Nizami Gəncəvi (1141-1209)


Nizami Gəncəvinin fəlsəfi görüşləri



Yüklə 32,68 Kb.
səhifə3/10
tarix29.12.2021
ölçüsü32,68 Kb.
#48643
1   2   3   4   5   6   7   8   9   10
Nizami Gəncəvi

Nizami Gəncəvinin fəlsəfi görüşləri. Hər bir böyük sənətkar öz yaradıcılığında üç ədəbi-fəlsəfi konsepsiyanı şərh etmək istəyir: dünya nədir, insan kimdir, zaman nədir. Bu konsepsiyalarda insanın daxili aləmini, dünyanın yaranışını və insan-zaman kəsişməsini şərh edə bilən sənətkar əbədi yaşamaq hüququ qazanır.

Məlumdur ki, Azərbaycanda və ümumiyyətlə, müsəlman ölkələrində ərəb və fars dilləri uzun bir dövrdə dominant olmuşdur. Təhsilin ərəb dilində olması milliyyətcə başqalarının, o cümlədən azərbaycanlıların bu dildə əsərlər yazmasını mütləqləşdirirdi. Bu ənənə XIX əsrə qədər davam etmişdir, hətta Abbasqulu ağa Bakıxanov (1794-1847) belə, öz fəlsəfi əsərlərini “Əsrarül-mələkət” ərəb dilində yazmışdır. Azərbaycanda fəlsəfi fikir o dövrün müsəlman dünyası fəlsəfi fikri ilə sıx bağlı olmuşdur.

Nizaminin əsərlərində boş bir misra belə, yoxdur. Böyük şairin əsərlərində son fikir şairin özünə məxsusdur və müəyyən ictimai-fəlsəfi mündəricə daşıyır. Məsələn, “Sultan Səncər və Qarı” hekayətində son olaraq Nizami, Qarının dili ilə deyir: “Darğaların məni döydü, söydü, mənim abrım getdi, sənin ədalətin”.

Padşah “varlığın ilk tarixindən” danışmaq üçün birinci sözü Ərəstuya verir. Ərəstu –Aristotel, məlum olduğuna görə, həm “Metafizika” yazıb, həm də “Poetika”. Sonuncu əsər filoloji nəzəriyyədə dərslik rolu oynayır və bu gün də əhəmiyyətini itirməyib. Onun məşhur kəlamı vardır: “Platon mənim dostumdur, ancaq həqiqət dostluqdan üstündür”.

Ərəstunun dedikləri bugünkü heliosentrik nəzəriyyəyə yaxındır. Bu gün belə düşünülür ki, əvvəl, xaos olub, sonra kosmos yaranıb, daha sonra bizim planetlər Günəş ətrafında düzülüş-nizam mərhələsinə gəliblər.

Nizami, filosofun Göy, Yer, – dörd ünsür – od, su, torpaq və hava, daha sonra bitkilər və nəbatat haqqında fikirlərini poetik dillə təqdim edir. Bu və bundan sonra da görəcəyik ki, Nizami filosofların fikirlərini oxucuya təqdim edərkən həm onların yaradıcılığına bələdliyini nümayiş etdirir, həm də onlara yaradıcı münasibətini göstərir.

Ərəstunun mərkəzəqaçma anlayışı çox mütərəqqi bir anlayış olmuşdur. Məlumdur ki, mərkəzəqaçma mexanizmi cisimlərin kütlə sıxlığını müəyyən edir və kiçik cisimlər böyük cisimlər tərəfindən cəzb edilir. Ay Yerin təbii peykinə, planetlər Günəşin təbii peykinə çevrilir. Bu zaman böyük cisim kiçik cismi cəzbetmə trayektoriyasına salır.

Nizaminin dedikləri maraq doğurur. Nizami də bir sıra şairlər və filosoflar kimi kainatın yaradılışının, dərkinin çətin bir iş olduğunu qeyd edir: “Nizami, bu qapı açar götürməz” – yəni yaradılışı dərk etmək çətindir. Doğrudan da, materiya və ruh bir-birində üzvi surətdə mövcuddur. Ruh nə qədər ki, hərəkətdədir, materiyanı hərəkət elətdirir. Kainatda bütün flora və fauna canlıdır, özündə o ruhu yaşadır. Ağaclar, çiçəklər daxil, hamısına duyğular verilib. Fəlsəfənin bütün kateqoriyaları və qanunları təbiət və cəmiyyətə sirayətdir. Alov – közün ruhudur, alov (ruh) o közdən çıxandan sonra yerində kömür (çəsəd) qalır.

