırdılar.
Sovet komandirlərinin Amerikanın 12-ci korpusunun komandiri general-mayor Le
Ray İrvinlə legionerlərin silahsızlaşdırılması ilə bağlı danışıqları da nəticə
vermirdi. Lakin Sovet ordu hissələrinin legionların mövqelərinə getdikcə
yaxınlaşması vəziyyətin gərginləşdiyini göstərirdi.
Sovet təbliğatına inanıb könüllü təslim olanların taleyi haqqında artıq
qorxulu xəbərlər eşidilirdi. 1945-ci ilin mayın 12-də Vlasov ordusunda xidmət edib
öz dəstəsi ilə Qırmızı Orduya keçmiş bir zabiti öz əsgərləri qarşısında güllələdilər.
Qorxub qaçmaq istəyənləri isə pulemyot atəşi ilə məhv etdilər. Şlyusselburq
yaxınlığındakı düşərgədə onlarla zabiti də tabeçiliyində olan legionerlərin sırası
qarşısında güllələdilər. Qalanlarını isə naməlum istiqamətə apardılar.
Mayın 12-də general Vlasov amerikalı zabitlərlə danışıqlardan qayıdarkən
sovet zabitləri tərəfındən həbs edilib 25-ci tank korpusunun qərargahına gətirildi.
Sonradan marşal Konevin əmri ilə Drezdenə, oradan təyyarə ilə Moskvaya
göndərildi. (371, s.226-227)
Eyni zamanda müharibə sona yaxınlaşdıqca imkan tapan əsirlərdən
düşərgələrdən qaçanlar da az olmurdu. Almaniyanın silah naziri Şpeyerin
məlumatına görə, yalnız 1944-cü ildə qaçanların sayı 500 minə yaxın idi. Bir
milyondan çox əsir isə Qızıl Ordu əraziləri azad etdikdən sonra, ordu hissələrinə
qoşulub onun sıralarında vuruşurdular.
Lakin, bu adamların hamısını qarşıda eyni tale gözləyirdi. Stalinin verdiyi
əmrdən isə çoxlarının məlumatı yox idi. Müharibə hələ bitməmiş Stalinin əmrində
göstərilmişdi: “1-ci, 2-ci Belorusiya və 1, 2, 3 və 4-cü Ukrayna cəbhəsinin
komandirlərinə - yoldaş Beriyaya, yoldaş Merkulova, yoldaş Abakumova, yoldaş
Qolikova, yoldaş Xrulevə, yoldaş Qolubevə. Cəbhə Hərbi Şuraları arxa rayonlarda
keçmiş hərbi əsirlər və köçürülmüş sovet vətəndaşlarının yerləşdirilməsi və
saxlanması üçün hər birində 10000 nəfərlik düşərgələr yaradılsın. Yoxlamaq
tapşırılsın: keçmiş Qızıl Ordunun hərbi xidmətçilərinə - “SMERŞ” əkskəşfiyyat
orqanlarına; mülki şəxslərə - XDİK, XDTK, “SMERŞ” - komissiyalarına. İ.
Stalin”. (348)
SSRİ Xalq Daxili İşlər Komissarlığında isə keçmiş hərbi əsirlərlə iş
aparan ayrıca idarə fəaliyyət göstərirdi. Bu idarənin məşğul olduğu şəxslərin
əksəriyyəti vətənə xəyanətdə - 58-ci maddə ilə ittiham olunurdular. Məhz bu
idarənin əməkdaşları 1945-ci ilin oktyabrın 1-dən 5200 sovet vətəndaşını,
“təmizlədilər”. Müttəfıqlər tərəfındən isə buraya 2.034 nəfər təhvil verilmişdi. 58-
ci maddə ilə ittiham olunanların saxlanması üçün Stalinin əmrinə müvafıq olaraq
100-dən çox düşərgə yaradılmışdı.
Lakin bu düşərgələr və oradakı adamların çoxunun taleyi hələ müəmmalı
olaraq qalmaqdadır. Mənbələrdə isə daha çox İrkutsk vilayətinin Çunsk
rayonundakı düşərgələrin adına rast gəlmək mümkündür.
Müharibənin sona çatması Azərbaycan legionerlərinin də taleyini şübhə
altına almışdı. Başda mayor Fətəlibəyli Düdənginski olmaqla azərbaycanlı
legionerlərin bir hissəsi İtaliyanın şimalında ingilislərin nəzarəti altında qalırdılar
və hər zaman sovet qoşunlarına təslim edilə bilərdilər.
“Onlar türklərdir” kitabında azərbaycanlı legionerlərin aqibəti,
müharibədən sonrakı taleyi haqqında çoxlu məlumatlar vardır. Müəllif yazırdı:
“Avropa müharibəsi nəhayət bitdi. Qərbli müttəfıqlər və ruslar Almaniyanın
ortasında birləşdilər və təbii, hərarətlə qucaqlaşdılar və öpüşdülər. O zaman
Almaniyada olan qaçqınları Millətlərarası Yardım Təşkilatı (UNRRA) himayə
edirdi. Bu təşkilatda böyük düşərgələr təşkil edərək, milyonlarca qaçqın
daldalanmağa başladı. Bizim Varburq qəsəbəsindəki qaçqın soydaşlarımızı Kassil
şəhəri ətrafında olan “Yunkes-Lager” adlı qapalı bir düşərgəyə götürdülər. Bu
düşərgədə türklərdən başqa Baltik məmləkətləri qaçqınları da toplaşmışdılar və
Baltiklər əksəriyyət təşkil etdiyindən düşərgəyə “baltiklər düşərgəsi” deyilirdi.
