Vəziyyət (situasiya) üzrə praktikum. Bu üsul hər hansı oxu materialını öyrəndikdən sonra tətbiq edilən üsuldur. Göstərilən üsul şagirdlərdə öyrənilən material üzrə müəyyən bilik və təcrübənin olmasını nəzərdə tutur.
Qar topası üsulu. Bu üsul hər bir şagirdə ümumi işə öz töhvəsini vermək imkanı yaradır. Qar topası üsulu şagirdlərə öyrənilən mətn ilə bağlı öz baxışlarını formalaşdırmağı, onu söyləməyi və müdafiə etməyi, birgə qərar qəbul etməyi, güzəştə getməyi öyrədir. Üsul bir neçə mərhələdən ibarətdir:
I mərhələ. Şagirdlərin fərdi işi.
II mərhələ. Qruplarla iş.
III mərhələ. Ümumiləşdirmə və qərarın hazırlanmasında bütün sinfin iştirak etməsi.
Fəal təlim metodlarından istifadə ilə dərslərin təşkili metodikası
Qiymətləndirmənin aparılmasında məqsəd təlimin keyfiyyətini yaxşılaşdırmaq, tədris prosesinin səmərəliliyini təmin etmək, şagirdin fəaliyyətinin inkişafını izləmək və istiqamətləndirməkdən ibarətdir.
Qiymətləndirmənin üstünlükləri:
✓ şagirdin bilmədiklərini və ya bacarmadıqlarını aşkar etməyə deyil, bilik və bacarıqlarını göstərməyə xidmət edir;
✓ müəllimə planlaşdırmanın, təlim strategiyalarının təcrübədə nə dərəcədə səmərəli olduğunu müəyyən etməyə imkan yaradır;
✓ habelə kiçikyaşlı məktəblilərin nəzərdə tutulan təlim nəticələrinə nail olmalarını təmin etmək üçün lazım olan dəyişiklikləri həyata keçirməyi şərtləndirir;
✓ şagirdlərin özünəinamını və irəli getmək səylərini möhkəmləndirərək müsbət emosional şərait yaradır.
✓ qiymətləndirmə şagirdlərin təlim fəaliyyətinə dair toplanmış bilik, bacarıq və vərdişlərinə görə vaxtaşırı aparılır;
✓ hər bir şagirdin xüsusi ehtiyaclarına, öyrənmə üsuluna və inkişaf mərhələsinə həssaslıqla yanaşmanı əks etdirir.
✓ qiymətləndirmə zamanı şagirdin müəyyən şəraitdə fəaliyətinin nəticələri qiymətləndirmənin obyektinə çevrilir;
✓ qiymətləndirmə zamanı şagirdin hərtərəfli inkişafı nəzərə alınır;
Qiymətləndirməsisteminə aşağıdakılar daxildir.
➢ qiymətləndirmə üsulları (onların çeviklik, uyğunluq, fərqləndirilmə dərəcəsi və s.);
➢ qiymətləndirmənin ümumi meyarlarının məzmunu.
Nitq inkişafı üzrə işin qiymətləndirilməsi şagirdlərin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:
• şagirdin irəliləyişlərinin izlənilməsi;
• təlim prosesində qərarların qəbulu;
• şagirdin təlim nəticələrinin qiymətləndirilməsi.