§ 3.2. I Şah Təhmasibin dövründə Səfəvi-Osmanlı müharibələri 1514-cü il Çaldıran müharibəsindən sonra Osmanlılarla
Səfəvilər arasında sülh bağlanmamışdı. I Sultan Süleymanın
dövründə Osmanlı dövləti Azərbaycanı işğal etmək siyasə-
tindən əl çəkməmişdi. I Şah Təhmasib hakimiyyətə keçəndə I
Sultan Süleyman nəinki onu təbrik etməmiş, hətta təhqir və təh-
didedici məktub göndərmişdi. 1526-cı ildə I Sultan Süleyman
43
Azərbaycan Səfəvi dövləti üzərinə hücum etməyi nəzərdə tutsa
da, Macarıstanı ələ keçirmək üçün Avstriya ilə başlanmış
müharibə I Sultan Süleymanın Şərqə doğru yürüşünü dayan-
dırdı. 1533-cü ildə Macarıstanın bölüşdürülməsi ilə əlaqədar
Avstriya kralı ilə sülh barışığı I Sultan Süleymanın Səfəvilərlə
müharibəyə başlamasına şərait yaratdı. Səfəvilərə qarşı yürüşə
hazırlaşan Sultan Süleyman Səmərqənd xanı Əbu Səidə,
Buxara xanı Übeydullaha, Türküstan xanı Abdullaha məktub
göndərərək onları Səfəvilərə qarşı müharibəyə təhrik edirdi.
İraq-i Ərəb və Kürdüstanın sünni hakimlərinin bir hissəsi
Osmanlı dövlətinə meylli idi. Osmanlı sultanı Asiya ilə Avropa
arasında ticarətdə mühüm əhəmiyyət kəsb edən İraq-i Ərəbi,
həmçinin dənizlərə çıxaraq Bəsrə körfəzi ilə Xəzər dənizi
arasındakı əraziləri ələ keçirmək istəyirdi. Osmanlılar Ərəb İra-
qına sahib çıxmaq istəyirdilər. Ona görə də İraqda qızılbaşlara
qarşı baş verən hadisələrdə osmanlıların əli vardı. 1528-ci ilin
yazında Luristan hakimi Zülfüqar xan Səfəvilər əleyhinə üsyan
qaldırdı, Bağdada hücum edib dayısı İbrahim xan Mosullunu
öldürdü, Ərəb İraqını özünə tabe edərək Bağdad şəhərinin
açarlarını Osmanlı Sultanına göndərib onun tabeliyinə keçdi.
1529-cu ildə I Şah Təhmasib Bağdadı mühasirəyə aldı, iyun
ayının 10-da Zülfüqar xan şahın tərəfdarları tərəfindən öldürül-
dü və qala qapılarını açıb şahı şəhərə buraxdılar. Şah şəhərin
idarə olunmasını Məhəmməd Sultan Təkəliyə tapşırdı.1531-
1532-ci illərdə Üləma bəy Təkəli Diyarbəkirin Osmanlı hakimi
Fil Yaqub paşanın 50 minlik ordusu ilə Bidlisdən Şərəf xanı
çıxardı. Şərəf xan I Şah Təhmasibdən kömək istədi. I Şah
Təhmasib Osmanlı sarayına elçi göndərərək Üləma bəyi təslim
etməsini xahiş etdi. Osmanlı Sultanı şahın təklifini rədd et-
məklə bərabər Şərəf xanı tələb etdi. Osmanlılarla barışıq baş
tutmadığı üçün I Şah Təhmasib hücum edərək Bidlisi geri
qaytardı. Lakin 1533-cü ildə qızılbaş qoşununun Xorasana
Übeydulla xana qarşı yürüşə getməsindən istifadə edərək,
44
Üləma bəy yenidən Bidlisə hücum edərək şəhəri ələ keçirdi,
Şərəf xan öldürüldü.