Yemək olduqca yaxşı idi. Gündəlik bölgüdə hətta siqaret, şokolad verilirdi. Fəqət
qaçqınlar (legionerlər - N. Y.) ruhən sakit deyildilər. Hamısı təlaş və iztirab içində
idilər. Çünki, Yalta konfransının qərarları artıq kimsəyə naməlum deyildi. Bu
uğursuz qərarnaməyə görə “Bütün Rusiya vətəndaşları Rusiyaya” qaytarılacaqdı...
Qərbli böyüklər yaşıl türk Krımında havalarını dəyişərkən yəqin ki, qırmızı Stalin
yoldaşla da danışıqda Rusiyaya doğru geri dönmək istəməyənlərin də mövcud
olacaqlarını təsəvvür etmirdilər... Zavallı qaçqınlar için-için ağlayır və hər ehtimala
qarşı Rusiya əleyhinə bir şeylər danışmayırdılar. Qərb işğal bölgələrinin hər
tərəfındə rus təbliğatçıları təşkil edilmişdi. Bu əsgəri təbliğatçılar sovet
vətəndaşlarını “Sovet cənnətinə” sövq etməklə məşğuldular. Və demokratiya
haqlarından faydalanaraq alman kommunistlərini təşkilatlandırmaq və casusluq
vəzifələrini də yaddan çıxarmırdılar. Mədəni Qərb dərin bir qəflətə dalmışdı.
Rusları çox yaxşı tanıyan kiçik millətlər isə mədəniyyət dünyasının yatmış
divlərinə yaxınlaşa bilməzdilər belə... Onlar dostluq və siyasət tələbatını Rusiyaya
güclə aid etdirirdilərsə, dünyanın hansı hüquq alimi siyasi bir dava aça bilərdi?.. O
zaman hamı eyni dil, eyni ideal və eyni üslubla danışan Moskva, London və
Vaşinqton radioları bilirsinizmi nələr çərənləyirdilər, nələr... Moskva radiosu belə
deyirdi: “Yaşasın sülh və demokratiya. Qatil Hitler və cəllad Mussolini artıq
məğlub. Onlarla iş birliyi etmiş olan faşist ünsürlərini də bir-bir təmizləyəcəyik.
Dünya əbədi bir sülh dövrünə qovuşacaqdır”. London belə deyirdi: “Yaşasın sülh
və demokratiya. Qatil Hitler və zalım Düçe (italyanca rəhbər, Mussolini nəzərdə
tutulur - N. Y.) artıq cəhənnəmə vasil oldular. Dünyanın faşist ünsürlərini də bir-
bir təmızləyəcəyik. Bundan belə dünya əbədi bir sülh içində yaşayacaqdır...”
Vaşinqton belə deyirdi: “Yaşasın sülh və demokratiya. Dünya iki qanlı
diktatorundan artıq xilas olmuşdur. Əlimizdəki qara vərəqələr üzrə bütün faşist
ünsürlərini də bir-bir təmizləyəcəyik. Dünya üzərində nəhayət əbədi bir sülh
bayrağı dalğalanacaqdır”. (177, s. 123-124)
Legionerlər arasında aparılan təbliğata inanmayanların sayı çox idi.
Əksəriyyət yenidən Stalin rejiminin təsiri altında yaşamaq istəmir, etirazını
bildirirdi. Odur ki, legionerlərin zorla sovetlərə verilməsi bəzən qanlı çarpışmalarla
nəticələnirdı. Rananın “Onlar türklərdir” kitabında bu hadisə belə təsvir olunurdu:
“İşğal qüvvələri komandanlığının təbliğinə görə bütün “Rus
vətəndaşları” vətəninə
dönəcəkdilər. Yalnız Baltik məmləkətlərindən gələn qaçqınlar Amerikanın
himayəsində qala biləcəkmişlər. Çünki, Birləşmiş Amerika dövləti, üç Baltik
məmləkətini Sovetlər birliyinə birləşdirməyi hələ qəbul etməmişdi. Baltiklilər artıq
fəallaşaraq antisovet təbliğat aparmağa və qərb aləmini məlumatlandırmağa
başladılar. Bir çox başqa millət mənsubları da pasportlarını dəyişərək baltikli
olmağa çalışırdılar. Baltiklilər çox mədəni və alicənab insanlardır. Milli düşmənləri
olan rusları həmçinin (təbii antibolşevik rusları) “Baltiklidir” deyə, - himayə
etdilər.
