3-cü məktəbəqədər yaş dövrü mərhələsi (3-6 yaş). 6 yaşına qədər uşaqların lüğəti 3000-35000 sözə çatır. Uşaq ana dilində sərbəst danışa bilir. Lakin məktəbə daxil olduqda, o, yeni fikirlər ifadə etmək məcburiyətində qaldıqda söz seçimində çətinlik çəkir.
Ə.Ə.Qədirov “Yaş psixologiyası” adlı əsərində uşaqlarda nitq inkişafını üç istiqamətdə inkişaf etdiyini göstərir: 1) uşaqlarda söz ehtiyatının artması; 2) nitqin fonetik cəhətdən inkişafı, yəni, uşağın səsləri düzgün eşitməyə, tələffüz etməyə yiyələnməsi; 3) uşaq nitqininqrammatik cəhətdən inkişafı.
Eyni zamanda müəllif üç-altı yaş qrupu uşaqlarının lüğət ehtiyatında olan sözlərin sayını göstərmişdir. O, göstərir ki, üç yaşlı uşağın nitqində 1000-1500, dörd yaşlının nitqində 1600-1926, beş-altı yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın söz ehtiyatı olur. Müəllif beş-altı yaşlı uşaqların lüğət ehtiyatında nitq hissələrinin sayını da müəyyənləşdirmişdir: əsasən 1400-ə qədər isim, 500-ə qədər feil, 1800-ə qədər sifətin olduğunu qeyd etmişdir.
4-cü məktəb dövrü (6-17 yaş). Bu dövr Azərbaycan dili səslərinin düzgün tələffüz məxrəcinin formalaşması dövrü, ədəbi dil normalarına uyğun nitqin mənimsənilməsi dövrü kimi xarakterizə edilir.
Nitqin inkişafı üzrə işə nəzarət, nitq mühitinin yaradılması
Nitq situasiyası dedikdə, şagirdləri danışmağa vadar edən vəziyyətin yaradılması nəzərdə tutulur. Bir çox ədəbiyyatda buna nitq mühiti deyilir. Situasiyanın yaradılması şagirddə danışacağı obyektin (hadisənin, hekayənin, nağılın) məzmununu məntiqi, obrazlı şəkildə ifadə etmək tələbi yaradır. Nitq situasiyası anlayışı təkcə metodik yox, eyni zamanda linqvistik anlayış kimi özünü göstərir. Bu anlayış linqvistikada xahiş, əmr, təsdiq, rədd, kinayə, istehza.... təsvir olunan ifadə vasitələri qrammatik situasiya yaradır. Metodik anlayış kimi o, linqvistik baxışdan fərqlənir. Nitqin mənbələri müxtəlif və rəngarəngdir (şəkillər, oxunmuş materiallar, təbiət, musiqi, heykəltəraşlıq və digər sənət əsərləri). Nitq situasiyası məzmunun təbii danışıq tərzinə yaxın formada ifadə edilməsidir. Şagirdlərin öz aralarında söhbətləri, dialoqları, yeni situasiyada baş verir. Bu obrazlı ifadələrin (söz, söz birləşməsi və cümlələrin) işlənməsinə də zəmin yaradır.
Metodik nitq situasiyası iki növə ayrılır: a) təbii situasiya; b) süni situasiya. Əgər təbii situativ nitq hansı obyekt (oxu materialları, şəkillər, təbiət üzərində müşahidələr, oyunlar, əyləncələr) əsasında fikirlərinin canlı ifadəsidirsə, süni situativ nitqsəhərciklərdə, müəyyən toplanışlarda, radioda, televiziyada müxtəlif mövzularda çıxış etməsidir. Əlverişli nitq situasiyası yaratmaq üçün təlim prosesində ən optimal priyom və metodlardan istifadə edilməlidir.
Süni situasiya hər şeydən əvvəl şifahi monoloji nitqlə bağlıdır. Burada şagirdin keçirdiyi həyəcanlar mühüm rol oynayır. Təcrübə göstərir ki, əvvəlcə fikrin tematikası müəyyənləşməlidir. Çıxış üçün, nitq üçün hazırlıq işləri aparılmalıdır. Qeyd olunan cəhətlər situasiyanın obrazlı nitq inkişafındakı mövqeyini göstərir.
Nitq situasiyasını yaratmadan şagirdlərin nitqindən danışmaq qeyri-mümkündür. A.Qurbanov qeyd edirdi ki, uşağın nitqə yiyələnməsində nitq şəraiti və mühit başlıca rola malikdir. Şagirdlərin danışıqları həyatımızın müxtəlif sahələrini əhatə etməlidir. Mövzu aydın, maraqlı, anlaşıqlı, yığcam olmalıdır. Şagird mövzunu dərk etmədikdə onun məzmununu mənimsəyə bilmir. Aydın olmayan məzmunun rabitəli və obrazlı şəkildə ifadəsindən söhbət belə gedə bilməz. Aparılan xüsusi tədqiqatlar göstərir ki, şagirdlərin nitqinin inkişafında təsvir xarakterli şifahi və yazılı inşalar mühüm rol oynayır.