Mövzu 3
Adi beton və onda işlədilən materiallar. Sement və su
Betonun hazırlanmasında əsas materiallardan biri sementdir. Onun seçilməsi zamanı betona dair tələblər: möhkəmlik, şaxtayadavamlılıq, sukeçirməzlik,kimyəvi davamlılıq və s. nəzərə alınmalıdır.
Sement hidravlik yapışdırıcı materialdır, yəni elə bir narın üyüdülmüş qeyri-üzvi materialdır ki, o, su ilə qarışdırıldıqda kimyəvi hidratasiya prosesləri nəticəsində özünü tutan və bərkiyən xəmir yaradır və bərkidikdən sonra hətta suda belə öz möhkəmliyini və xassələrinin sabitliyini saxlayır. Beton və dəmur-beton konstruksiyaların hazırlanmasında adi portlandsement daha geniş tətbiq edilir. Sistematik olaraq donma və donuaçılma, nəmlənmə və quruma təsirlərinə məruz qalan konstruksiyaların hazırlanmasında plastikləşdirilmiş və hidrofob sementlərin tətbiqi daha səmərəlidir.
Şaxtayadavamlı və sulfat korroziyasına məruz qalan betonların hazırlanmasında sulfatadavamlı portlandsementdən istifadə etmək məqsədəuyğundur. Sualtı və yeraltı konstruksiyaların hazırlanmasında posalı portlandsementdən istifadə etmək məsləhət görülür.
Tələb olunan möhkəmlikli beton alınmasında sementin möhkəmlik sinfinin düzgün seçilməsi mühüm rol oynayır.Ən az sement işlətməklə tələb olunan möhkəmlikli beton hazırlamaq üçün sementin möhkəmliyi betonun sıxılmada layihələndirilən möhkəmliyindən 1,5 – 2 dəfə çox olmalıdır.Aşağı möhkəmlikli beton hazırlanmasında yüksək markalı sementlərdən istifadə etdikdə sementə narın üyüdülmüş aktiv, yaxud inert əlavələr (əhəngdaşı, posa, kül və s.) qatılmalıdır.
Beton hazırlanmasında içməli sudan, habelə texniki sudan, qrunt sularından, çay və dəniz sularından istifadə edilə bilər.İçməli sudan heç bir laboratoriya analizi aparmadan istifadə etmək olar.Texniki su, qrunt suları, çay və dəniz suları isə beton üçün yararlılığı laboratoriyada yoxlanıldıqdan sonra istifadə edilməlidir. Bu analizlər standartın (EN 1008)tələblərinə uyğun aparılmalıdır.Betonda işlədilən suların tərkibində yağların və başqa üzvi maddələrin, köpükəmələgətirici maddələrin,turşuların miqdarı yoxlanılmalıdır.Beton üçün istifadə olunan suların hidrogen göstəricisi pH 4-dən çox olan sulardan , (yəni tərkibində turşular az olan )istifadə edilir.
Standartlara əsasən suda xlor birləşmələrinin miqdarına qoyulan normalar betonun istifadə ediləcəyi konstruksiyaın növündən asılı olaraq fərqlənə bilər:
Qabaqcadan gərginləşdirilən dəmir-beton konstruksiyalarda və tamponaj məhlullarında xlor birləşmələri 500 mq/L –dən çox olmamalı;
Adi armaturlu dəmir-betonlarda 1000 mq/L –dən çox olmamalı;
Armatur istifadə olunmayan beton konstruksiyalarda 4500 mq/L –dən çox olmamalıdır.
Dostları ilə paylaş: |