Türklər isə milii mənsubiyyətlərini inkar etməmək qərarına gəldilər. Fəqət
özlərini Yunanıstanlı türk deyə təqdim edəcəkdilər. Bu bəhanə ilə Rusiyaya güclə
aid edilməzdilər bəlkə... Qaçqın düşərgələrini tez-tez ziyarət edən rus zabitləri
günün birində Baltiklilər düşərgəsinə də soxulmaq istədilər. Fəqət cəsur baltiklilər
onları qapıdan içəri buraxmayaraq hamısı bir ağızdan çığırdılar: - Bizdə təbliğat
aparmağa gəlmisiniz? Çəkiliniz, alçaq həriflər. Sizin də nə düşündüyünüzü əzbər
bilirik. Baltik məmləkətləri də Sovet cənnətinin bir guşəsində yer almışdı. Xeyr.
Biz oradan gəldik. Cənnət vətənimiz sizin qanlı işğalınız altında bir cəhənnəm
oldu. Qəhr olsun sovet cəhənnəmi... Yaşasın Amerika demokratiyası... Amerika
demokratiyasından ilham alan qarışıq bir kütlə qırmızı zabitləri çürük yumurta və
əzilmiş pomidorla qovdular. Sarı və qırmızı boyalar qırmızı zabitlərin ulduzlu
hərbi paltarlarına yeni bir rövnəq vermişdi. Bu hadisədən iki gün sonra Baltiklilər
düşərgəsi əsgəri polislər tərəfindən mühasirəyə alındı. Düşərgədə olanlar təlaşa
düşərək, bir-birinə pıçıldadılar: - hamımızı yaxalayaraq ruslara təslim edəcəklər... -
Artıq baltiklilərə də aman yoxdur; - Rus qanunları qərbin işğal bölgələrində də
qüvvədədir. Biz rus zabitlərini çürük yumurtalarla qovduq, onlar isə bizə güllə
yedirəcəklər.” (177, s. 125,126)
Hadisələrin şahidi olmuş daha bir legionerin - Ramazan adlı birisinin
1952-ci ildə Münhendə nəşr edilən “Qafqasya” jurnalındakı xatirələri də
maraqlıdır. Müəllif “Çılğınlıq qurbanları” məqaləsində yazırdı: “Legionerlərin
təhvilində daha bir qanlı hadisə, 1945-ci ilin mayın 28-də Avstriyada,
Oberdrauburqda baş verdi. Belə ki, beş minə yaxın legioner Sovetlərə təslim edildi.
Lakin onların heç birisi Sovet İttifaqına qayıtmaq istəmir, müqavimət göstərirdilər.
Müttəfiq orduların zabitləri heç kəsi buraxmaq istəmir, yalnız bir fikir bildirirdilər:
orada, vətəndə hər şey həll edilir. Belə olduqda, bir çox legionerlər boğazlarının
damarlarını kəsib intihara başladılar. Bəziləri isə qatar bütün sürəti ilə hərəkət
etdikdə özlərini pəncərədən yerə atdılar. Bütün əsirlər keçmiş alman hərbi
düşərgəsi olan Spitelə gətirildi. Qurbanlarını gözləyən ağgözlü NKVD-çilərin əlinə
keçməmək üçün bütün əsirlərin üstləri hər şeyləri əllərindən alındı. Bu zaman
qocalar və müdafıəsiz qadınlar coşğun Drau çayı sahilində dəhşət içində özlərini
yerə vurdular. Lakin əsgərlər uşaqlı qadınlara belə rəhm etmədən tüfəng və
süngülərlə adamları vaqonlara doldurmağa başladılar. Bir çoxları uşaqları ilə birgə
özlərini Drau çayının coşğun sularına atıb boğuldular. Bir çoxları olduqları yerdə
intihar etdilər. Bəzi legionerlər isə müttəfıq ordu əsgərlərinin köməyindən
yararlanıb xəlvəti olaraq Avstriya dağlarına qaçdılar”. (177, s. 19-21).
M. Ə. Rəsulzadənin və Ə. F. Düdənginskinin çalışmalarına baxmayaraq,
azərbaycanlıların və bütövlükdə türklərin Türkiyədə sığınacaq tapmağına imkan
verilmirdi. Türkiyə dövlət nümayəndələri bu problemə qarışmaq istəmirdilər.
Türküstan Milli Ordusunun başçılarından olan Baymirzə Hayit 1945-ci
ilin iyununda Türkiyə Cümhuriyyətinin Almaniyanın Bavariyadakı təmsilçisi İhsan
Ünəsan bəylə əlaqə qurub vəziyyəti ona anlatdı. İhsan bəy bu işə kömək edəcəyinə
söz vermiş və Türkiyəyə keçmək istəyənlərin siyahısını tələb etmişdi. Buna uyğun
olaraq Hayit bəy 1945-ci ilin 15 avqustunda türk xalqlarının legioner başçıları ilə
əlaqə yaradıb 105 minə qədər adamın siyahısını hazırlayıb İhsan bəyə verdi. İhsan
bəy təyyarə ilə Türkiyəyə qayıdarkən Yuqoslaviyadan göyə atəş açıldı və o,
yaralanıb xəstəxanaya aparıldı. İhsan bəydəki siyahı isə yoxa çıxdı. Sonradan
siyahının ikinci nüsxəsi Tiranadan Ankaraya - Baş komandanlığa çatdırılsa da, bir
faydası olmadı.
