Təmsillərin oxunması. Şagirdləri maraqlandıran janrlardan biri də təmsillərdir. Təmsilin əsasında alleqoriya durur. Təmsil yazanlar heyvan, quş, həşərat, bitki və başqa əşyaların obrazlarında insanların tipik xüsusiyyətlərinə gülür, öyüd, nəsihət verirlər.
Şeirlərin oxunması.Şeirlərin öyrənilməsi şagirdlərin hafizəsini möhkəmləndirir, dünyagörüşünü genişləndirir, estetik zövqünü artırır, ədəbi tələffüz vərdişlərini, nitqini inkişaf etdirir. Müəllim şeir seçərkən şagirdlərin yaş xüsusiyyətləri ilə bərabər şeirin bədiiliyini də nəzərə almalıdır. Şeirin əzbər öyrənilməsi məcburi xarakter daşımamalıdır.
Tapmacalar. İbtidai siniflərdə tapmacalar söz əyaniliyinin bariz nümunəsi kimi istifadə edilir. Tapmacalarda söz əyaniliy ilə əşyanın müxtəlif çəhətdən öyrənilməsi baş verir. Tapmacalar şagirdin şifahi nitqini, məntiqi təfəkkürünü və dərketmə qabiliyyətini, müstəqillik və fəallığını inkişaf etdirmək üçün geniş imkanlar açır.
Laylalar və oxşamalar. Laylalar və oxşamalar xalqımızın qiymətli söz incilərindən olub, ilıq duyğular, səmimi hisslər oyadır, nəcib əxlaqi sifətlər tərbiyələndirir.
Bayatılar. Azərbaycanın şifahi ədəbiyyatının çox yayılmış janrlarından biri də bayatılardır. Bayatılar çox dərin mənalı, fəlsəfi, əxlaqi, ictimai fikirlər ifadə edən qısa, yığcam, lirik parçalardır.
Yanıltmaclar. Şagirdlərin nitqinin inkişafına,kamilləşməsinə, söz ehtiyatının artmasına, dil vahidlərindən düzgün, məntiqi istifadə etmələrinə imkan verən folklor nümunələrindən biridir.
Atalar sözləri. Azərbaycan şifahi xalq ədəbiyyatının spesifik janrlarından biri atalar sözləridir. Atalar sözləri xalq tərəfindən yaradılan bitkin ifadələrdir. Atalar sözləri folklorun formaca kiçik, məzmunca dərin janrıdır. Az sözlə dərin mənalar ifadə etmək, xalqın həyat təcrübəsini, müşahidələrini yığcam, səlis ifadə etmək onun başlıca cəhətləridir.
Elmi- kütləvi mətnlərin oxusu nitq inkişafı üzrə işin təşkilində mühüm əhəmiyət daşıyır. Elmi-kütləvi mətnlər şagirdləri təbiətdəki əşya və hadisələri, qanunları və qanunauyğunluqları, həmçinin ölkəmizdə baş verən ictimai-siyasi hadisələri başa düşməyə doğru aparır. Elmi-kütləvi materiallardan təbiət və cəmiyyət haqqında əldə edilən məlumatlar şagirdlərdə elmi dünyagörüşün, təbiətin tamlığı, bütövlüyü haqqında təsəvvürün yaranmasını təmin edir. Onlar təbiət, coğrafiya, tarix, fizika, astronomiya, kimya, biologiyaya dair ilkin biliklərə yiyələnir, praktik vərdişlər qazanırlar. Elmi-kütləvi mətnlərdə əşya və hadisələr haqqında dəqiq məlumat, düzgün qiymət verilir. Elmi-kütləvi mətnlərin başlıca əhəmiyyəti ondadır ki, haqqında söhbət gedən əşya və hadisənin başqa əşya və hadisələrlə qarşılıqlı əlaqələrini də açır, onları elmi cəhətdən əsaslandırır. Belə mətnlərin yaxşı cəhətlərindən biri də odur ki, bu mətnlər uşaqlarda əşya haqqında obrazlı təsəvvür yaradır. Belə mətnlər şagirdlərdən diqqətlilik, iradi səy, məntiqi fəaliyyət, müəllimdən isə öyrənilən məsələyə ciddi düşünülmüş münasibət təmin edən metod və priyom seçməyi tələb edir.
Elmi-kütləvi mətnlərin oxusunda da şagirdlər üçün yeni material şərh olunur. Elmi-kütləvi mətni bütöv oxuyub, məzmunun dərk olunmasına ümid bəsləmək olmaz. Belə mətnlər hissə-hissə oxunur, hər hissə dərindən təhlil edilir, başa düşüldükdən sonra digər hissənin oxusu təşkil edilir. Oxu prosesində ədəbi tələffüz qaydalarına əməl olunması mətnin məzmunun dərk olunmasına səbəb olduğu kimi, mətnin oxusu nitq bacarıqlarının mənimsənilməsinə yardım edir. Mətn oxunmazdan əvvəl müəllim şagirdlərə hansı biliklərin veriləcəyi, bu biliklərin əvvəllər öyrənilmiş biliklərlə necə əlaqələndiriləcəyi üzərində düşünməklə bərabər, mətnin ifadəli oxusuna hazırlaşmalıdır.