Nitqin səs mədəniyyəti üzrə işin təşkili” dedikdə,nitqin səs mədəniyyəti, səs üzərində iş, nitqi eşitmənin inkişaf etdirilməsi, nitq tələffüzünün inkişafı üzərində işin təşkili, diksiya üzərində işin təşkili, nitq anlamanın inkişafı, danışıq nitqinin inkişafı, nitqin sürəti üzərində işin inkişaf etdirilməsini özündə birləşdirir. Y.Ş.Kərimov qeyd edir ki, uşaqlar səs mədəniyyətinə əsasən ünsiyyət prosesində yiyələnirlər. Onlara səs mədəniyyətini tərbiyə edərkən ilk növbədə sözlərin aydın, səlis, normal tempdə ədəbi tələffüz normalarına uyğun deyilməsi, danışarkən düzgün nəfəs almaq, ucadan cavab vermək, səsin yüksəkliyi, sürəti, məna vurğusu, fasiləni gözləməklə fonematik və nitq eşitməni inkişaf etdirmək lazımdır. Bu işləri müvəffəqiyyətlə həyata keçirmək üçün ilk növbədə nitq-hərəkət aparatının; fəal nitqin səs cəhətinin inkişafı; eşitmə diqqətini və nitqi eşitmənin inkişafı istiqamətində işlər aparılmalıdır. Bu prosesdə sözlərin aydın, səlis, ədəbi dil normalarına uyğun tələffüzü formalaşır.
Təcrübə göstərir ki, I sinfə gələn uşaqların bir qismi bəzi səsləri düzgün tələffüz edə bilmir və ya çətinlik çəkirlər. Belə ki, onlar nitq səslərinin bəzilərini düzgün tələffüz etmir, danışarkən səs buraxır, səs artırır, bir səsi başqası ilə əvəz edir. Bu da sözlərin mənasının təhrif olunmasına və nitq anlaşılmazlığına gətirib çıxarır. Nitq səslərinin düzgün tələffüz olunmaması uşaqların savad təlimində ciddi çətinliklərlə qarşılaşmasına səbəb olur, çünki məktəbə gələn hər bir uşağın nitqinə verilən tələblər sırasında fonematik eşitmə sahəsində aşağıdakı bacarıqlara malik olması nəzərdə tutulur:
1) nitq səslərini tələffüz edənin ağzına baxmaqla və uzaqdan eşitməklə fərqləndirə bilmək;
2) ayrılıqda və heca daxilində səsləri düzgün tələffüz etmək üzrə ilkin vərdişlərə yiyələnmək;
3) sözdə səsin yerini (əvvəldə, ortada, axırda) müəyyənləşdirməyi bacarmaq;
4) nitq səslərinin hansı quş, heyvan, əşya səsinə oxşadığını müəyyənləşdirməyi bacarmaq;
5) yerindən asılı olaraq səsləri uzun və qısa tələffüz etməyi bacarmaq;
6) sadə sözləri ədəbi tələffüz normalarına uyğun deməyi bacarmaq;
7) sözlərdə səs düşümü, səs artımı, bir səsin başqası ilə əvəz olunması, səslərin yerinin dəyişməsi hallarına yol verməmək;
8) cümləni sözlərə, sözləri hecalara ayırmağı bacarmaq;
9) nitqdə dialektizmlərə yol verməmək və s.
Səslərin düzgün tələffüzü, qarışdırılmaması düzgün nitq üçün mühüm şərtdir.
M.A.Rıbnikova tələffüz texnikası məşğələləri üçün xüsusi vaxt ayırmağı məsləhət görürdü. O, qeyd edirdi ki, “...inkişaf etməmiş, qeyri-dəqiq nitq səslərinin qarışdırılması, aydın olmayan diksiya, sait və samitlərin kifayət qədər ayrılmaması ilə fərqlənir. Nitq üzərində iş fonetik dəqiqliyin inkişafını öz qarşısında bir vəzifə kimi qoymalıdır”.
Uşaqların ünsiyyətə və savad təliminə müvəffəqiyyətlə qoşulması üçün düzgün səs tələffüzünə yiyələnmənin əhəmiyyəti böyükdür. K.D.Uşinskinin dediyi kimi dil hər cür əqli, inkişafın əsası və bütün biliklərin xəzinəsidir. Uşaq ana dilində nə qədər tez, düzgün və təmiz danışmağı, öz fikrini başqasına asanlıqla çatdırmağı öyrənərsə, qarşılıqlı anlaşma və müvəffəqiyyətlə təhsil alma o qədər asanlaşar.