Ankarada bu məsələ ilə bağlı toplanan komissiya müzakirələrində dövlət
adamlarından biri kəskin olaraq türklərin Türkiyəyə köç etmələrinin əleyhinə çıxış
etmişdi. Nəticədə, belə bir qərar verilmişdi: “Əgər bu əsirlər Türkiyəyə gətirilirsə,
aralarında ən azından 10 000 (on min) casus vardır. Daha sonraları bu vəziyyətdən
necə qurtaracağıq. Bu vəziyyətdə Almaniyadakı türk mühacirlərini Türkiyə qəbul
edə bilməz” (400, s.47)
Qeyd edək ki, Türkiyə dövlətinin bu gizli qərarı yalnız 1975-ci ildə
açıqlandı.
Sovetlərə təslim edilən hərbi əsirlərə, legionerlərə isə amansız divan
tutulur, əksəriyyəti güllələnirdi. Bəzi komandirlər isə əsgərlərini tərk etməyib
onlarla birlikdə qalır, sovetlərə təhvil verilir, güllələnirdilər. Məsələn, müttəfiqlər
sovet vətəndaşı olmadığı halda əsgi mühacir Sultan Gireyi, azərbaycanlı İsrafil
bəyi güllələmişdilər.
Tanınmış azərbaycanlı zabitlərdən albay İsrafil bəy əsil hünər və
əsgərlərinə sədaqət nümunəsi göstərdi. Müttəfiq orduların rəhbərliyi İsrafil bəyi
yox, onun əsgərlərinin sovetlərə təhvil veriləcəyini bildirdikdə cəsur zabit demişdi:
“Mən yaşadığım müddətdə heç bir qüvvət mənim komandam altında olanları
barbar bir rejimə təslim edə bilməz. Ya hamımız bərabər hürriyyətə qovuşuruq,
yaxud da bərabər ölürük! Mənim birliyim əsir vətənimizin hürriyyət uğrunda
çarpışmış və gözlərimin önündə on minlərlə qurban vermiş olan azərbaycanlılardan
təşkil olunub. Mən bir komandan olaraq onları yalqız başına kommunizmin qanlı
xəncərinə necə təslim edə bilərəm? Mən heç bir zaman övladlarımı yalqız
buraxmaram. Onlarla bərabər ölmək mənim üçün ən böyük bir şərəfdir” (18, s.8-
10)
Belə olduqda müttəfıq ordu rəhbərliyi İsrafil bəyi çoxlu sayda
azərbaycanlı legionerlərlə birlikdə Sovet dövlətinə təslim etmişdi. Sonradan isə
İsrafil bəy “vətən xaini” adı ilə qətlə yetirilmişdi.
Vəziyyətin gərginliyi 1945-ci ilin noyabr ayına qədər davam etdi.
Noyabrda Müttəfiq Qüvvələrin Baş Komandanı general Eyzenhauer kimsənin
könülsüz olaraq sovetlərə təslim edilməməsi haqqında bir açıqlama verdi. (10,
s.49) Müttəfıq dövlətlərin Sovet hökuməti ilə münasibətlərində soyuqluğun
yaranması da bu açıqlamanın verilməsinə təsir göstərmişdi. Müttəfıq dövlətlər
Stalinin gizli niyyətlərini - Avropada qalmaq, kommunist ideyalarının hökm
sürəcəyi ölkələri təsirində saxlamaq istəyini başa düşürdülər.
Lakin hərbi əsirlərin və legionerlərin taleyi təhlükəli olaraq qalırdı.
Tezliklə, M. Ə. Rəsulzadənin başçılığı altında Münhendə “Azərbaycan Demokrat
Birliyi” adlı cəmiyyət quruldu. Cəmiyyət ciddi fəaliyyətə başladı, azərbaycanlı
əsirlərə müraciət hazırladı. “Azərbaycan Demokrat Birliyi”nin azərbaycanlı əsir
və legionerlərə müraciətində yazılmışdı: “Əziz mücahidlər! Altı ildir davam edən
ikinci cahan hərbi artıq sona yetdi: hərb, almanların məğlubiyyəti, qərb
müttəfiqlərinin zəfəri ilə nəticələndi. Bizim mücadiləmiz isə davam edəcək, çünki,
müqəddəs vətənimizi işğal altında tutan sovet kommunist rejimi müttəfıqlərin
yanında yer almaq imkanına sahib oldu. Yurddaşlar! Müqəddəs vətənimizin
bolşeviklər tərəfindən istilasından 21 il sonra ələ keçən bir fürsəti işin
başlanğıcında bəzi səbəblərdən zühur edən xətalara rəğmən yaxşı qarşıladınız və
əldə silah əbədi düşmənə qarşı döyüşlər verdiniz. Vətən övladlarından şəhidlərimiz
oldu, yerləri behişt olsun, hamısını hörmətlə yad edirik. Hərb qəhrəmanı gənclər!
