Bədii və elmi-kütləvi mətnlər üzrə işinin nitqin inkişafında rolu
Bədii mətnlər nitq inkişafı üzrə aparılan işin metodik baxımdan daha səmərəli və keyfiyyətli qurmaq, elmi əsaslarla təşkil etmək üçün əlverişli imkan yaradır. Bədii mətnlər ibtidai sinif şagirdlərinin hafizəsini, düşünmə qabiliyətini, müəyən hadisədən nəticə çıxarmaq, onu yekunlaşdırmaq, ümumuləşdirmək, digərindən fərqləndirə bilmək və s. idrak bacarıqlarını inkişaf etdirir.
Şagirdlər hadisələri bədii obrazlarla daha səmərəli qavrayır. Hekayə, nağıl, təmsil, şeir və digər bədii nümunələrin təsiri nəticəsində uşaqların təbiət və cəmiyyətdən aldıqları bilik və təsəvvürləri daha da dəqiqləşir, nitqləri obrazlı söz və ifadələr hesabına zənginləşir.
Hekayənin oxunması. İbtidai sinif şagirdlərinin nitqinin inkişafında hekayələrin əhəmiyyəti böyükdür. Şagirdlər əhatə olunduğu ictimai mühitdən aldığı təsəvvürləri hekayə vasitəsilə daha geniş surətdə canlandırırlar. Hekayənin həcmi çox böyük olmur. Hekayə bir neçə şəxsin iştirak etdiyi hadisədən danışan yığcam əsərdir. Hekayədə hadisələr müəyyən xətt üzrə ardıcıllıqla izlənilir. İbtidai sinif şagirdləri hekayə oxumağı və dinləməyi çox sevirlər.
Publisistik üslubda yazılmış hekayələr də şagirdlərin rabitəli nitqinin dolğun və təsirli olmasına kömək edən mətnlərdəndir. Bu mətnlərin ifadəli oxusu prosesində müəllim çalışmalıdır ki, şagirdlər hekayədəhadisənin baş verdiyi şəraiti, qəhrəmanları aydın təsəvvür etsinlər.
Nağılların oxunması.Folklor nümunələri içərisində nağıllar xüsusi yer tutur. Nağılların əyaniləşdirilməsi, nağıla aid cizgi filmlərinə baxılması şagirdlərin ruhuna yaxındır və nitq inkişafı üzrə işin təşkilində müvəffəqiyyətlə istifadə olunur. Nağıllar quruluşuna görə hekayəyə yaxındır, lakin nağılda başlanğıc və sonluq təkrar olunur. Nağılların ifadəli oxusu, personajların öz səsləri ilə təqlid olunması və s. şagirdlərin ədəbi tələffüz vərdişlərini mənimsəməsini sürətləndirir və təxəyyülünü inkişaf etdirir
Nağıllardan istifadə zamanı aşağıdakı qaydalara əməl olunması vacibdir:
1. Nağıl şagirdlərin yaş səviyyəsinə uyğun seçilməlidir.
2. Nağıldakı çətin sözlər izah edilməli, şagirdlərin nitqi onlara tanış olmayan sözlər və obrazlı ifadələr hesabına zənginləşdirilməlidir.
3. Müəllim nağılı əvvəlcə bütöv, sonra isə hissə-hissə ifadəli oxumalıdır.
4. Müəllim çalışmalıdır ki, hər bir şagird nağılın məzmununu, hadisələri düzgün başa düşsün, ona görə də nağılı həyəcanlı, inandırıcı və obrazların dili ilə söyləməlidir. O, nağılı şagirdlərin təsəvvüründə obrazı sözlə canlandırmalı, yəni əyaniləşdirəli, şagirdi hadisələri fəal hiss etməyə, düşünməyə və öz həyəcanını nitqdə ifadə etməyə sövq etməlidir