2.Nitq məntiqi olmalıdır. Nitqin məntiqiliyi ifadə olunan fikirlərin plan üzrə, ardıcıl verilməsi deməkdir. Bu prosesdə hadisələr arasında zaman, səbəb-nəticə əlaqələri gözlənilməlidir: məsələn, “Qış gəldi. Havalar soyudu. Qar yağdı. Hər tərəf ağ örtüyə büründü” və s. Məntiqilik cümlədə sözlərin, mətndə cümlələrin düşünülmüş ardıcıllığını tələb edir. Hər bir yeni fikir sonrakı üçün zəmin yaratmalıdır.
3.Nitq aydın, dinləyici və oxucu üçün anlaşıqlı olmalıdır. Nitqin inkişafı təfəkkürün inkişafı deməkdir. Şagird aydın təsəvvür etmədiyi bir əşya haqqında dumanlı şəkildə danışacaqdır. İfadənin qeyri-dəqiqliyi və dolaşıqlığı, əlbəttə, fikrin dolaşıqlığından meydana çıxır. Nitqin aydınlığı fikrin tam və ardıcıl ifadə olunmasını, başqa sözlə, cümlədə sözlərin sırasının fikri düzgün ifadə edə bilməsini tələb edir. Nitqdə dialektizmlərin işlənməsi, qrammatik səviyyədə səhvlərə yol verilməsi onun aydınlığının pozulması ilə nəticələnir.
4.Nitq dəqiq olmalıdır. Nitq şagirdin əhatə edən varlığın əşya və hadisələri haqqında eşitdiklərini və gördüklərini düzgün əks etdirməlidir. Şagird sinonimlər cərgəsinə daxil olan sözlərin (məsələn, gözəl, qəşəng, yaraşıqlı, qoca, yaşlı, ağsaqqal və s.) hər birindən məqamına görə istifadə etməyi bacarmalıdır.
5.Nitq ifadəli olmalıdır. Nitqdə intonasiya, fasilə, məntiqi vurğuya əməl olunmalıdır ki, fikir dinləyiciyə ifadəli çatsın. Nitq öz yığcamlığı, obrazlılığı ilə dinləyiciyə güclü təsir göstərməlidir. Şagird gərək fikrini oxuduğu mətnlərdən, əzbərlədiyi şeirdən obrazlı söz və ifadələri istifadə etməklə deyil, özünün düşünülmüş, gözəl ifadələri ilə sadə şəkildə deməyi bacarsın.Təəssüratın sadə, yaradıcı şəkildə verilməsi onun ifadəliliyinə və aydınlığına səbəb olur.
6.Nitq düzgün olmalıdır. Nitq ədəbi dilin normalarına uyğun, qrammatik cəhətdən düzgün olmalı, hər bir cümlə sintaktik tələblərə cavab verməlidir. Şifahi nitqdə orfoepik normalar, yazılı nitqdə orfoqrafik normalar gözlənilməlidir.
7.Nitq təmiz olmalıdır. Nitqin təmizliyi ədəbi dilimizə yad olan söz və ifadələrin işlənməsinin qarşısının alınmasını tələb edir. Dilimizə mənfi təsirlərin mənbələri müxtəlifdir. Şagirdin yerli-yersiz başqa dillərin sözlərindən, dialekt və şivələrdən, kobud, vulqarsözlərdən istifadə etməsi nitqin təmizliyini pozur.