Siz tələsməyin, araqızışdıranların təbliğatlarına inanıb geri dönmək kimi tələsikliyi
qəbul etməyin. Vətəndaşlar, məlumunuz olsun ki, sizlər “Ostministrliklərdə” (Şərq
nazirliyi - N. Y.) işlədiniz, legionlar qurdunuz, cəbhələrdə silahlı cəng yapdınız,
qəzet və jurnal buraxdınız, xalqımız üçün şərəfli xidmətlər göstərdiniz,
qəhrəmanlıqlar etdiniz, dəvətə inanmayın, çünki, hamınız onlara görə vətən xaini
və hərb günahkarı sayılacaqsınız. Bunun da cəzasını hamınız bilin. Vətən həsrətinə
köks gərin. Olduğunuz ölkələrdən ayrılmayın, milli təşkilatlarımız ətrafında
birləşin, bundan aldığınız güclə də mücadilənizi davam etdirin. Əski nəsil bu
davanı 26 ildir belə yürüdür. Ana vətən Türkiyə də sizin arxanızdadır. Hər zamankı
kimi sayıq olun. Özünüzə müvəqqəti yaşayacağınız bir ölkə seçin. Biz sizin
Türkiyəyə hicrət etmənizə kömək edərik, fəqət Amerikaya da gedə bilərsiniz, orası
da elə lap yaxşı ictimai sistemi olan məmləkətdir.
Yurddaşlar, yurdumuza dönənə qədər yaşayacağınız ölkələrdə sizə
bəxtiyar olmanızı diləyirik. Bu vəsiqə ilə qısa adı “ADB” olan “Azərbaycan
Demokrat Birliyi” ətrafında birləşməyə çağırırıq” - Azərbaycan Demokrat Birliyi.
Münhen, 1946-cı il. (195, s.218-219; 14)
Almaniyanın Münhen şəhərində gizli şəraitdə yaşayan M. Ə. Rəsulzadə
Misir kralı Fərrux Almaniyada olarkən onunla əlaqə yaradıb azərbaycanlılara
yardımını xahiş etmişdi. Kral Fərrux 600-ə yaxın azərbaycanlını özü ilə Misirə
aparmışdı. (196, s.231) Bundan əlavə, M. Ə. Rəsulzadənin başçılığı altında
“Türkiyə-Azərbaycan” cəmiyyəti də yaradılmış və bu təşkilat azərbaycanlıların
Türkiyəyə getməsini təmin etmişdi.
M. Ə. Rəsulzadə Ankaraya gəldiyi ilk gündən azərbaycanlıların
Türkiyəyə gətirilməsi və yerləşdirilməsinə çalışdı. Yüzlərlə azərbaycanlı məhz
onun köməyi ilə Türkiyədə sığınacaq tapdı. Qeyd edək ki, cəmiyyətin yardımı ilə
1947-ci ildə Münhendə M. Ə. Rəsulzadənin hazırladığı 33 səhifəlik “Azərbaycan
tarixindən” kitabı nəşr edildi. Kitabın nəşrində Azərbaycan Demokrat Birliyinin
üzvləri Əhməd Yaşar, Məhəmməd Kəngərli, Heydər Atak fəallıq göstərdilər.
Müəyyən maneələr olduğundan kitab Hannover şəhərində nəşr edilmişdi. Kitabın
nəşr yeri isə Münhen göstərilmişdi. Kitab Avropadakı bütün azərbaycanlılara
paylanılmışdı.
Qeyd edək ki, 1947-ci ilin sonlarından başlayaraq M. Ə. Rəsulzadənin
Türkiyəyə-Ankaraya gəlməsinə icazə verildi. Bu razılığın alınmasında dostu,
Türkiyənin dəyərli dövlət adamı Həmdullah Sübhi Tanrıövərin böyük rolu
olmuşdu.
Azərbaycan legionerlərinin xilası və ayrı-ayrı ölkələrdə məskunlaşması
üçün əsas fəaliyyəti M. Ə. Rəsulzadə ilə yanaşı Ə. Fətəlibəyli Düdənginski
aparırdı. Belə ki, M. Ə. Rəsulzadə Almaniyanın Münhen şəhərində, Ə. F.
Düdənginski isə İtaliyanın Roma şəhərində bu işi davam etdirirdilər.
Qeyd etdiyimiz kimi, legionerlərin böyük bir hissəsi Ə. F. Düdənginskinin
başçılığı ilə İtaliyada ingilislərin nəzarəti altında saxlanılırdılar. Ə. F.
Düdənginskinin 1947-ci ilin dekabrın 5-də C. Hacıbəyliyə göndərdiyi məktubda bu
haqda maraqlı məlumatlar vardır. O, məktubunda yazırdı: “Mənim əzizim Ceyhun
bəy! Fuad mənə məlumat verdi ki, tez-tez xəstələnirsiniz. Özünüzü qoruyun. Olsun
ki, tezliklə, böyük Allahın köməyi ilə biz yenidən mübarizəmizi başlayaq.
Beynəlxalq vəziyyət getdikcə bizim xeyrimizə dəyişir. Mən daha çox 1948-ci ilə
ümidlə baxıram.
Avropa düşərgələrindəki həmvətənlərimizin vəziyyəti dözülməzdir.
Üçüncü ildir ki, burada çırpınırıq, lakin qardaşlarımız hamımıza biganədir. Olsun
ki, Misirin köməyi ilə adamlarımızı İtaliyadan göndərə bildik. Artıq ikinci aydır ki,
Zahid xan Qahirədədir və qaçqınların problemləri ilə məşğuldur. O, bütün
müsəlman ölkələri hökumətləri ilə əlaqə saxlayır. Hələlik, İordaniya və İraq
ölkələri 2-3 min qəbul götürməyə razılıq veriblər. Pakistanın da qərarını gözləyirik.