Nizaminin fikrincə, Allah heç cür dərk oluna biləcək mahiyyət və açıla biləcək sirr deyildir. Bütün aləmi yaradan, bir ovuc zəif torpağı qüdrətli bit varlığa çevirən odur. O Xaliqdir. Əbədidir. Dəyişməzdir. Tək o deyə bilər “həqq mənəm”, tək o pərəstişə layiqdir. Allahın qulu olmaq insanın ağalığı və böyüklüyüdür.

Nizami dünyasında Allahdan uca, ondan ali heç nə yoxdur. Ona görə də o, dünyanın doqquzuncu qatında bərqərar olmuşdur. Həm məkan, həm də məna baxımından Xaliq ən uca zirvədə dayanmışdır. Məkan yüksəkliyi burada mənəvi yüksəkliyin ifadəsidir. Nizami dünyasında ruhun məqamı həmişə uca olmuşdur. Bu baxımdan, yəni ruhla vücudun nisbətini nəzərə alaraq, Nizami Məhəmməd peyğəmbəri ilahi məqamdan aşağıda olan ən uca zirvələrdən biri kimi mənalandırılır. Göyün doqquzuncu qatına, yəni Allahın dərgahına yüksəlmək də yalnız ona nəsib olmuşdur. Allahın şamını o, öz ürəyində yandırmışdır.

Şairin fəlsəfi düşüncələrinin ən çox ifadə edildiyi əsəri “Sirlər xəzinəsi” poemasıdır. “Sirlər xəzinəsi”ndə dəyərlər və hikmətlər ardıcıllığı belədir: birinci yerdə və ən yüksəkdə Allah durur və şair əvvəlcə Allaha sitayiş edir; sonra peyğəmbər gəlir və şair Məhəmməd peyğəmbərin tərifini verir; üçüncü yerdə şah durur və Nizami Bəhram şaha öz sitayişini izhar edir; sonra şair haqqında və sözün hikməti haqqında fikirlər söylənilir; nəhayət, adi insan haqqında və insanın ruhi mahiyyəti haqqında söhbət gedir, ruhun məskəni olan qəlbin tərbiyəsi tərənnüm olunur. Bununla da əsərin giriş hissəsi bitir. Əsas hissədə isə insan mövzusuna müraciət olunur və iyirmi məqalənin hamısı bu mövzuya həsr olunur.

“Sirlər xəzinəsi”nin birinci məqaləsində ilk insanın, yəni Adəmin yaradılmasından və onun aqibətindən söhbət açılır. Deməli, yalnız birinci məqalədən etibarən əsas mövzu insan mövzusu olur. Ona qədər isə poemanın giriş hissəsində əsas mövzu Allah və ilahi hikmətlər mövzusu idi. İlahi hikmətlərin vəsfindən sonra şair insani hikmətlərin təsvirinə müraciət edir.

Bütün əsər boyu keçən və onun ana xəttini təşkil edən mövzu isə insan mövzusudur. Bu mövzunun müxtəlif tərəfləri ayrı-ayrı məqalələrdə öz bədii-estetik şərhini tapmışdır. İnsan, onun dünyaya gəlməsi və ölümü, onun ilahi və təbii mahiyyəti, həyata və ölümə, Allaha və özünə münasibəti, ruhi kamilləşmənin yolları, ali xəyallar, dünyanın vəfasızlığı və həyatın faniliyi, mənəvi xüsusiyyətlər – insaf, ədalət, təmənna, paxıllıq, sədaqət, xəyanət və s. məsələlər geniş təhlil olunur.

“Sirlər xəzinəsi”ndə Nizami bitkin insan konsepsiyası yarada bilməmişdir. O səbəbdən də burada vahid baş qəhrəman obrazı yoxdur. İnsan haqqında rəngarəng və məzmunlu bədii-fəlsəfi miniatürlər vardır. Hər halda insan problemi bu əsərin ana xəttini təşkil edir. Bu baxımdan diqqəti çəkən bir haldır ki, birinci məqalə insanın yaranması və Adəmin aqibəti haqqındadır. Adəmin timsalında Nizami insan üçün bütün xarekterik vəziyyətləri göstərmişdir. Sonrakı məqalələrdə isə Adəm övladlarının yer üzündəki keşməkeşləri təsvir olunur.



