Nitq nöqsanlarının islahı nitqin inkişafı üzrə işin əsası kimi
Nitq inkişafı anlayışı öz həcmi və məzmunu etibarilə çox geniş anlayışdır. Şagirdin nitqinin inkişaf etdirilməsi dedikdə, dili mənimsəməkdə ona kömək göstərmək, bu məqsədlə nitq orqanlarını məşq etdirmək, dilin leksik və qrammatik işarələrinin başa düşülməsini asanlaşdırmaq, söz, söz birləşməsi və cümlə kimi dil vahidlərinin nitqdə işlədilmə ənənəsini aşılamaq, nitq nöqsanlarını islah etmək, nitqi dialektizmlərdən, ədəbi dilə yad üsürlədən təmizləmək və s. nəzərdə tutulur. Birinci sinfə qəbul edilmiş uşaqların nitqi üzərində aparılan müşahidələr göstərir ki, ailədən məktəbə gələn uşaqlarla uşaq bağçasından məktəbə gələn uşaqların nitqi arasında ciddi fərqlər vardır. Odur ki, ibtidai siniflərdə, I sinifdən başlayaraq şagirdlərin nitqi üzərində məqsədli, ardıcıl, planlı iş aparılmalı, nitq nöqsanlarının aradan qaldırılması üçün onların nitqinə nəzarət təşkil edilməlidir.
Şagirdlərin nitqinin inkişafı üzrə işi səmərəli təşkil etmək, düzgün nitq bacarıq və vərdişləri yaratmaq, nitq inkişafı üzrə işə nəzarət etmək üçün müəllim dilçilik elminin nailiyətlərinə istinad etməlidir.
İbtidai siniflərdə Azərbaycan dilinin tədrisdə şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək, ünsiyyət bacarıqlarını formalaşdırmaq, ən zəruri qrammatik anlayışları və dil konstruksiyalarını mənimsətmək, şifahi nitq bacarıqlarını, yazı texnikası və yazılı nitqi, dinləyib-anlama vərdişlərini inkişaf etdirmək üçün müəllimmüxtəlif üsul və vasitələrdən istifadə etməlidir.
I-IV sinif şagirdlərinin nitqinə nəzarət nitq inkişafı üzrə işin dinamikasını aydın şəkildə təcəssüm etdirir. İlk vaxtlarda şagirdlərin lüğət ehtiyatı çox “kasıb” olur, bununla yanaşı, onlar dilimizdə qarşılığı olan alınma sözlərdən istifadə edirlər: məsələn, astanovka(dayanacaq), ventilyator(sərinkeş), xaladelnik(soyuducu), marojna (dondurma), plyaj (çimərlik) və s. İbtidai sinif şagirdləri bəzən nitqdə qaçdı əvəzinə qaza basdı, yedi əvəzinə tıxdı və s. kimi kobud sözlərdən istifadə edir, şey, zad, deməli, necə dəyərlər və s. kimi söz və ifadələri tez-tez işlədirlər. Bu cür hallar nitq inkişafı üzrə işin təşkilində çətinliklər yaradır, belə qüsurların islahı gərgin əmək, səy və çox vaxt tələb edir.Cümlə quruluşunda olan nöqsanlar da(Kitab aldım mən. Getdim mən babamgilə. Dəcəldir uşaq. Əlaçıdır qardaşım və s.) diqqətdən kənarda qalmamalı, müəllim öz nitq nümunəsi və düzəlişləri ilə bu nöqsanların qarşısını almalı, cümlədə sözlərin(Mən kitab aldım. Mən babamgilə getdim. Uşaq dəcəldir. Qardaşım əlaçıdır vəs.) hansı ardıcıllıqla düzülməsini praktik şəkildə mənimsət-məlidir. Bununla yanaşı, nitq inkişafı üzrə işin düzgün təşkili üçün müəllim valideynlərə şagirdlərin nitqinə nəzarətin təşkilinə dair tövsiyələr verməlidir.Şagirdlərin nitqinə nəzarəti formalaşdırmaq üçün nitqin forma və məzmununun vəhdəti əsas götürülməlidir.Cümlənin quruluşu və onun məzmunu bir-birini tamamlamalıdır. Bu, nitqə nəzarətin təşkili, şifahi və yazılı nitqin inkişafı vacib şərtdir.
İbtidai siniflərdə şagirdlər şifahi və yazılı nitq arasındakı qarşılıqlı əlaqəni dərk etməli, nitqin şifahi formasından yazılı formasına və əksinə keçməyi bacarmalıdırlar.