İtaliyadakı bütün müsəlmanları göndərdikdən sonra özüm Misirə gedib, orada
Almaniyadan, Avstraliyadan, İsveçrədən gələnləri qəbul edəcəyəm. Görəcəyimiz
başqa işlərlə bağlı isə Fuad sizə geniş məlumat verəcək. Mənim ailəm isə hələ də
düşərgədə əziyyət çəkir. Onları görə də bilmirəm. İnşallah! Onlar da birinci
nəqliyyatla gedəcəklər. Ələsgərov artıq Türkiyədədir və Ziyad bəy onu işə
düzəltmişdir. Lakin onun ailəsi isə hələ də buradadır. Mən çalışacağam ki, onları
Misirə göndərim, oradan isə Türkiyəyə getsinlər. Zöhrə xanımın əllərini öpürəm.
Sizi və Timurçini qucaqlayıram. Sizin Abo”. (79)
Mayor Əbdürəhman Fətəlibəyli Düdənginskinin və digər legionerlərin
müharibədən sonrakı həyatı ağır keçdi. F. Düdənginski ailəsi ilə birlikdə böyük
çətinlikdən sonra ingilislərin əsarətindən qurtula bildi. Bir il İtaliyada, iki ilə qədər
Misirdə qaldıqdan sonra Qərbi Almaniyaya getmiş, bir ara Türkiyəyə gəlib bir neçə
ay qaldıqdan sonra təkrar Münhenə getmiş və orada yaşamışdı.
Qeyd edək ki, İtaliyada ingilislərin nəzarətində olarkən mayor
Düdənginski, İngiltərənin baş naziri Klement Ettliyə məktub yazdı. Həmin
məktubda yazılmışdı: “Cənabınıza məlumdur ki, bolşevizmin tarixi satqınçılıq,
müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq
sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda
Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı və s. güdaza verdilər.
1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin,
İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və
müharibənin əsas səbəbkarı oldu. Bolşeviklərin müharibəqabağı planları hər kəsə
məlumdur. Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-birilə
toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik
çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya
xarabalığı üzərində hökmranlıq etmək istəyirdi. Bolşevizmin bu taktikası Lenin,
Stalin tərəfindən yaradılıb və onlar heç vaxt bunu gizlətməyiblər. Təəssüf ki, heç
olmasa, bir nəfər demokratik xadim tapılmadı ki, bu barədə bütün dünyanı açıq-
aydın xəbərdar etsin. Aydındır ki, 1941-ci ildə Hitler təhlükəsi altında Stalin
məcburən İngiltərə və Amerikanın “müttəfiqi” oldu. Hələ cənab Çörçil onu
“yoldaş” adlandırır. İstəmədən “yoldaş” deyilsəydi, daha doğru olardı. Yerin 1/6
hissəsində yaşayan xalqlar bolşevik nəzəriyyəçiləri tərəfindən ingilis və
amerikalılara nifrət ruhunda tərbiyələndiriliblər. Stalin cənab Çörçilə cavabında
bolşevizmin ingilis dünyasına olan ümumi nifrət və kinini konsentrik şəkildə
göstərirdi. Stalin kommunizmin heç vaxt uğur qazanmadığını və qazanmayacağı
ingilis dünyasına ona görə nifrət etmirmi? Stalin ingilis zəhmətkeşlərinin onu “ata”
adlandırmaq istəmədiklərinə görə qəzəblənmirmi? Stalin ingilis xalqının seçkilərdə
Hani Polpitin zəhmətkeşlərə hər kəsin qabiliyyətinə görə işləyəcəyi və tələbatına
(xüsusən, viski tələbatına) görə alacağı kommunist cəmiyyəti qurmaq vədlərinə
baxmayaraq, kommunistiərə səs vermədiklərinə görə hirslənmirmi? Stalin deyir:
“Xalqlar ona görə mübarizə aparmayıblar ki, bir köləlikdən digərinə keçsinlər.
Konkret olaraq Hitler köləliyindən ingilis-amerikan köləliyinə”. Biz də deyirik ki,
xalqlar məhz ona görə mübarizə aparmayıblar ki, Stalin - kommunist köləliyinə
düşsünlər”. Stalin Avropanın xilası naminə 7 milyon itki verdiyini söyləyir. Əgər
o, Avropanı xilas etmək istəsəydi, bunu İngiltərə və Fransa ilə ittifaqda edərdi,
Hitlerlə yox. 7 milyon deməklə Stalin itkilərin sayını kəskin azaldır. Axı bizim
xalqların Stalin rejiminə nifrəti o qədər böyükdür ki, onların heç biri Stalin
uğrunda vuruşmaq istəmirdi. İlk növbədə ruslar, ukraynalılar, türk-müsəlmanlar.
Yalnız buna görə Almaniya müharibənin ilk günlərində milyonlarla hərbi əsir tuta
bilmişdi. I Dünya müharibəsində müharibəni çar Rusiyası aparanda bir nəfər də
olsun rus, ukraynalı, hətta türk-müsəlman da Almaniya tərəfə keçməmişdi. Ancaq
bu müharibədə Sizə məlum olduğu kimi, Almaniya tərəfdə öz legionerlərini təşkil
edən və bolşevizmə qarşı vuruşan milyonlarla rus, ukraynalı, müsəlman türk və s.
vardı. Məgər bütün bunlar Stalin rejiminin vəhşilik və antixalqçılığına, onun bizim
xalqların atası deyil, atalığı olmasına dəlalət etmirmi?