1. “Rəiyyətə hüsni-rəğbət haqqında”. Satirik səciyyəli bu məqalədə Nizami insanın qüsurlarından söz açır. Onlardan ən böyüyü ədalətsizlikdir. “Heç bir hünər ədalətdən gözəl deyildir”. “Qarı və Sultan Səncərin hekayəsi”ndə sahibi-zaman şahla gücsüz və kimsəsiz qarı üzləşdirilir və qarı şaha üstün gəlir, çünki haqq onun tərəfindədir.

2. “Qocalıq haqqında”. Qocalıq labüddürsə, onda cavanlıqla öyünmək mənasızdır. Qocalıq cavanlığın ötəriliyini təsdiq etməklə göstərir ki, həyat həvəsləri və nəşələri mənəvi güzəştlərə dəyməz. “Kərpiçkəsən qocanın hekayəsi” bu fikri bir daha təsdiq edir.

3. “Mövcudata etibar haqqında”. Mövcudatdan xilas olmağın yolu ruha tapınmaqdır. Bədənə yox, cana və onun məskəni olan ürəyə qulaq asmaq gərəkdir.

4. “İnsanın başqa heyvanlardan üstünlüyü haqqında”. Ruha xidmət insanı həvəs əsiri olan otyeyəndən fərqləndirən başlıca xüsusiyyətdir. Ruha xidmət insanlıq şərəfinin dayağıdır.

“Firudin və ahunun dastanı”nda ova çıxmış şah ahunun gözəlliyinə valeh olub onu ovlaya bilmir, onun oxu hədəfə dəymir. Gözəlliyi sevmək, gözəlliyə xidmət insanlığın ümdə sifətlərindən biridir.



5. “Yaranış haqqında”. Allah dünyanı gözəl yaratdı. İnsan onu eybəcər hala saldı. Dünya saf ilahi nurdan yaranmış bir güzgüdür. Lakin o, “Sənin soyuq nəfəsindən xələl tapdı”.

Bu məqaləni Nizaminin insana yazdığı həcv də adlandırmaq olar. Şair insanı gah göylərə qaldırır, gah da yerə çırpır. İlahi xilqət kimi insan möhtəşəmdir, təbii varlıq kimi o qüsurludur.



6. “Ali xəyallar və yüksək niyyətlər haqqında”. Bu məqaləni insan haqqında mədhiyyə adlandırmaq olar. İnsan torpaqdan yaranmış olsa da, o, ali varlıqdır, çünki aqibət haqqında düşünməyə qadirdir. O, ömür yolunu düşünə-düşünə keçir.

İlahi ruhla torpağın vəhdətindən ibarət olan insan yerlə göy arasında tərəddüd edir, nə göydə, nə də yerdə qərar tuta bilir. Nizami yerə enmiş göylər sakini olan insanı yenidən göylərə qaldırmaq yollarını arayır.

“Tövbəsini pozan zahidin hekayəsi”ndə məhz belə bir alçalış-yüksəliş təsvir olunur. Məscid əhli meyxanəyə düşür. Həvəs imana üstün gəlir. Alçalmış insan öz aqibətini qəzavu- qədərdən görür. Lakin şairin fikrincə isə insan özünə haqq qazandırmaq əvəzinə “üzr qapısını” döysə yaxşıdır.

7. “Dünyanın axırı haqqında”. Dünya, o cümlədən insanlar da, daim hərəkətdədir. Həyat adlanan bu əbədi vurnuxma ölümlə müqayisədə çox mənasız görünür. Sanki “Yer dəli olmağa məhkum olub”. Sanki dünya insana qarşı üsyan edir.

8. “Çevik olmaq haqqında”. Həyatın keşməkeşlərindən baş çıxarmaq üçün onu dərindən anlamaq və fərasət göstərmək lazımdır.

“Yaralanmış uşağın hekayəsi”ndə ağıllı düşmənin nadan dostdan üstün olduğu nümayiş etdirilir.



9. “Pərəstiş və təcrid haqqında”. Dünya malını sevmək və ona nəsib olmaq heç də rahatlıq və xoşbəxtlik demək deyil. Var-dövlətin də öz qayğıları var. Kosa bir-birinin saqqalını yolan iki kişinin davasını görüb şükür edir ki, onun saqqalı yoxdur. Dünya nemətlərindən imtina etməyin öz üstünlükləri var.

10. “Axirəti qarşılamaq haqqında”. Bu dünya “qaranlıq səhradır”, “kükürd cəhənnəmidir”. Buradan tez köçmək lazımdır. Dünyaya vurulub təbiətə bağlanmaqdansa, ondan əl çəkib şəriətə qovuşmaq yaxşıdır.


Yüklə 32,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin