Fəal/interaktiv təlim idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusudur. Fəal/interaktiv təlimin mexanizmi üçün aşağıdakı cəhətlər səciyəvidir:
Problemli vəziyətin yaradılması. Şagird problemlə qarşılaşdırılır, onun problemi həll etməyə yönəldilməsi nəticəsində idrak fəallığı yaranır.
Dialoqun və əməkdaşlığın zəruriliyi. Fəal təlim dialoji şəraitdə, əməkdaşlıq şəraitində keçirilir.
Şagird-tədqiqatçı, müəllim-fasilitator. Fəal təlim zamanı şagird tədqiqatçı, müəllim isə bələdçıdir.Şagirdlər bilikləri müstəqil şəkildə tədqiqat zamanı əldə edirlər.
Psixoloji dəstək, hörmət və etibar. Şagirdlərin idrak fəallığını saxlamaq üçün müəllimin psixoloji dəstəyi lazımdır. Fəal təlimdə müəllimin xeyirxah münasibəti, şagirdlərə hörmət və etibarı, onların bacarığına inamımühüm şərtdir.
Şagirdlərin biliklərə yiyələnməsi kommunikativ bacarıq və vərdişlərdən çox asılıdır, çünki hər bir fənnin tədrisi nitqlə həyata keçirilir, nitqlə reallaşır. Ona görə də nitq inkişafı üzrə işin təşkili prosesində aşağıdakı cəhətlər diqqət mərkəzində saxlanmalıdır:
• nitq fəaliyyəti növlərinin (dinləyib–anlama, danışma, oxu, yazı) qarşılıqlı əlaqəsinin nəzərə alınması;
• dialoji nitq istiqamətinin nəzərə alınması;
• monoloji nitq istiqamətinin nəzərə alınması.
Fəal təlim metodları əsasında təşkil olunmuş dərs üç əsas mərhələdən keçir:
1. Düşünməyə yönəltmə mərhələsi. Bu mərhələdə fəaliyyətin bir neçə mühüm dərketmə növü həyata keçirilir. Əvvəla, şagirdlər verilmiş mövzular haqqında biliklərinin bərpasına nail olurlar. Bu, onları öz biliklərini təhlil etməyə və araşdıracaqları mövzu haqqında düşünməyə məcbur edir.
2. Dərketmə mərhələsi. Bu mərhələdə şagird yeni informasiya və ideyalarla təmasda olur. Bu təmas mətnin oxunması, nağıletmə, çıxışın dinlənilməsi, dialoji və monoloji nitq nümunəsinin təşkili, filmə baxılması, səhnələşdirmə, rollu oyun və s. formasında ola bilər.
3. Düşünmə mərhələsi. Bu zaman şagirdlər yeni qazandıqları bilikləri möhkəmləndirir və öz təsəvvürlərini yenidən qururlar ki, bunlara yeni anlayışları da daxil edə bilsinlər. Dərsin düşünmə mərhələsində bir neçə mühüm məqsədə nail olmaq planlaşdırılır: birinci, şagirdlər yeni ideyaları və informasiyanı öz sözləri ilə ifadə etməyə çalışmalıdırlar, ikinci, şagirdlər arasında canlı fıkir mübadiləsi yaradılmalıdır. Nəticədə, şagirdlər nitqini düzgün qurmaq, ekspressiv (təsirli) söz ehtiyatını genişləndirmək, digər şagirdlərin fikirləri ilə tanış olmaq imkanı əldə edirlər.
İnteraktiv təlim metodları həmçinin sinif otağının həmişəki tərtibatından, məşğələlərin təşkilinin adət etdiyimiz qaydasından imtina olunmasını tələb edir. Odur ki, şagird masalarının sinif otağında yerləşdirilməsinin dörd əsas forması vardır:
1. “Sinif” forması – ənənəvi qayda .
2. “Kafe” forması (“diskussiya klubu”). “Kafe” forması qruplarla iş üçün əlverişlidir.
3. “U” hərfi formasında sinif. “U” hərfi forması rollu oyunlar zamanı, tanışlıq vaxtı, diskussiyaların gedişində daha səmərəlidir.
4. “Dairə” formasında sinif. “Dairə” forması müxtəlif diskussiyaların, dairəvi masaların keçirilməsi üçün daha rahatdır.