Nə üçün bir nəfər də olsun ingilis, ya amerikalı almanlarla birgə
vuruşmadı? Çünki, onların ingilis tarixinin inkişafı nəticəsində, dövlətçilik
ənənələri üzərində öz xalqlarının oğulları tərəfindən idarə olunan vətənləri var.
Çünki, İngiltərəni Kral, Ettli, çörçillər, bevinlər, aleksandrlar, krippsilər və başqa
xalqın qanından, kökündən olmayanlar, başqa ölkələrdə leyboristlər və ya
konservatorlar partiyası yaratmaq istəməyənlər idarə edirlər. Siz dünya leyboristlər
inqilabı naminə nə bir pendən, nə də bir nəfər ingilisdən söz yox keçməzsiniz.
Leyborizm və həmçinin konservatizm təmiz ingilis əsillidir, ingilislər tərəfindən
ingilis zəminində yaradılıb və ingilis xalqına xidmət edir. Kommunizm və dünya
proletar inqilabı haqqında nə demək olar? Kommunizm rus, ukrayna və xüsusən
türk-müsəlman gerçəkliyinə, tarix və ənənələrinə yad və yabançı ideyadır.
Ümumiyyətlə isə, kommunizmin heç bir xalqm gerçəkliyi ilə ümumi nöqtəsi
mövcud deyil, çünki, kommunizmin vətəni yoxdur. Kommunizm öz xalqının,
vətəninin mənafeyini satmaq, dünya proletar inqilabı naminə milyonlarla həyatı
qurban verməkdir. Məgər dörd illik vətəndaş müharibəsi bizim xalqların
mənafeyinə, sinfi mübarizə alovlarında milyonlarla yaxşı zəhmətkeşin məhv
edilməsinə və yaxud bizim xalqların başqa xalqlardan və dünya bazarından
təcridinə, 1939-cu ildə Hitlerlə müqavilə bağlanmasına uyğun idimi? Bu, Yer
üzünün 1/6 hissəsində yaşayan xalqların mənafeyinin tarixdə misli görünməmiş
satılması deyildimi? 1939-cu ildə bizim xalqların mənafeyi tələb edirdi ki,
müharibənin dəf edilməsi üçün Fransa və İngiltərə ilə müqavilə bağlansın. Yaxud
müharibə başlanarsa, 1-ci gündən onların tərəfindən iştirak edilsin. Əgər bizdə
demokratik hökumət və xalq rəhbərlərı olsaydı, onlar elə belə də hərəkət edərdilər.
Bizim ölkələr mim rəhbərlər tərəfindən idarə olunmur. Əvəzində dünya proletar
inqilabı maraqlarından çıxış edərək, İngiltərə, Fransa və bütün dünya xalqlarının
axıdılmış qanı üzərində kommunist diktaturası qurmaq və yeni qüvvələrlə çıxış
etmək fikri ilə dünya yanğını alovlandırmaq üçün Hitlerlə ittifaq bağlayan bir dəstə
beynəlmiləl fırıldaqçı hökmranlıq edir. İndi bizim həmvətənlər Polşa, Rumıniya,
Macarıstan, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Finlandiya, Estoniya,
Latviya, Litva, Avstriya, Almaniya, həmçinin Çin xalqları üzərində jandarm rolunu
oynayır və öz süngüləri ilə bu ölkələrdə kommunizmi yaymaq
məcburiyyətindədirlər. Bütün bunlar bizim xalqların, ilk növbədə rus, ukraynalı,
türk-müsəlmanların mənafeyinə uyğun deyil. Rus torpaqları və onların var-dövləti
300 milyon rus üçün kifayətdir. Ukrayna torpaqlarını və var-dövlətini sayıb
qurtarmaq olmaz. Biz türk-müsəlmanlara və qafqazlılara gəldikdə isə, bizim
torpaqların genişliyi və zənginliyi sözə gəlmir. Odur ki, bizim xalqların ac və sıx
əhalisi olan Avropanın torpaqlarına ehtiyacı yoxdur. Yuxarıda adları çəkilən
Avropa xalqlarının torpaqları və onların zorla bolşevikləşdirilməsi dünya proletar
inqilabı maraqlarına uyğun olaraq, beynəlmiləl fırıldaqçılar dəstəsinə ingilis-
amerikanlara qarşı yeni müharibəyə hazırlaşmaq üçün lazımdır. Biz türk-
müsəlmanları, həmçinin rus və ukraynalıları dünya proletar inqilabı
maraqlandırmır. Biz bir qəpik, ya da bizim oğulların bir damcı qanını belə bu iş
üçün könüllü surətdə vermədik. Biz heç vaxt bütün dünyadan təcrid olunmaq və on
illərlə “kapitalist mühasirəsi”ndə qalmaq istəməmişik. Biz də ingilislər kimi
istəyirdik ki, bizim də hökumət və rəhbərlər xalqımızın içindən çıxsın. Biz həm də
