Nitq inkişafı üzrə işin metodikası” tədris fənni və elm kimi Azərbaycan dilçiliyinin fonetika, orfoqrafiya, orfoepiya, leksika, frazeologiya, qrammatika, semantika, üslubiyyat və digər sahələri ilə bağlıdır.
S.Hüseyinov yazır ki, nitq mədəniyyətinə yiyələnməkdə qrammatik qayda-qa-nunların gözlənilməsi düzgün tələffüz, intonasiya, fasilə, vurğu, ritm, diksiya kimi fonetik vasitələrlə vəhdət təşkil edir. Qrammatik qaydaları nitq üslublarına uyğun işlətmədən onun kommunikativ keyfiyətini–dəqiqlik və məntiqliyini saxlamaq, anlaşıqlı və münasib verilməsinə nail olmaq mümkün deyildir.
Azərbaycan dilinin özünəməxsus gözəl avaza malik səs sisteminin olması onun etika, estetika və incəsənətlə bağlılığını da labüd edir. Nitq inkişafı üzrə işin metodikası ədəbiyyatşünaslıq, pedaqogika psixologiya, fiziologiya, məntiq, tarix və digər elm sahələri ilə sıx əlaqədardır.
Bədii ədəbiyat və natiqlikdə söz həlledici rol oynayır. Mənzum, epik və dramatik əsərlərin əsas xüsusiyyətlərini nəzərə almadan onları dinləyicilərə yüksək səviyyədə, ifadəli çatdırmaq qeyri-mümkündür. Bədii əsərin ifadəli oxusu onun bədii dəyərini artırmaqla, çagirdlərdə oxumağa, mütaliəyə böyük maraq yaradır, bu zəmində onların lüğət ehtiyatı zənginləşir, nəqletmə nəticəsində nitq bacarıqları inkşaf edir.
Pedaqogika tədris, təlim, tərbiyə və inkişaf haqqında elm olmaqla, bu funksiyaları nitq vasitəsi ilə həyata keçirir. Müəllim-şagird münasibətləri, əxlaqi davranış normaları praktik nitq fəaliyyəti ilə reallaşır. İbtidai sinif şagirdlərinin istər şifahi, istərsə də yazılı nitq bacarıqlarının inkişaf etdirilməsinin, nitq mədəniyyətinin formalaşdırılmasının xalqımıza layiq şəxsiyyətlər kimi yetişməsində böyük əhəmiyyəti vardır.
Psixologiya nitq və təfəkkürün vəhdətini əsaslandırır. Şagirdin ətraf aləmi dərk etməsi, nitqinin və düşüncəsinin inkişaf etməsi, şəxsiyyətinin hərtərəfli formalaşması onun psixi inkişafı ilə sıx sürətdə bağlıdır.Şagird başqalarını dinləyəndə və ya danışanda onun təfəkkürü dinlədiklərini analiz edir, müsbət və mənfi emosiyalara istər-istəməz reaksiya verir, ətrafda baş verənləri dərk edir, nitqlə münasibətini bildirir. Şagirdin nitqə yiyələnməsi birbaşa təfəkkürün inkişafı ilə bağlıdır.