parlamentimizi sərbəst surətdə özümüz seçmək istəyirik. Biz dünyanın bütün
xalqları ilə dostluq və sıx ünsiyyət şəraitində yaşamaq istəyirik. Biz istəmirik ki,
bütün dünya kommunistləri bizim ata və oğullarımızın qanı, ana-bacılarımızın,
arvad-uşaqlarımızın göz yaşı hesabına yaşasınlar. Cənab Baş nazir, biz bunun üçün
bolşevizmə qarşı vuruşurduq. Vlasov və heç bir rus heç vaxt Rusiyanı, rus xalqını,
milli hökuməti, milli rəhbərliyi satmayıb. Ukraynalılar da, xüsusən türk-
müsəlmanlar da vətənlərinə münasibətdə elə belə də hərəkət edərdilər. Heç olmasa
bir nəfər ingilis Stalini doğma ata, Beriya, Mikoyan, Tevosyan, Bela-Kuna,
Kusinena və onlar kimi digər cinayətkarları rəhbər adlandırarmı? Əlbəttə yox. Bəs
onda niyə İngiltərə və Amerika bunu bizim xalqlardan tələb edir? Kim, harda, nə
vaxt görüb, yaxud eşidib ki, rus, ukraynalı və türk-müsəlmanların atalarının ad və
soyadları Soso Cuqaşvili (İosif Stalin), Anastas Mikoyan, Mkırtıç Tevosyan,
Maliko Qoqlidze, Bela-Kuna və s. olsun. Belə quldur dəstəsini və “SSRİ”ni
dəyişmirlər, əksinə, onlara nifrət edir və ilk imkan düşən kimi bu beynəlmiləl
quldur dəstəsini və onların yaratdıqları SSRİ-ni məhv etmək üçün yaşayırlar.
Cənab Çörçilin hesabatından isə məlum olur ki, Siz onlarla 50 illik müqavilə
bağlamaq fikrindəsiniz. Düzdür, Siz deyə bilərsiniz ki, onların içində Molotov,
Kalinin, Voroşilov kimi ruslar da var. Doğrudur, onlar rusdurlar. Onlar bu quldur
dəstəsinin əlində rus xalqına göstərmək üçün örtükdürlər. Yəni SSRİ-ni ruslar da
idarə edir. Bolşevik rəhbərləri içində ağıllı ruslar da olub ki, Stalin onları məqsədli
şəkildə məhv edib. Məgər o, və onun quldur dəstəsi ağıllı rus, ukraynalıları və türk-
müsəlmanları hakimiyyətə yaxın qoyardımı? Molotov, Kalinin və Voroşilovun əqli
qabiliyyətlərinin məhdudluğu o qədər üzdə idi ki, hətta nasional-sosialist təbliğatı
da onların rus əslli olmasını inkar etməyə cəsarət etmədi. Siz özünüz Molotovu
Londonda görmüsünüz. Artıq 2-ci dəfə Stalin onu Kremldən kənara buraxmadı.
Əvəzində Vışinski kimi “rus”u, Manulski kimi ukraynalını göndərdi. Rus, ukrayna
və türk xalqlarının oğulları bu qəddarın qarşısında əyilməyə və onları ata və rəhbər
adlandırmağa layiqdirmi? Biz onların hökmranlığına qarşı vuruşmalı deyilikmi?
Siz bolşevizmin düşməni olan bizləri niyə İngiltərə və Amerikanın düşməni hesab
edirsiniz? Biz türk-müsəlmanlar 6-10 noyabr 1943-cü il Berlində keçirilən
Azərbaycan Konqresində öz demokratik proqramımızı elan etmədikmi? Biz alman
dostlarımızın bu proqrama İngiltərə və Amerikanın əleyhinə maddə salmaq
təklifini rədd etmədikmi? Bizim legionerlərin Qərb cəbhəsinə göndərilməsinə qarşı
etiraz edərək, İngiltərə və Amerikanın bizim xalqların düşməni olmadıqlarını
bildirmədikmi? Bütün bunları gestapodan qorxmadan öz müttəfıqimizin üzünə
deyirdik. Bız türk-müsəlman kimi həqiqətin əksinə gedə və Almaniyanın
xeyrinə olaraq, İngiltərə və Amerikanı bizim xalqların düşməni adlandıra
bilməzdik. Vlasov və ukraynalılar da elə belə hərəkət etdilər. Çünki, biz bolşevik-
kommunist deyilik və Almaniyanın yaxud hər hansı ölkənin xeyrinə öz xalqımızın
şərəf və mənafeyi ilə alver edə bilməzdik.
Biz SSRİ-nin əvəzinə Rusiya, Ukrayna, Türküstan, Azərbaycan,
Ermənistan, Gürcüstan və Şimali Qafqaz yaratmağa can atırıq. Təəssüf ki, Qərb
demokratiyası “SSRİ” anlayışı ilə “Rusiya”, “Ukrayna”, “Türküstan”,
“Azərbaycan”... anlayışlarını səhv salır. Yaxud “bolşevik” anlayışı “rus”,
“ukraynalı”, “türk” anlayışları ilə qarışıq salınır.
Dostları ilə paylaş: |